• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İslamofob, qeyri-azad və gələcəyi dumanlı Britaniya

  • Nida.az
  • 10 İyun 2015 18:26
  • 336 Baxış
İslamofob, qeyri-azad və gələcəyi dumanlı Britaniya

İyunun 12-dən başlayaraq Azərbaycan beynəlxalq əhəmiyyətli daha bir tədbirə ev sahibliyi edəcək, paytaxt Bakıda birinci Avropa Oyunları keçiriləcək. Beynəlxalq Olimpiya Təşkilatının da dəstək verdiyi Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirir. Dünya tarixində ilk dəfə paytaxt şəhərimizdə reallaşacaq bu Oyunlarda 50-yə yaxın ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet yarışacaq. Təbii ki, bu, Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşması, ölkədə idmanın və turizmin daha da inkişafı baxımından olduqca əhəmiyyətli addımdır. Buna baxmayaraq, Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq musiqi yarışmasında olduğu kimi, Avropa Oyunları ərəfəsində də bəzi xarici media orqanları, beynəlxalq təşkilatlar eyni tezislərlə Azərbaycanın əleyhinə təbliğata başlayıblar. Bu yöndə yeganə fərq “Eurovision-2012”-də Almaniya, Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul olunandan indiyə kimi isə Böyük Britaniya mediasının antiazərbaycan təbliğatında fəallıq nümayiş etdirməsidir.


Fundamental insan hüquqları

Britaniyanın BBC, “The Guardian”, “The Daily Mail” “The İndependent”, “Sundi Times” və sair media orqanlarında Azərbaycan əleyhinə “rəngarəng” materiallar yer almaqdadır. Bütün yazıların mövzusu da Birinci Avropa Oyunlarına, idman infrastrukturlarının inşasına çəkilən xərclərdə guya israfçılığa yol verilməsi, ölkədə söz-mətbuat, fikir azadlığının olmaması, demokratik dəyərlərə önəm verilməməsi, siyasi fəalların, jurnalistlərin həbsi və sairdir. Britaniya mediasının qərəzli yazıları, oradakı əsassız ittihamlar bu ölkəyə məxsus “London Platform”, “Amnesty İnternational” kimi Qeyri-Hökumət Təşkilatlarının (QHT) bəyanatlarında da öz əksini tapmaqdadır. Aşığın sözü qurtaranda “nanay-nanay” dediyi kimi, bu media qurumları, QHT-lər də eyni dezinformasiyaları yaymaqda, inkişaf səviyyəsinə görə dünyada böyük nüfuz qazanan Azərbaycanı vurmaq, onu ləkələmək, fundamental insan hüquqlarının tanınmadığı, geridə qalmış Şərq ölkəsi kimi qələmə verməyə çalışırlar. Bununla həm də dünyaya sübut etmək istəyirlər ki, ölkəmiz birinci Avropa Oyunlarını keçirməyə qadir deyil. Təbii ki, əsl Azərbaycan reallıqları deyilənlərə tamamilə əks olan mənzərəni ortaya qoyur. Ona görə də bu barədə geniş danışmağa, Azərbaycanda görülən işləri sadalamağa dəyməz.

ABŞ-ın gizli dinləmə üzrə məntəqəsi

Qeyd edək ki, ümumilikdə Azərbaycana qarşı aparılan kampaniyalarda Almaniya və Böyük Britaniya öz oyunlarını oynayırlar. Ancaq buna baxmayaraq, bu oyunlarda ABŞ amili də nəzərdən qaçırılmamalıdır. Çünki Almaniyanın xüsusi xidmət orqanları və kütləvi informasiya vasitələri (KİV) üzərində ABŞ-ın ciddi təsir imkanlarının olması çoxdan məlumdur. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) əməkdaşlı Eduard Snoudenin açıqlamaları və Berlinin Avropada ABŞ MTA-nın gizli dinləmə üzrə məntəqəsi olması barədə faktların üzə çıxması Almaniyanın nüfuzunu ciddi şəkildə ləkələyən məqamlardır. Üzə çıxan faktlara görə, Almaniya kəşfiyyat orqanı olan BND ABŞ-ın MTA-sı ilə birlikdə Avropa İttifaqına üzv dövlətlərə qarşı kəşfiyyat məqsədilə gizli dinləmələr aparırmış. Mərkəzi Bavariya olmaqla, Almaniyada ABŞ MTA-nın stansiyaları fəaliyyət göstərir. Hal-hazırda Angela Merkel hökuməti bu məsələ ilə əlaqədar Almaniya parlamentində çox ciddi suallarla üzləşib. Belə vəziyyətdə başı daha çox özünə qarışan Almaniya birinci Avropa Oyunları ərəfəsində xüsusi fəallıqla Azərbaycan əleyhinə kampaniyanı apara bilmir. Ona görə də eyni funksiyanı yerinə yetirmək baxımından, Böyük Britaniya mediası və QHT-ləri bir qədər “önə çıxıb”.


Dövlət nəzarətində olan Britaniya mediası

Bu yazıda əsas diqqət yönəldəcəyimiz məsələ ölkəmizi ən müxtəlif bəhanələrlə tənqid edən, şər-böhtan tipli müxtəlif yazılara səhifələrində geniş yer verən, “demokratiya” və “insan hüquqlarını” əlində bayraq edərək Azərbaycanı qaralayan Böyük Britaniya mətbuatının real vəziyyəti, həmçinin Britaniyada baş verən digər hadisələrdir. Əvvəla ondan başlayaq ki, söz və mətbuat azadlığından dəm vuran Böyük Britaniyanın özündə azad mətbuatdan, azad jurnalistikadan danışmağa dəyməz. Çünki, bir neçə il öncə Böyük Britaniya kraliçası II Yelizaveta mətbuata nəzarətlə bağlı mexanizmi müəyyənləşdirən Xartiya imzalayıb. Həmin Xartiya Kraliçanın, hətta onun nəvələrinin, eləcə də tanınmış digər britaniyalıların şəxsi həyatlarına müdaxilə edilməsi faktlarına görə jurnalistlərin və Britaniya vətəndaşlarının cəzalandırılmasını nəzərdə tutur. Böyük Britaniyada KİV-lərin işlərinin nizamlanması məsələlərini müəyyənləşdirən bu Xartiya mətbuata və televiziyaya nəzarəti daha da gücləndirib. Qaydalara görə, Britaniya qəzetləri “könüllü” olaraq yeni tənzimləyici orqan yaradıb. Bu orqan jurnalistika etikasını pozan, daha doğrusu Kraliçanın, Böyük Britaniyanın hakimiyyət təmsilçilərinin xoşuna gəlməyən materiallarla çıxış edən media qurumlarını bir milyon funt sterlinq məbləğində cərimələmək, cəzalandırmaq hüququna sahiblənib. Bir sözlə, Kraliçanın imzaladığı Xartiyadan sonra Britaniyada jurnalistlərin fəaliyyətinə ciddi nəzarət edilməyə başlanılıb, KİV-lər artıq özünüidarə orqanından dövlət nəzarətindəki orqanlara çevriliblər. Hazırda Britaniyada nəinki mətbuat, eləcə də digər media qurumları, o cümlədən televiziya kanalları da hökumətin siyasətini, həmçinin məmurları tənqid edən materialları verməkdə çətinlik çəkirlər. Bu isə medianın ciddi senzura altında fəaliyyət göstərməsi deməkdir.

Yerli və əcnəbi jurnalistlərin həbsi

Belə qadağalar Böyük Britaniyada işləmək istəyən xarici jurnalistlər üçün bir qədər fərqli formada özünü göstərir. Hansısa əcnəbi media nümayəndəsi İngiltərədə öz ölkəsinin təmsilçiliyini yaratmaq, jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün mütləq şəkildə Foreign Press Association təşkilatına müraciət etməlidir. Əks halda həmin jurnalist birbaşa həbs oluna bilər. Bu təşkilat medianın özünütənzimləmə orqanı kimi təqdim edilsə də, əslində bilavasitə dövlət nəzarətində olan qurumdur. Ora müraciət edən əcnəbi jurnalist birdəfəlik rüsum ödəməklə 2-3 ay gözləməyə məcburdur. Bu müddət ərzində xüsusi xidmət orqanları tərəfindən həmin jurnalist barədə ciddi araşdırma aparılır, yalnız bundan sonra qərar qəbul edilir. İcazə alan jurnalist sonrada illik rüsum da ödəməlidir. Heç də hər bir əcnəbi jurnalist üçün bu təşkilatdan icazə almaq məsələsi asanlıqla həllini tapmır. Xatırlatmaq üçün qeyd edək ki, Azərbaycanda bu proses olduqca sadədir. Əcnəbi jurnalist Azərbaycanın xarici işlər nazirliyinə (XİN) təmsil edəcəyi media qurumunun rəhbəri adından rəsmi məktubu, ərizə-anketi, həmçinin tərcümeyi-halı yazılmış sənədi təqdim etməlidir. Bu prosesi istənilən əcnəbi ölkədən olan jurnalist yaşadığı yeri tərk etmədən, Azərbaycan XİN-in rəsmi saytına daxil olmaqla da həyata keçirə, elektron qaydada akkreditasiyadan keçə bilər. Cəmi 30 gün müddətində həmin jurnalistə cavab verilir.


Hakimiyyətlə vətəndaşlar arasında qarşıdurma

Böyük Britaniyanın sosial şəbəkələr üzərində qadağa qoymaq istiqamətində atdığı addımlar, apardığı həbslər də xüsusi diqqət cəlb etməkdədir. Məsələnin maraqlı tərəfi sosial şəbəkələrə qarşı Britaniya hökumətinin qeyri-tolerant davranmasıdır. Belə ki, 2011-ci ilin avqust ayında 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra geniş vüsət alan və hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan proseslərin gedişində Britaniya baş naziri sərt açıqlama ilə çıxış etmişdi. Devid Kameron guya küçə bandalarının Facebook və Twitter sosial şəbəkələri ilə fəaliyyətlərini əlaqələndirdiklərini əsas gətirərək, bu şəbəkələrin məhdudlaşdırılmasına, süzgəcdən keçirilməsinə dəstək vermişdi. Britaniyanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanları sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edirdilər. Həyata keçirilmiş tədbirlər nəticəsində 2 minə qədər insan həbs edilmişdi. Evindən bayıra çıxmayan, sadəcə kompüter arxasında oturaraq “Facebook“da sosial çağırışlar edən iki gənc - Çeşir qraflığının sakinləri 22 yaşlı Perri Satkliff - Kinan və 20 yaşlı Cordan Blekşou da 4 il müddətinə azadlıqdan məhrum olunmuşdular.

Dini ayrı-seçkilik, islamofobiya

Böyük Britaniyada insan haqlarının vəziyyəti də göründüyü və təbliğ edildiyi kimi nümunəvi deyil. Bu ölkədə heç də hamı bərabər şəkildə yaşamaq hüququna sahib deyil. Dini ayrı-seçkilik zəminində insanlar bu ölkədə müxtəlif basqılarla üzləşməkdədirlər. İslam dini etiqadına sahib İngiltərə vətəndaşları islamofobiyadan hər addımda əziyyət çəkməkdədirlər. Dini inancına görə belə insanlar ələ salınır, təhqir olunur, hətta onlara terrorçu damğası vurulur. Amma nədənsə bu kimi faktlar heç bir halda Britaniya mediasının “diqqətini çəkmir”. Əslinə qalsa, İslama, müsəlmanlara olan nifrət ingilislərə öz babalarından keçmədir. Belə ki, tarixdən yaxşı bəlli olan, XIX əsrdə baş verən birinci və ikinci İngilis-Əfqan müharibələrində ingilislər döyüşkən yerli müsəlman əhalisini ən müxtəlif üsullarla təhqir ediblər. Onlar müsəlman əfqanları qətlə yetirdikdən sonra donuz dərisinə büküb dəfn ediblər. Bu yolla ingilislər öz ölkəsini təcavüzkardan qorumaq üçün savaşa atılan, ölümü şəhidlik zirvəsinə ucalmaq kimi qəbul edən müsəlman əfqanların döyüş ruhunu sarsıtmaq, onları mübarizədən çəkindirmək, ram etmək niyyəti güdüblər. İngilislərin bu “ənənəsi” müasir dövrdə xələfləri tərəfindən bir qədər fərqli şəkildə, misal üçün 2013-cü ildən başlayaraq daha geniş vüsət alan məscidlərə, İslam mədəniyyət mərkəzlərinə hücumların təşkil edilməsi, müsəlmanların döyülməsi, dini ibadət evlərinin yandırılması kimi əməllərlə davam etdirilməkdədir.


Şahzadədən müsəlmanlara qarşı sayğısızlıq

İslam dini etiqadına sahib Böyük Britaniya vətəndaşlarının hüquqları bu ölkənin qida sənayesi sahibləri tərəfindən də pozulmaqdadır. Mal əti adı altında at və donuz ətləri, bu ətlərin konservləşdirilmiş formaları satışa çıxarılmaqdadır. Yəni, ingilislər bilə-bilə ki, müsəlmanlar dini inanclarından irəli gələrək donuz əti yemir, bunu haram sayırlar, yenə də onlara mal əti adlandırılan, əslində isə donuz əti olan, bu ətdən hazırlanan qida məhsullarını satırlar. Xatırlayırsınızsa, məhz bununla əlaqədar olaraq 2013-cü ildə Avropada at əti qalmaqalı yaşanmışdı. Belə ki, həmin vaxt Avropanın bir sıra mağazalarında at əti məhsullarının mal əti adı altında satıldığı müəyyən olunmuş və müsəlman əhali buna kəskin etiraz etmişdi. Onlar dini heysiyatlarına toxunulduğunu, etimadsızlıq şəraitinin hökm sürdüyünü bildirmişdilər. İddia olunurdu ki, mal əti adı altında satışa atla yanaşı, donuz əti də çıxarılır. Avropanın bir sıra ölkələri bu barədə ciddi araşdırmalara başlayıb, müsəlman kəsimdən üzr istəsələr də, britaniyalılar, xüsusən də ölkə rəhbərliyi fərqli mövqe tutdu. Hətta Böyük Britaniya kraliçası II Yelizavetanın qızı şahzadə Anna atlara qayğıya həsr olunan konfransdakı çıxışında hamını at ətindən daha çox istifadə etməyə çağırdı. Bununla o, etirazçı müsəlmanlara istehza ilə yanaşdığını, İslam dininə etiqad göstərənlərə əhəmiyyət vermədiyini açıq-aşkar nümayiş etdirdi. Ən qəribəsi isə budur ki, xanım Anna World Horse Welfare adlı atların mühafizəsi və qorunmasını həyata keçirən xeyriyyə təşkilatına rəhbərlik edir. Görünür, şahzadədə İslam dininə, müsəlman əhaliyə nifrət o qədər güclüdür ki, onları haqsız çıxarmaq, aşağılamaq üçün hətta öz missiyasını, rəhbərlik etdiyi təşkilatın tələblərini də unudur. Təbii ki, Böyük Britaniya mediası belə hadisələri də ictimailəşdirə bilməz. Əks halda dövlətə 1 milyon funt sterlinq cərimə ödəməli olar.


Qərəz və “ikili standartlar”

Ümumiyyətlə Böyük Britaniyada azad sözə, müstəqil mediaya, eləcə də ölkə ərazisində yaşayan digər millətlərə, həmçinin başqa dövlətlərə münasibət heç də arzuolunan səviyyədə deyil. Həmin münasibət istər açıq, istərsə gizli şəkildə bu gün də davam etdirilməkdədir. Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun sadə vətəndaşa qarşı etdiyi kobudluq da belə münasibətlərin göstəricisi sayıla bilər. O, yaşı 60-ı ötən bir xanımla mübahisə etdikdən sonra dərhal öz xidməti maşınına əyləşib və köməkçisinə kəskin etiraz bildirib. Bu zaman mübahisə etdiyi xanımı əsl faciə kimi qələmə verib və onu açıq şəkildə təhqir edib. Baş nazirin üzərindəki mikrofon açıq olduğundan onun bu təhqirləri, öz ölkəsinin vətəndaşına kobud münasibəti hər kəs tərəfindən eşidilib. Bu kimi faktlar yüzlərlədir. Ümumən bunlarla tanış olduqda təəssüf edirsən ki, özlərini Qərbin ən qabaqcıl demokratik dövləti hesab edən ölkələr, beynəlxalq miqyaslı media qurumları, o cümlədən də İngiltərə mediası belə faktları dilə gətirmirlər. Azərbaycanda adi məsələyə sərt reaksiya verən, özlərini söz və məlumat azadlığının qarantı, demokratiya carçısı, insan haqlarının müdafiəçisi hesab edən dairələr Böyük Britaniyada baş verənlərə göz yummaqla, əslində nə dərəcədə qərəzli olduqlarını, “ikili standartlar”a söykənən siyasət yürütdüklərini ortaya qoyurlar.

VA Analitik Mərkəzi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR