Həmsədrlər məcburi köçkünlərin sualları qarşısında aciz qaldı - VİDEO
Bizi izləyin

Nida.az

Həmsədrlər məcburi köçkünlərin sualları qarşısında aciz qaldı - VİDEO

Bugünlərdə qonaqlı-qaralı paytaxtımızda ATƏT-in Minsk qrupunun həmsədrlərini də görmək olar. 15 ildən artıqdır ki, Dağlıq Qarabağ probleminin həlli yükünü öz üzərinə götürən qrup üzvlərinin bu yükü daşıya bilmədikləri çoxdan öz təsdiqini tapıb. Vəziyyət hətta o yerə çatıb ki, təkcə siyasi şərhçilər yox, sadə vətəndaşlar da həmsədrlərin fəailiyyətinin yararsızlığından gileylənir. Qrup üzvlərinin Zəngilan rayonundan olan qaçqınlarla görüşü bunun bariz nümunəsi oldu.


ANS TV-nin məlumatına görə, Masazırda 32 saylı Zəngilan rayon məktəbində keçirilən görüşdə tədris ocağının müəllim kollektivi həmsədrləri 15 illik fəailiyyətsizlikdə ittiham etdilər. Həmsədrlər isə öz növbəsində məcburi köçkünləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əllərindən gələni əsirgəmədiklərinə inandırmağa çalışdılar. Və onların yurd-yuvalarına qayıdacaqlarına inandıqlarını söyləydilər. Zəngilan müəllimlərinin “nə zaman?” sualına Amerikalı həmsədrin reaksiyası təəccüblü oldu. Ceyms Uorlik sadəcə gülümsəməklə kifayətləndi.

Rayonun Diyarşünaslıq muzeyinə baş çəkən həmsədrlər Zəngilanın tarixi və mədəniyyəti ilə maraqlandılar. Həmsədrlərə muzeyin əməkdaşı ətraflı məlumat verdikdən sonra qonaqlar qəsəbədə salınan uşaq bağçasına da baş çəkdilər.

Həmsədrlər Zəngilandan olan məcburi köçkün ailələrinin yaşadıqları şəraitlə də maraqlandılar.

Daha sonra ATƏT-in Minsk qrupunun nümayəndələri baş nazirin müavini, qaçqınkomun sədri Əli Həsənovla görüşdülər.

Əli Həsənov həmsədrlərin nəzərinə çatdırdı ki, məcburi köçkünlər üçün 90 belə qəsəbə salınıb. Bu qəsəbələrdə ümumilikdə 240 mindən çox qaçqın və məcburi köçkünlər məskunlaşıb. Əli Həsənov 380 min qaçqın və məcburi köçkünlərin də köçürülməsinə ehtiyac olduğunu dedi.

Jurnalistlərə müsahibəsində ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popov Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü hazırladıqlarını da deyib.

Jurnalistlərin bəzi suallarını isə həmsədrlər ustalıqla bu dəfə də cavabsız qoydular.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm