• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azay Quliyev: “Anti-Azərbaycan kampaniyasının arxasında Avropa Parlamentinin rəhbərliyi dayanır” – MÜSAHİBƏ

  • Nida.az
  • 10 İyun 2015 16:54
  • 380 Baxış
Azay Quliyev: “Anti-Azərbaycan kampaniyasının arxasında Avropa Parlamentinin rəhbərliyi dayanır” – MÜSAHİBƏ

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin Publika.az-a müsahibəsi:

– Son vaxtlar Qərbin bir neçə təşkilatları tərəfindən Azərbaycana qarşı qərəzli və böhtan xarakterli bəyanatlar verilir. Bu cür bəyanatlara münasibətiniz necədir?

– Biz bu cür hallarla bağlı dəfələrlə fikir bildirmişik. Onların məqsədləri Azərbaycanla bağlı qarşıya qoyulan məkrli planları icra etməkdir. Biz iki ay öncə də bu cür planları ifşa etmişdik. İndi bu təşkilatlar bütün güclərini Azərbaycana qarşı səfərbər ediblər. Həmin dairələr Azərbaycanın uğurlarına kölgə salmağa və beynəlxalq aləmdə rolunu kiçiltməyə çalışırlar. Onlar Azərbaycana özlərinin diktə etdiyi planlarını sırımağa çalışırlar. Ancaq Azərbaycan bütün bunlara qarşı öz güclü iradəsini nümayiş etdirir və onlara “yox” deyir. Bilirsiniz ki, cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan öz doğru bildiyi yolla uğurla getməkdə davam edəcək.

Azərbaycan heç bir halda öz milli maraqlarını hər hansı konyunktur maraqlara qurban verməyəcək. Azərbaycanın əsas istəyi odur ki, bütün beynəlxalq qurumlarla və dövlətlərlə dostluq şəraitində yaşasın, onun suverenliyinə və dövlətçiliyinə hörmət etsinlər. Azərbaycanın əsas məqsədindən biri də bütün əməkdaşlığın qarşılıqlı olmasıdır. Azərbaycan çox səmimi formada bütün müttəfiqləri ilə qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir. Ancaq kimsə bunun əksini və Azərbaycana qarşı şər və böhtan dili ilə danışmaq istəyirsə, bu, həmin dairələrin öz problemləridir. Ona görə də kiminsə gedib Avropa təşkilatlarında hər hansı məhbusun fotolarını sinələrinə taxması şoudan başqa bir şey deyil. Onlar görürlər ki, Azərbaycan xarici təzyiqlərə boyun əymir, ona görə də bu cür şoular yaratmaqla diqqət çəkməyə çalışırlar. Həmin təşkilatlar Azərbaycanın güclü iradə nümayiş etdirməsini görüb, daha da aqressivləşirlər. Ancaq onların bu aqressivliyi yalnız özlərinə ziyan vuracaq. Mən bu gün Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyasını xeyirlə şərin mübarizəsinə bənzədirəm. Onlar əmin olsunlar ki, xeyir hər zaman şər üzərində qələbə çalıb. Azərbaycan da bu mübarizədən qalib ayrılacaq.

– Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və digər bir sıra avropalı parlamentarilər Azərbaycana qarşı açıq formada qarayaxma kampaniyaları aparırlar. Yəqin ki, Azərbaycan Milli Məclisin Avropa Parlamentində təmsil edən nümayəndə heyətinin bu məsələlərə adekvat cavabı olacaq?

– Ümumiyyətlə, mən onların iyunun 8-də hazırladığı bu şounu rədd edirəm və qeyri-səmimi hesab edirəm. Çox təəssüflər olsun ki, Avropa Parlamentinin rəhbərliyi Azərbaycanla səmimi deyil. İndiyədək Avropa Parlamenti Azərbaycanla Əməkdaşlıq Komitəsinin bir dəfə də olsun iclasını keçirməyib. Sual olunur, əgər sənin Azərbaycanla bağlı hər hansı narahatlığın və ya sualın varsa, o zaman niyə Avropa Parlamentinin Azərbaycanla Əməkdaşlıq Komitəsinin iclasını keçirmirsən? Axı nə üçün Azərbaycanla dialoq aparmırsan? Niyə Azərbaycanla monoloq dilində danışırsan?

Digər məsələ isə odur ki, Avropa Parlamentinin sözügedən şəxsləri son bir ildə Azərbaycana səfər etməyib. Baxmayaraq ki, Ermənistana 3 dəfə səfər ediblər. Yenə də sual olunur, axı niyə? Əgər doğrudan da sənin Azərbaycanla bağlı narahatlığın varsa, o zaman sən gəlib yerində araşdırma aparmalısan.

Bu şəxslər digər bir bəhanə də gətirirlər ki, guya Azərbaycan hakimiyyəti bunlara məhbuslarla görüşməyə icazə verməyib və sairə. Bütün bunlar ağ yalandır. Bu adamlar məhbuslarla görüşmək istəmələri barədə indiyədək heç zaman Azərbaycana rəsmi şəkildə müraciət etməyib. Bu da növbəti yalan. Demək, bu adamların məqsədi Azərbaycanda problem həlli deyil. Bunların əsl məqsədi “siyasi məhbus” adlandırdıqları şəxslərdən istifadə edərək, Azərbaycana qarşı qərəzli kampaniyalar aparmaq, təzyiqlər göstərmək və bu cür haqsızlığı həyata keçirməkdir.

Mən yenə də bəyan edirəm, əgər onlar doğrudan da insan haqlarının tərəfdarıdırsa, Avropa dəyərlərinin carçısıdırsa, onlar ilk növbədə dialoqa üstünlük verməlidir, Azərbaycanda insanlara fərq qoymamalıdır, bir milyondan çox qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarını qaldırmalıdır. Avropa Parlamenti indiyədək Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı hər hansı məsələ qaldırıbmı? Əlbəttə ki, xeyr. Biz çox yaxşı bilirik ki, onların əsl məqsədləri nədir. Burada erməni lobbisinin də təsiri var. Bütün bunların hamısı indi yaxşı fürsət tapıblar. Çünki Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir və dünyanın diqqət mərkəzindədir. Bu adamlar da bundan istifadə edərək, Azərbaycana arxadan zərbə vurmağı düşünürlər. Ancaq bunların hamısı sabun köpüyü kimi bir şeydir. Azərbaycan öz proqramlarını və tədbirlərini yüksək səviyyədə keçirəndən sonra, bu adamlar bir ara sakitləşəcək. Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Yəqin ki, həmin ərəfədə də həmin təşkilatlar anti-Azərbaycan kampaniyalarına başlayacaq.

Çox təəssüf edirəm ki, indi Azərbaycana qarşı aparılan bu cür kampaniyaların arxasında Avropa Parlamentinin rəhbərliyi dayanır. Təəssüf edirəm ki, bu gün Azərbaycanın Avropa ilə bağlı həyata keçirdiyi siyasəti onlar düzgün qavramır. Azərbaycan Avropaya inteqrasiya edir, Avropa institutları ilə əməkdaşlığa maraq göstərir. Ancaq Avropa təşkilatları Azərbaycana təşəkkür etmək əvəzinə, ölkəmizi hədəfə götürürlər. Azərbaycan bu gün Avropa üçün çox önəmli müttəfiqdir. Bu gün Azərbaycanı bu qədər kiçiltmək və qarayaxma kampaniyası aparmaq, ilk növbədə Avropanın özünə qarşı qarayaxma kampaniyası aparmaqdır. Bütün bu cür təhdidlər bumeranq effekti verir və Azərbaycanın Avropa institutları ilə münasibətlərini korlayır. Bəs bu münasibətlərin korlanması kimin xeyrinədir? Hamı bilir ki, Avropa institutlarının Azərbaycanla münasibətlərinin korlanması, nə onların, nə də Azərbaycanın xeyrinə deyil. Bu, ancaq Avropanı və Azərbaycanı istəməyən hansısa dairələrin xeyrinədir.

– ATƏT-in Bakı ofisinin rəhbəri Alex Şahtaxtinskinin Azərbaycanla qurduğu səmimi və obyektiv münasibətlər Qərbin ayrı-ayrı şəxslərinin ciddi narahatlıq keçirməsini üzə çıxarıb. Məhz bu səbəbdən də son günlər Şahtaxtinski ətrafında qalmaqal böyüyür...

– Mən bundan çox təəssüflənirəm. Çünki Azərbaycan ATƏT ilə yaxından əməkdaşlıq edən ölkədir və bu münasibətlərin qorunmasına indi də sadiqdir. ATƏT Azərbaycan üçün çox önəmli beynəlxalq qurumdur. Biz ATƏT-in önəmini dəfələrlə bəyan etmişik. Bu gün Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasına ATƏT-ə həvalə edib. İndi Azərbaycan ATƏT-in bütün institutları ilə çox yaxından əməkdaşlıq edir. Doğrudan da, bizim üçün ATƏT BMT-dən sonra ən böyük regional təşkilatdır. Biz ATƏT ilə heç bir halda münasibətlərin korlanmasına tərəfdar deyilik və bundan sonra da olmayacağıq. Ancaq gəlin yaranan real mənzərəyə diqqət edək.

ATƏT bizimlə beynəlxalq hüquq çərçivəsində olan razılaşmanı birtərəfli formada pozub. Səfir Şahtaxtinskiyə qarşı edilən ittihamlar, onun vəzifədən uzaqlaşdırılması halları bu gün ciddi araşdırılmalıdır. Sual olunur ki, ATƏT-in Bakı ofisinin missiyası nədən ibarətdir? ATƏT-in Bakı ofisinin əsas missiyası yalnız və yalnız Azərbaycanla olan əməkdaşlı daha da genişləndirmək olmalıdır. Şəxsən mənim rəhbərlik etdiyim Milli QHT Şurası ATƏT-in Bakı ofisinin əlaqələndirici koordinatoru, o cümlədən səfir Şahtaxtinski ilə çox yaxşı əlaqələr qurmuşdu. Hətta, biz bir neçə istiqamətdə əməkdaşlıq etməklə bağlı konkret razılığa gəlmişdik, əməkdaşlıq haqqında memorandum imzalamağı düşünürdük. Ancaq belə bir əməkdaşlıq istəyində olan obyektiv bir səfiri qəfil geri çağırmaq və onu Azərbaycanla əməkdaşlığına görə ittiham etmək doğru deyil. Bununla bir daha aydın olur ki, Qərb ATƏT-in Bakı ofisindən öz missiyasına daxil olan məsələləri deyil, əksinə, öz maraqlarına uyğun olan tələbləri gözləyir.

Yəni, onlar düşünür ki, ATƏT-in Bakı ofisi Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycan haqqında donoslar yazmaq və Azərbaycanı haqsız yerə tənqid etmək üçün fəaliyyət göstərməlidir. Bu cür hərəkətlər nə dərəcədə ədalətlidir? Bu, nə dərəcədə ATƏT-in qəbul etdiyi prinsiplərə uyğundur?

Bu gün ATƏT-in ofisləri cəmi 8-9 ölkədə var. Ancaq Azərbaycan bu təşkilatla yaxın münasibətlər qurmaqdan çəkinmir. Eyni zamanda Azərbaycan ATƏT-dən obyektiv və qərəzsiz mövqe sərgiləməyi gözləyir. ATƏT bizə necə münasibət göstərirsə, hesab edirəm ki, Azərbaycanda ATƏT-ə eyni münasibət göstərməyə haqq edir. Yaxşı olar ki, onlar bu məsələ üzərində şou düzəltməsin. Bu gün ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Bayer bu məsələ ilə əlaqədar şou düzəldir. Yaxşı olar ki, ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Bayer öz ölkəsinin ATƏT-dəki həmsədrlik missiyasını layiqincə yerinə yetirməsini tələb etsin. Qoy ABŞ dünyanın aparıcı dövləti kimi ATƏT-in təhlükəsizlik missiyasını gücləndirməklə məşğul olsun.

Səfiri Daniel Bayer bu suala cavab versin ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ nə üçün indiyədək özünün də səs verdiyi BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsinə hər hansı cəhd etməyib. Düşünürəm ki, ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Bayer ilk növbədə bu suallara konkret cavab versin. Daha sonra Azərbaycanı tənqid etməklə öz piarını qurmaqla məşğul olar.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR