Uorlik torpaqlarımıza qayıtmağımızı istəyir
Bizi izləyin

Nida.az

Uorlik torpaqlarımıza qayıtmağımızı istəyir

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) Masazırda məcburi köçkün şəhərciyində məcburi köçkünlərlə görüşüblər.

Publika.az APA-ya istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Ceyms Uorlikin köməkçisi Devid Salvo, Anjey Kaspşikin köməkçisi Hristo Hristov, Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin 3-cü katibi Rövşən Səfərov da iştirak ediblər.

Həmsədrlər məcburi köçkünlərin yaşadıqları mənzillərə baş çəkib, yaşayış şəraitləri ilə maraqlanıblar. Məcburi köçkünlər əsas arzularının doğma torpaqlarına qayıtmaq olduğunu bildiriblər.

Həmsədrlər Zəngilandan olan məcburi köçkün uşaqların təhsil aldıqları orta məktəbdə də olublar. Məcburi köçkün müəllimə Elvira Həsənova həmsədrlərin nə üçün işğalçı Ermənistana və işğala məruz qalan Azərbaycana eyni münasibət bəsləmələrinin səbəbini soruşub, məcburi köçkünlərin torpaqlarına nə vaxt qayıda biləcəkləri ilə bağlı sual verib.

C. Uorlik məcburi köçkünlərin torpaqlarına qayıtmasını istədiklərini bildirib: “Tam sülh razılaşması çərçivəsində məcburi köçkünlər, o cümlədən Zəngilandan olan məcburi köçkünlər torpaqlarına qayıdacaqlar. Biz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik.

Bununla bərabər, bu məsələ Azərbaycan və Ermənistanın siyasi iradəsi ilə həll oluna bilər. Məcburi köçkünlərin acınacaqlı vəziyyəti bizi çox narahat edir. Bakıda onlar üçün yaxşı şərait yaradılıb. Ancaq məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququnu biz də təsdiqləyirik. Mən inanıram ki, bu orta məktəbdə təhsil alan şagirdlər doğma torpaqlarına qayıdacaq, ermənilərlə birgə qonşuluq şəraitində yaşaya biləcəklər”.

Yaşlı məcburi köçkünlərin dünyalarını dəyişərkən öz doğma torpaqlarına dəfn olunmağı vəsiyyət etdikləri də həmsədrlərin diqqətinə çatıdırlıb. C. Uorlik isə deyib ki, xalqlar sülh istəyir: “Biz bu arzunu anlayırıq. Biz vasitəçi kimi sülhün təminatında əlimizdən gələni əsirgəməyəcəyik”.

Daha sonra həmsədrlər məktəbdə Zəngilanın tarixi ilə bağlı yaradılan guşələrə baş çəkiblər. C. Uorlik məktəbin "Xatirə dəftəri"nə ürək sözlərini yazıb.

O, bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ əldə edəcəklərinə ümidvar olduğunu qeyd edib: “Ümid edirəm ki, siz və övladlarınız doğma torpaqlarınızda sülh şəraitində yaşayacaqsınız. Həmsədrlər adından sizə söz verirəm: münaqişənin həlli istiqamətində əzmkarlıqla fəaliyyət göstərəcəyik ki, bölgədə xalqları qane edən Böyük Sülh Sazişinə nail olaq. Zəngin mədəni irsinizi qoruyub saxladığınıza görə sizə təşəkkür edirəm ”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm