Türkiyə yeni dönəmdə: nəticələr Azərbaycan üçün də maraqlıdır – TƏHLİL
Bizi izləyin

Nida.az

Türkiyə yeni dönəmdə: nəticələr Azərbaycan üçün də maraqlıdır – TƏHLİL

Ötən bazar günü Türkiyə üçün son 10 illik tarixində ən pis istirahət günü oldu. Parlament seçkilərinin nəticələri zaman-zaman ən qarışıq məkanlar sırasına liderlik edən bu ölkənin çıxdığı düz yolu yenidən qarışdırdı.
Türkiyə xaosa gedir? Qutudan çıxan səslər bu sualın cavabını verdi.


Hakim partiya AKP 41,4, CHP 25, MHP 16,2, HDP 13,4 faiz səs topladı.


“Seçkinin tək qalibi HDP oldu


Türkiyədə yaşayan azərbaycanlı siyasi şərhçi Toğrul İsmayıl bu sözlərində haqlıdır. Seçkinin yeganə qalibi tarixində ilk dəfə seçkiyə qatılan və baryeri aşan HDP oldu.


AKP gözlənildiyinin əksi ilə qarşılaşdı. Əslində ümumi müşahidə 13 illik hakimiyyəti dönəmində bu partiyanın ən zəif dövrünü yaşadığını göstərir. Ədalət və inkişaf deyənlərin lideri Rəcəb Tayyip Ərdoğan prezident postuna getdi, partiyanı hazırkı Baş nazir Əhməd Davudoğluna tapşırdı. Seçki kampaniyasının başında da “yeni osmançılıq” nəzəriyyəsini gündəmə gətirməklə Qərbi narahat etməyi bacaran keçmiş pedaqoq dayanmışdı. Davudoğlu güclü siyasətçidir, lakin nəticələr onun güclü lider ola bilmədiyini göstərdi. Ərdoğanın bələdiyyə seçkilərini təkbaşına udması da bunu deməyə əsas verir. Bu həm də onu deməyə əsas verir ki, şərqli Türkiyə təfəkkürü üçün liderlik fenomeni əsasdır.

Təbii ki, AKP-nin az səs toplamasının bir çox lokal səbəbləri də mövcuddur. Misal üçün, kampaniyanın düzgün qurulmaması, yerlərdə namizədlərin doğru seçilməməsi və s. Lakin burda daha qlobal və böyük səbəblər var.


Türkiyəli analitiklər HDP-nin qalibiyyətinin arxasında iş adamı Aydın Doğan faktoru və onun media qrupunun dayandığı fikirlərini ortaya atıblar. Məntiqlidir, çünki onu imperatorluq taxtından salan Ərdoğan Doğan üçün həmişə potensial təhlükə olub və keçmiş imperator AKP-ni yıxmaq üçün həmişə məqam gözləyirdi. Ona bu işdə ittifaqa girdiyi Gülən camaatı da xüsusi yardım etdi. Əslində hər iki qüvvənin hədəfi eyni idi və həyatın qanunu olaraq onlar birləşmişdilər. Kürdlərin baryeri aşması və bir çox strateji yerlərə yiyələnməsinin sadə məntiqi var. Türkiyədə Gülən və Doğan elektoratı AKP elektoratından az olsa da, mövcuddur. Həmin elektorat HDP-nin namizədlərinə səs verdi. Eyni zamanda, bu işə külli miqdarda pul xərcləməklə istənilən nəticə əldə olundu.


Əsas hədəf AKP-nin təkhakimiyyətlilik şansını yox etmək idi. Bu yolda HDP ən optimal seçim oldu. Çünki CHP və MHP-nin bəlli elektoratı var. AKP-nin əsas yanlışı da məhz HDP-nin gücünü, daha doğrusu onun arxasındakı gücü nəzərə almamaq oldu. AKP-də, elə Türkiyədə də əksəriyyət HDP-nin baryeri aşacağını hesablamamışdı.

AKP-yə görə, CHP və MHP hazırki nəticələrdən bir-iki faiz aşağı, yaxud yuxarı səs toplayacaq, seçkilərdə ilk dəfə iştirak edən HDP isə baryeri aşa bilməyəcəkdi. AKP də hökuməti təkbaşına qurmaq üçün lazım olan 276 mandatı əldə edəcəkdi. Amma... Nəticə ortadadır.


Bu nəticə həm də Türkiyənin son vaxtlar artan regional gücünə qarşı qurulan plan idi. Çünki Ərdoğan hakimiyyəti gücləndikcə, Türkiyə ərəb dünyası yolunda müstəqil siyasət qurur, Qərbin düşmən elan etdiyi Rusiya ilə siyasi yaxınlaşma kimi addımlar atır. Müstəqil siyasət yolundakı addımları uzatmaq da olar.

Bu isə Qərbə sərf etmir. Qərblilərə görə, nə qədər zəif, sözəbaxan Türkiyə olsa, bir o qədər sərfəlidir. Ehtimallara görə, AKP təkbaşına hökuməti qursaydı, Türkiyə bütün diqqətini xarici siyasətə yönəldəcək, daha müstəqil addımlar atacaq və uzaq perspektivdə olsa belə, osmançılıq prinsipini genişləndirəcəkdi.


İndiki nəticələrsə bütün bunları Türkiyə üçün əlçatmaz edir. Belə ki, konstitusion hüquqa görə AKP 45 gün ərzində koalisiya hökuməti qurmalıdır. Bu variantda AKP-nin əsas rəqibi olan ana müxalifət partiyası CHP avtomatik olaraq sıradan çıxır. Onlar açıq şəkildə buna getmək istəmədiklərini bildirir.

Qərb AKP-nin HDP ilə koalisiyaya getməyini çox istəyərdi. Güman ki, bu məsələ siyasi kulislərdə müzakirə olunub. Lakin bu, AKP-nin avtomatik olaraq terrorçulara dəstək verdiyi iddialarını etiraf etməsi və partiyanın, eləcə də Türkiyənin uçuruma yuvarlanması olardı.

Ən real və optimal variant MHP ilə koalisiya hökuməti qurmaqdır. Bu fikir Türkiyə siyasi gündəminə hakimdir. Millətçilər hələlik razı olmasa da, qapını açıq saxlayıb.


Hər şey 45 gün ərzində bəlli olacaq. Lakin koalisiya hökuməti qurulacağı təqdirdə, Türkiyə əvvəlki gücünü itirəcək. Siyasi təcrübə göstərir ki, koalisiya hökumətləri olan ölkələr diqqəti daha çox daxili problemlərə yönəltməyə məcbur olur, xarici siyasət ikinci plana keçir və tədricən zəifləyir. HDP-ni gücləndirmək və Türkiyədə koalisiya hökumətinin qurulması Qərbin əsas hədəfidir. Türkiyədə koalisiya hökuməti qurulacağsa, bu AKP-nin Qərbə qarşı çıxaraq Rusiya ilə layihələndirdiyi “Türk axını”nı da avtomatik olaraq sıradan çıxaracaq. Çünki koalisiyada təmsil olunma ehtimalı olan bütün partiyalar Qərbə yaxındır. Bu isə Türkiyədə Rusiya faktorunu azaldacaq.


45 gün sonra nəticə əldə olunmayacağı təqdirdə, erkən seçkilərə gediləcək. Bu bəlkə də koalisiya hökumətindən daha optimal variantdır, lakin erkən seçkilərdə nəticələrin necə olacağı olduqca riskli addımdır və AKP hələlik bu variantı ən sona saxlayır.


Bütün hallarda Türkiyənin xaos dönəminə girdiyi dəqiqdir və bunun özü Azərbaycan olaraq bizim xeyrimizə deyil. Təbii ki, koalisiya hökuməti qurulacağı təqdirdə, bunun AKP-MHP olması Azərbaycan üçün də yaxşı olardı. Lakin Qərbin hədəfi olan zəif Türkiyə regionda kartların qarışmasına səbəb ola bilər. İlk növbədə, Türkiyənin başı daxili problemlərinə qarışacağı təqdirdə, Dağlıq Qarabağ məsələsində Azərbaycana verəcəyi dəstək azala bilər. Digər tərəfdən regionda yeni güclənən Azərbaycan-Türkiyə ittifaqının perspektivləri azalar.
Ən təhlükəli məqamsa, HDP-nin TBMM-də Ermənistanla sərhədlərin açılması fikrini dəstəkləməsidir. Gülən – Doğan, ümumilikdə Qərbin kürdlərin Türkiyə parlamentində kök atmasına çalışması bu ehtimalı gücləndirir. Sərhədlərin açılması məsələsini əldə bayraq edən dairələr bunu HDP-nin əli ilə gündəmə gətirə bilər.

Türkiyənin gərgin keçən daxili prosesi Azərbaycanda diqqətlə izlənilir. Ortaya çıxacaq nəticənin necəliyi Azərbaycan üçün də vacibdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm