• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Aynur Camalqızı: “Müxalifətin zəif olması hakimiyyətin ziyanınadır” - MÜSAHİBƏ

  • Nida.az
  • 12 İyun 2015 13:50
  • 701 Baxış
Aynur Camalqızı: “Müxalifətin zəif olması hakimiyyətin ziyanınadır” - MÜSAHİBƏ

“Azərbaycanda YAP-dan başqa heç bir partiya seçkiyə hazır deyil”

“Teleqraf” Media Qrupunun rəhbəri, sabiq deputat Aynur Camalqızı “Yeni Müsavat”ın qonağı olub, gündəmin aktual mövzuları ilə bağlı suallarımızı cavablandırıb. Onunla müsahibənin 2-ci hissəsini təqdim edirik.

(əvvəli burada)

- Avropa Oyunlarından sonra Azərbaycanın əsas gündəm mövzusu, hər halda, parlament seçkiləri olacaq. Seçkilərlə bağlı ictimai-siyasi prosesləri necə proqnozlaşdırırsınız? Sizcə, seçki ili sönükmü keçəcək, yoxsa ölkənin siyasi həyatında qaynama müşahidə olunacaq?

- Siz çox düzgün vurğuladınız ki, Avropa Oyunlarından sonra Azərbaycanda seçki ilinin qaynarlığı hiss olunmağa başlayacaq. Mən, təbii ki, prosesləri izləyirəm və görürəm ki, siyasi partiyalar arasında Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə, heç bir təşkilatda seçki əhvali-ruhiyyəsi hiss olunmur. Siyasi partiyalar seçkiyə yalnız seçki ilində hazırlaşmamalıdır. Seçkiyə hazırlıq bir seçki başa çatdıqdan sonra dərhal, bütöv beş il ərzində həyata keçirilməlidir. Azərbaycanda YAP-dan başqa heç bir partiya bunu etmir. Partiyalar seçkiyə bir neçə ay qalmış hazırlığa başlayırlar ki, bunun da effekti ya az olur, ya olmur.

Diqqət edirsinizsə, seçkiyə cəmi 5 ay qalıb, müxalifət partiyalarında seçkilərlə bağlı bir cəhd hiss olunmur. Ona görə də düşünmürəm ki, Avropa Oyunları bitdikdən sonra bu vəziyyət kəskin dəyişəcək. Yəqin ki, ötən parlament seçkilərində olduğu kimi, sakit bir şəraitdə seçki kampaniyasının gedişini müşahidə edəcəyik. Soruşa bilərsiniz ki, bu yaxşıdır, yoxsa pisdir.

Mən bütün hallarda düşünürəm ki, Azərbaycan müxalifətinin bu qədər zəif olması istər Azərbaycan dövlətinin, istər Azərbaycan hakimiyyətinin, istərsə də cəmiyyətimizin çox ziyanınadır. Müxalifətin missiyası sadəcə hakimiyyətə gəlmək deyil. O həm də hakimiyyətdə olan siyasi qüvvələri daha yaxşı işləməyə sövq etməlidir. Çox təəssüf ki, bu missiyanı Azərbaycan müxalifəti ya yerinə yetirmək istəmir, ya bacarmır, ya da bunu etmək gücündə deyil. Münasibətləri sadəcə qaraqışqırıq, söyüş səviyyəsinə gətirib çıxarıblar ki, artıq Azərbaycan müxalifətinin hətta haqlı dediyi söz də sanballı görünmür...

- Amma Prezident Administrasiyasının təşəbbüsü ilə iqtidarla siyasi partiyaların dialoqu keçirilir. Ötən ilin dekabrından başlayıb və artıq üç görüş olub. Hakimiyyət bir proses başladıb və bu prosesdə müxalifətin də ən müxtəlif simaları iştirak edir. Müsavat və AXCP isə dəvətə baxmayaraq iştirak eləmədilər. Sanki bu iki partiyanın iştirak eləməməsi bu prosesin legitimliyinə bir az şübhə toxumu səpir. Bu prosesin əsas aparıcı siması ölkə prezidentinin köməkçisi, administrasiyanın şöbə müdiri Əli Həsənovdur. Prezidentin köməkçisinin bu prosesdə əsas rol alması isə hakimiyyətin bu məsələdə kifayət qədər ciddi olduğunu göstərir. Bu prosesi necə qiymətləndirirsiniz və bununla hara varılacaq?

- Mən istənilən halda ölkədə siyasi qüvvələr arasında dialoq mühitinin olmasını çox müsbət qiymətləndirirəm. Müzakirələr, ümumiyyətlə, ölkədə demokratiyanın, demokratik dəyərlərin və siyasi mədəniyyətin oturuşmasına xidmət edir. Tərəflər bu siyasi mədəniyyəti nümayiş etdirmək üçün özlərində güc tapmalıdırlar.

Mən o prosesdə Müsavat və AXCP-nin iştirak etməməsini çox mənfi qarşılayıram. Düşünürəm ki, istənilən fürsətdən istifadə edib siyasi qüvvələr bir araya gəlməlidirlər və sözlərini məhz masa ətrafında deməlidirlər. Yəqin ki, onlara xaricdəki havadarları icazə vermir ki, dialoqda iştirak etsinlər. Mən başqa söz tapa bilmirəm. Həmişə ölkədə siyasi dialoqun vacibliyinin davasını edib, sonra da dialoqdan imtina etmək məntiqsizdir...

- Müsavatı və AXCP-ni hakimiyyətin rəsmi təbliğatı həmişə Qərbə bağlı, Qərbdən sifariş alan qüvvələr kimi təqdim edir. Maraqlıdır ki, siz indi onları Rusiyanın sifarişi ilə hərəkət etməkdə ittiham edirsiniz. Rusiya ilə bağlı olan kimdir, konkretləşdirə bilərsinizmiz?

- Mən ilk növbədə AXCP-nin də təmsil olunduğu Milli Şuranı nəzərdə tuturam. Şübhəsiz ki, Qərbdən, Avropadan da dəstək alıb Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparan siyasi qüvvələr mövcuddur. Bu cür mübarizə aparanlar daha çox AXCP-də təmərküzləşib.

- Siz 2005-2010-cu illərdə Milli Məclisin üzvü olmusunuz. Builki seçkidə deputatlığa namizədliyinizi irəli sürəcəksinizmi?

- Mən beş il parlamentdə təmsil olunduğum müddəti həyatımın ən gözəl illəri kimi xatırlayıram. Düşünürəm ki, insanlarla işləmək, 40 min insanın təmsilçisi olmaq, onların sözünü parlament kimi bir ali tribunadan deyə bilmək, onları təmsil eləmək çox gözəldir, şərəfdir. Hazırda mən bir media qrupunun rəhbəriyəm. Bu media qrupunun fəaliyyəti üçün var gücümlə çalışıram, çox ciddi hədəflərimiz var. Parlament seçkilərində iştirak edib-etməyəcəyimə isə Avropa Oyunları başa çatandan sonra qərar verməyi düşünürəm. Çünki ölkədə gedən proseslərə, öz imkanlarıma baxacağam. Qələbə qazanacağıma əmin olsam, parlament seçkilərində iştirak edəcəyəm.

- Nəzərinizdə tutduğunuz dairə varmı?

- Qeyri-təvazökarlıq kimi səslənsə də, düşünürəm ki, mənim imzam kifayət qədər tanınır və ona görə də Azərbaycanın istənilən bölgəsindən seçkiyə qatılsam, uğur qazana bilərəm. Bakının rayonları da ola bilər, hər hansı bölgə də.

- Sanki əvvəllər deputatı olduğunuz dairəni istisna edirmiş kimi danışdınız...

- Xeyr. Mən heç nəyi istisna etmirəm. Onu demək istəyirəm ki, hələ dairə barədə düşünmürəm. Çünki seçkidə iştirak edib-etməmək barədə qərar verməmişəm.

- Namizədliyinizi versəniz və seçilsəniz, hazırkı işiniz necə olacaq?

- Təbii ki, hazırkı işimiz də davam edəcək. Kifayət qədər güclü redaktor korpusumuz var ki, mən heç ölkədə olmayanda belə, onlar öz işlərini kifayət qədər uğurlu şəkildə görürlər. Mən, təbii ki, rəhbərlikdə qalacağam.

- Mətbuatdan söz düşmüşkən, ümumi tendensiyanı necə hesab edirsiniz? Milli mətbuatın 140 ili gələn ay tamam olur və bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam verib, toplantı olub, dövlət bu təqvimə ciddi diqqət göstərir.

- Dövlətin, cənab prezidentin milli mətbuatımızın 140 illiyinə diqqət göstərməsini, bu yubileyin xüsusi olaraq qeyd edilməsi istiqamətində atılan addımları, verilən sərəncamı çox yüksək qiymətləndirirəm. Biz də daxil olmaqla, bütün mətbuat işçiləri bunu sevinclə qarşılayırlar. Azərbaycan mediasına dəstəyə və mediada bir sıra islahatlara ehtiyac var. Ümumiyyətlə, Azərbaycan mediasında hazırkı durumu o qədər də uğurlu saymıram. Azərbaycan mediasında sağlam rəqabət, çox təəssüf ki, yoxdur. Media sektorunda daha çox qeyri-peşəkarlar cəmlənib.

Qeyri-peşəkarların isə fəaliyyəti peşəkarların gördüyü işə çox zaman kölgə salır. Düşünürəm ki, ümumiyyətlə, bu sahədə bir xeyli işlər görülməlidir. İstər administrativ formada, istər qanunlara müəyyən əlavələr, düzəlişlər eləməklə müəyyən addımlar atılmalıdır ki, Azərbaycan mediasında bir təmizlənmə baş versin. Bu gün online mediada qeyri-peşəkarlıq xüsusilə hökm sürür. Az qala hər yerindən duran bir sayt açır. Qeydiyyatdan keçirmək və sayt yaratmaq asan olduğu üçün bu sahədə əməlli başlı bir xaosa bənzər situasiya mövcuddur. Nəticədə bizim kimi böyük kollektivlərin əməyi istismar olunur, həmin qeyri-peşəkarlar özlərini media patronu kimi təqdim eləməyə çalışırlar. Çox zaman da reket fəaliyyəti ilə məşğul olurlar, məmurları, iş adamlarını şantaj edib pul qoparmaq vasitəsilə həmin saytları saxlayırlar.

İnternet mediasında çox acınacaqlı bir durumdur. Bu sahədə bir təmizlənmənin olması üçün "KİV haqqında" Qanuna müəyyən müddəalar daxil edilməlidir. Azərbaycanda sayt adı ola biləcək söz qalmayıb, hamısını domen kimi qeydiyyatdan keçiriblər. Bir şəxsin əlində 30-40 domenin olduğu hallar var. Özü də bu domenlər istifadəsiz saxlanır. Mən özüm yeni saytlar yaradarkən bunun əziyyətini çəkirdim, domen adı tapa bilmirdik. Hətta bəzən biz onu satın almağa məcbur olduq və fantastik qiymətlər oxudular adama. Birinci növbədə bu problemin həlli üçün qanunlara xüsusi əlavələr olmalıdır. Azərbaycanda telekanallarla bağlı qanunda belə bir tələb var ki, telekanal təsis edən şəxslər həmin telekanalın fəaliyyəti üçün lazım olan birillik maliyyənin olduğu bank hesabını göstərməlidirlər. Saytlar haqqında belə bir tələb yoxdur. Bir kompüteri olan sayt yarada bilir. Nəticədə isə yuxarıda qeyd etdiyimi vəziyyət ortaya çıxır.

- Mətbuat Şurası neçə ildir reket jurnalistikaya qarşı mübarizə aparır, reket qəzetlərin adı qara siyahıya daxil edilir, onlara qarşı müəyyən cəza tədbirləri görülür. İndi belə görünür ki, həmin qəzetləri yaradanlar, işlədənlər qəzet formatından elektron varianta, sayta keçiblər. Özlərini indi də bu sahədə rahat hiss edirlər. Sizcə, Mətbuat Şurası onlarla mübarizə istiqamətində hansısa təsirli üsullara əl atmalıdırmı?

- Mən yuxarıda bir sıra təkliflər, fikirlər səsləndirdim. Sayt yaradılarkən ofisi, rəsmi ünvanı, kollektivi olmalıdır. Ən azından bu tələblərə əməl olunub-olunmadığı araşdırıla və qanuni tədbirlər görülə bilər. Mətbuat Şurası və normal medianın nümayəndələri birlikdə təsadüfi adamlara, mediaya reketçilik vasitəsi kimi baxanlara qarşı mübarizə aparmalıdır və aparır. Sadəcə, bu işi daha da gücləndirmək lazımdır. Bütövlükdə isə mən Mətbuat Şurasının fəaliyyətindən razıyam. Əflatun Amaşov Mətbuat Şurasının sədri kimi medianın problemlərinin öz həllini tapması üçün əlindən gələni edir.

- Medianın kağız variantı getdikcə zəifləyir, populyarlığını itirir. Bununla bağlı məsələ redaktorların ölkə prezidenti ilə görüşündə də müzakirə oldu. İlham Əliyevin də bəzi fikirləri və göstərişləri oldu. Amma vəziyyət ciddi şəkildə yaxşılığa doğru dəyişmədi Qəzetlərin satışının rentabelliyini artırmaq üçün hansı işlər görülməlidir?

- Mən klassik mətbuatın yetirdiyi bir media təmsilçisi olduğum üçün print mediaya üstünlük verirəm. Amma bu da bir qaçılmaz gerçəklikdir ki, online media print medianı üstələyir. Bu problem var. Ona görə də düşünürəm ki, print medianın ayaq üstə qalmasının bir formasını tapmaq lazımdır. Print mediada elə materiallar dərc olunmalıdır ki, operativ xəbərçilik xarakteri daşımasın. Köhnəlməyən materiallar dərc olunmalıdır. Yollardan biri budur. Digər yolları da müzakirələrlə tapmaq olar. Qəzetə marağın azalmasını mən həm də təhsilin problemi kimi düşünürəm. Cəmiyyət savadsızlaşdıqca, onun oxumağa ehtiyacı azalır. Rusiyada “Komsolskaya Pravda” qəzeti milyonlarla tirajla çıxır və dərhal satılır. Türkiyədə çoxlu sayda qəzetlər var ki, heyrətamiz səviyyədə yüksək tirajla çıxır və satılır. Azərbaycanda insanlar köşkdən siqaret alır sağlamlığını zəhərləyir, ancaq qəzet alıb maariflənmir. Bu, savadsızlaşmanın təzahürləridir. Qəzetlərin kəndlərdə satışı üçün layihələr həyata keçirilə bilər ki, insanlarda oxumağa maraq artsın. Qəzetlərin maddi durumunun yaxşılaşmasının dünya təcrübəsində ən optimal variantı qəzetlərə reklam verilməsidir. Təəssüf ki, Azərbaycanda print mediaya heç bir şirkət reklam vermək istəmir...

- Əlamətdar günlərdə, bayramlarda iqtidar qəzetlərində çoxlu sayda reklamlar gedir. Müstəqil qəzetlərə isə reklam verilmir. Bu, açıq-aşkar reklam ayrı-seçkiliyi deyilmi?

- Bəli. Çox təəssüf ki, bu da var. Bir çox şirkətlər yalnız özlərinin şəxsi əlaqələri olan media orqanlarına o reklamları verirlər. Fikrimcə, dövlət, müvafiq qurumlar bu problemin həlli üçün addımlar atmalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR