Kreml: Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır
Bizi izləyin

Nida.az

Kreml: Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır

RF Prezidentinin mətbuat xidməti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri ilə bağlı informasiya yayıb.

Məlumatda deyilir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-13-də Azərbaycan Respublikasına səfər edəcək. Yarışlarda Rusiyanın 360 idmançısı, o cümlədən 7 Olimpiya çempionu və 34 dünya çempionu iştirak edəcək.

İyunun 13-də Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin danışıqları planlaşdırılıb. Danışıqlarda aktual ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.

Məlumatda deyilir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm strateji tərəfdaşıdır. Bakı ilə münasibətlər mehriban qonşuluq, qarşılıqlı faydalı və çoxşaxəli xarakter daşıyır. 1997-ci il 3 iyul tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə bu münasibətlərin inkişafını müəyyən edən əsas sənəddir. Yüksək səviyyədə siyasi dialoq böyük səmərəliliyi ilə fərqlənir. Sıx hökumətlərarası və idarələrarası əlaqələr dəstəklənir, iki ölkənin parlamentləri intensiv qarşılıqlı fəaliyyət göstərir, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri dinamik inkişaf edir. 2014-cü ildə ikitərəfli əmtəə dövriyyəsinin həcmi artaraq rekord səviyyəyə - 4 milyard dollara çatıb. Bu da 2013-cü illə müqayisədə 12 faiz çoxdur. 2015-ci ilin birinci rübündə qarşılıqlı ticarət 707 milyon dollar (artım 5,8 faiz) təşkil edib.

İnvestisiya əlaqələri möhkəmlənir. Azərbaycan bazarında yüz faiz Rusiya kapitalı ilə təqribən 200 şirkət və 300-dən çox birgə müəssisə (BM) fəaliyyət göstərir. “Xəzər-Lada” BM (“AVTOVAZ” ASC-nin iştirakı ilə), “AzRosPromİnvest” BM, “Bank VTB” ASC və “Rosselxozbank” fəal işləyirlər. “KamAZ” ilə “Sberbank”ın əməkdaşlığı inkişaf etdirmək üçün ciddi planları var.

2013-cü il 13 avqust tarixli Hökumətlərarası sazişə müvafiq olaraq Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindən salınacaq yeni avtomobil körpüsü iki ölkə arasında ticarət mübadiləsinin daha da genişlənməsinə xidmət edəcək. İkitərəfli ticari-iqtisadi münasibətlərin bütün kompleksinin irəlilədilməsi ilə Hökumətlərarası Komissiya məşğul olur. Komissiyanın 2014-cü il sentyabrın 15-də Bakıda keçirilən XIV iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində fəal iş gedir. 2010-cu ilədək dövr üçün İqtisadi Əməkdaşlıq Proqramına hazırlıq başa çatır. Komissiyanın qərarı ilə yaradılan kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyət üzrə İşçi qrupu Azərbaycan ərzağının Rusiyaya ixracının genişləndirilməsi məsələləri üzərində çalışır.

Energetika əməkdaşlığın perspektivli istiqamətidir. “LUKoyl” şirkəti Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin icrasında iştirak edir. “Transneft” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında müqaviləyə əsasən, Azərbaycan neftinin Rusiya ərazisindən tranziti həyata keçirilir. Komissiya çərçivəsində xüsusi yaradılan yüksək səviyyəli İşçi qrupu konkret olaraq energetika sahəsində tərəfdaşlığın inkişafı məsələləri ilə məşğul olacaq.

Humanitar əlaqələr ənənəvi olaraq Rusiya-Azərbaycan münasibətlərində mühüm rol oynayır. Maarifləndirmə xarakteri daşıyan əlaqələr genişlənir. Moskva Dövlət Universitetinin filialı artıq altı ildir ki, Bakıda uğurla fəaliyyət göstərir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılması yeni perspektivli layihədir.

2014-cü il oktyabrın 2-3-də IV Bakı Beynəlxalq Humanitar Forumu uğurla keçdi. 2011-ci ildən başlayaraq hər il Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən bu Forum həmin müddətdə müasir dövrün aktual problemlərinin müzakirə olunduğu nüfuzlu məkana çevrilib.

Qarşıdan gələn yüksək səviyyəli danışıqlarda regional gündəliyin mühüm aspektlərinə, o cümlədən Dağlıq Qarabağ probleminə və 2014-cü il 29 sentyabr tarixli IV Xəzər sammitinin qərarlarının həyata keçirilməsinin gedişatına toxunmaq nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm