• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Amnesty İnternational”ın fəaliyyəti: etnik separatizmə dəstək və siyasi reketirlik - TƏHLİL

  • Nida.az
  • 10 İyun 2015 20:51
  • 315 Baxış
“Amnesty İnternational”ın fəaliyyəti: etnik separatizmə dəstək və siyasi reketirlik - TƏHLİL

Azərbaycan dünyada çox az dövlətin üzərinə götürə bildiyi, arzusunda olduğu böyük bir missiyanı yerinə yetirmək ərəfəsindədir. Avropa Oyunları miqyasına görə dünyanın ən böyük idman yarışlarının ilk onluğuna daxildir. Publika.az APA-ya istinadən xəbər verir ki, Avropa Oyunları formatında kütləvi tədbirlərin mahiyyətində humanizm prinsipləri dayanır.

Hələ qədim dövrlərdən bəri müxtəlif etnik, dini, sosial təbəqələr aralarında ziddiyyətlərin, qarşıdurmaların dayandırılması yolları aranan zaman kütləvi idman tədbirləri ən uğurlu seçim sayılıb. Olimpiadalar zamanı hətta müharibələr dayandırılır, bir-birinə qarşı silah qaldıran dövlətlər gücünü savaş meydanında deyil, idman arenasında sınamağa razılıq verirdi. Buna razılaşmayan tərəflər bütün dünya tərəfindən təcrid olunur, rədd edilir, qəbul olunmurdu. Belə yanaşma Olimpiya Oyunlarının humanist xarakterini daha da gücləndirir və əsrlər keçməsinə rəğmən hələ də kütləvi idman tədbirlərinə sülhün təbliği üçün ən önəmli vasitə kimi baxılır.

Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir, Azərbaycan eyni zamanda münaqişədən zərər çəkən, Ermənistanın işğalçı siyasətinin qurbanı olan, müharibə vəziyyətində yaşayan bir ölkədir. Buna rəğmən ölkə ilk Avropa Oyunları kimi böyük bir missiyanı həyata keçirməyi öz üzərinə götürməyi bacarıb. Bakı bu öhdəliyi götürməklə həm də bütün dünyada münaqişələrin sülh və anlaşma yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirir, işğala məruz ölkə olmasına rəğmən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanların bir araya gələrək gücünü müharibə meydanlarında deyil, idman meydanlarında sınamasını məqbul sayır. Günümüzdə bu mesajı dünyaya Azərbaycanın verməsi ikiqat vacibdir, çünki bu, həm də 1 milyon qaçqın və məcburi köçkünü olan, torpaqlarının 20 faizi işğal edilmiş bir ölkənin mesajıdır. Təkcə dünyaya verdiyi elə bu mesaj səbəbilə Avropa Oyunlarına ev sahibliyi edən ölkənin missiyası alqışlanmalı və dəstəklənməlidir.

Əslində alqışlanır və dəstəklənir. Avropa ölkələri qitə yarışlarında iştirak etməklə həm də Azərbaycanın bu missiyasına dəstək vermiş olurlar. Qitənin bir ölkəsi belə bu yarışlardan kənarda qalmayıb, hətta Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanın belə Avropa Oyunlarında iştirakı rəsmi Bakı tərəfindən təmin olunub. Digər tərəfdən Avropa Oyunlarının açılış mərasiminə Avropa dövlətlərinin hökumət və dövlət başçılarının, nazirlərin, Avropa Olimpiya Komitəsi rəhbərliyinin, beynəlxalq federasiyaların rəhbərlərinin qatılması göstərir ki, qitə Azərbaycanın bu humanist missiyasına açıq şəkildə dəstək verir.

Günün real mənzərəsi bundan ibarətdir. Bu mənzərəni inkar etmək, tabloya xələl gətirəcək çalarlar vurmaq Avropa Oyunlarının humanist missiyasını rədd etmək deməkdir. Təəssüf ki, bunu edən marginal qruplar yox deyil. Ən maraqlısı odur ki, günümüzün ən kütləvi miqyaslı humanitar xarakterli tədbirinə xələl gətirmək istəyənlər “human”, yəni insan, insan haqları faktorunu ön planda saxlayan beynəlxalq təşkilatlardır. Əslində bu cümlədə “human” sözündən öncə “guya” sözünü yazmağa ehtiyac var, çünki, belə marginal qrupların göstərdiyi fəaliyyətin insan haqlarına heç bir aidiyyəti yoxdur. Əgər, insan haqlarının müdafiəsi məsələn “Amnesty İnternational” üçün doğrudan da əhəmiyyətli olsaydı, diqqəti Azərbaycanda 1 milyondan çox insanın qaçqın və köçkün durumuna düşməsi üzərinə yönəldərdi. Qaçqınlıq dünyada insan haqlarının toplu şəkildə pozulduğu bir durumdur. Bu duruma düşən insanların birgə yaşayış, mülkiyyət, təhsil, səhiyyə hüquqları toplu şəkildə pozulur. Azərbaycanda işğal faktoru nəticəsində hər 9 nəfərdən biri öz təbii hüquqlarından məhrum olub, bu fakt “Amnesty İnternational”, “Human Right Watch”, “Sərhədsiz reportyorlar” kimi hüquq müdafiə təşkilatlarının əsas diqqət mərkəzində olmalıdır.

Amma deyil. Niyə? Çünki bu təşkilatların missiyası heç də insan haqlarını müdafiə etmək deyil, əksinə siyasi maraq qruplarının sifarişini yerinə yetirməkdir. Siyasi maraq qrupları dedikdə, dünyanın bütün dövlətlərində öz iqtisadi maraqlarını təmin etməyə çalışan, daha çox maddi gəlir əldə etmək istəyən marginal qruplar nəzərdə tutulur. Bu qruplar öz fantastik gəlirlərini daha da artırmaq üçün dövlətlərə qarşı təzyiq mexanizmləri formalaşdırır və bunun üçün insan haqlarını müdafiə edən təşkilatlardan istifadə edirlər. “Amnesty İnternational” kimi təşkilatlar belə qrupların əlində alətdir. Bu səbəbdən məsələn Türkiyədə 35 mindən çox insanın terror qurbanı olduğu faktı “Amnesty İnternational”ı maraqlandırmır, onlar insan haqlarını bəhanə gətirərək Türkiyədə separatizmə açıq dəstək verirlər. Yaxud İraqda müharibələrin qurbanı olan milyonlarla insanın hüquqları “Amnesty İnternational”ın eyninə deyil, çünki onları transmilli korporasiyaların, siyasi qrupların İraqın gəlirli neft sektorunu ələ keçirməsi, bu sektorda böyük pay sahibi olması daha çox maraqlandırır.

Bu misalların sayının dəfələrlə artırmaq olar. Amma faktları ümumiləşdirdikdə “Amnesty İnternational”ın fəaliyyətində ümumi və insan haqları ilə zərrə qədər uyğun gəlməyən bir tendensiya müşahidə olunur. Bu təşkilat bütün ölkələrdə etnik separatizmi açıq şəkildə dəstəkləməklə məşğuldur. Səbəbini söyləmək artıqdır - separatizm dövlətlərin bütövlüyünü sarsıtmaq, qeyri-stabilliyi artırmaq üçün əsas vasitələrdən biridir. “Amnesty İnternational” ona maliyyə ayırna marginal qrupların sifarişini həyata keçirmək üçün məhz bu vasitədən gen-bol yararlanır. Türkiyə, İraq, Rusiya, Çin, Balkanlar, Azərbaycan... “Amnesty İnternational” separatçı hərəkatları dəstəklədiyi ölkələrin, regionların siyahısını daha da artırmaq olar. Təkcə bu tip beynəlxalq təşkilatların illik hesabatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini ayrıca subyekt kimi təqdim etməsini xatırlamaq kifayətdir. Bu faktın özü “Amnesty İnternational”ın insan haqlarına necə “önəm” verdiyini sübut edir. Orta statistik azərbaycanlı Dağlıq Qarabağ ayrıca hüquqi subyekt kimi qəbul edən “Amnesty İnternational”ın ölkəmizlə bağlı hesabatlarının obyektiv olmasına niyə və necə inanmalıdır? Və o hesabatlarda 1 milyondan çox hüququ pozulmuş insan barədə bir kəlmə belə yer almırsa, “Amnesty İnternational”ın bitərəfliyini necə qəbul etmək olar?

Qəbul etmək olmaz, çünki “Amnesty İnternational”ın artıq yaradılan zaman üzərinə götürdüyü missiyadan artıq tam uzaqlaşdığını, transmilli korporasiyaların əlində alətə çevrildiyini dünyada hər kəs anlamağa başlayıb. Bu baxımdan “Amnesty İnternational”, “Freedom House”, “Human Right Watch” kimi təşkilatların hansısa ölkəyə qarşı fəaliyyətləri ictimai şurda tam əks effekt verir. Bu, belə anlama gəlir - əgər bir dövlət “Amnesty İnternational”ın “hücumuna” məruz qalırsa, demək bu, transmilli korporasiyaların, Corc Soros kimi avantüristlərin başında durduğu siyasi qrupların həmin ölkəyə hücumudur. Və əgər siyasi qruplar bir ölkəni hədəfə alıblarsa, deməli o ölkədən ilk növbədə maddi, iqtisadi umacaqları var. Başqa sözlə desək, “Amnesty İnternational”ın fəaliyyəti siyasi reketirlikdir. Lakin hər dövrün öz gerçəklikləri var, bu gün dünya bir dövlətin idarə edə biləcəyi dünya deyil və ötən əsrin son onilliklərində uğurla tətbiq olunan siyasi reketirlik kimi üsullar artıq 21-ci əsrdə işə yaramır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR