Avropa Oyunlarının təşkilinə görə Prezident və xanımına hədiyyə verildi
Bizi izləyin

Nida.az

Avropa Oyunlarının təşkilinə görə Prezident və xanımına hədiyyə verildi

“Beynəlxalq Olimpiya Komitəsinin bir çox prezidentləri, o cümlədən Samaranç, Roq və Bax hər zaman qeyd ediblər ki, Oyunların uğurlu keçməsinin ən vacib hissəsi ev sahibliyi edən ölkənin Oyunlara uğurla başlamasıdır və həqiqətən də dünən siz medal sayına görə çox uğurlu çıxış etdiniz. Mən uzun günün sonunda mehmanxanaya qayıdandan sonra Azərbaycan Televiziyasına baxdım. Sizin və birinci xanımın karate yarışında medalların verilməsində iştirak etməyiniz məni fərəhləndirdi”.

Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda çıxışı zamanı deyib.

P.Hikki sonra çıxışında deyib: “Azərbaycanın uğuru ilə bağlı digər bir məsələyə toxunmaq istərdim - bu gün heyrətamiz bir iş baş verib. Azərbaycan triatlon idman növündə bürünc medal qazanıb. Bu salonda toplaşanların diqqətinə çatdırmaq istərdim ki, bir il öncə belə bir idman növü Azərbaycanda mövcud deyildi. Bir il ərzində medal qazanacaq idmançıların hazırlanması məharət, tərəqqi və təlim üçün şəraitin yüksək olmasının göstəricisidir.

Cənab Prezident, bu, həqiqətən də böyük nailiyyətdir. Sonda Sizə və birinci xanıma, ölkənizin bütün vətəndaşlarına, bu işlərə cəlb edilən bütün insanlara bizə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən qonaqpərvərlik inanılmazdır. Son bir neçə gündür ki, həmkarlarımı dinləyirəm və onlardan eşidirəm ki, getdikləri bütün idman məkanları valehedicidir.

Cənab Prezident, Sizə və birinci xanıma bu tarixi Avropa Oyunları münasibətilə xatirə hədiyyəsi təqdim etmək istəyirəm. Düşünürəm, bu, o qədər əlamətdar məqamı əks etdirir ki, Siz onu gələcəkdə muzeyə verməli olacaqsınız. İcazənizlə, cənab Prezident, ilk hədiyyəni Sizə təqdim etmək istəyirəm”.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.

Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç, Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi, Avropa Olimpiya Komitəsinin xəzinədarı Kikis Lazarides, “Bakı-2015” birinci Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos, həmin komitənin sədr müavini Zlatko Matesa, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberq, Avropa Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Jan Mişel Saive, Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, Litva, Slovakiya, Polşa, Danimarka, Lüksemburq, Almaniya və İsraildən olan üzvləri, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri, nüfuzlu idman xadimləri və dünya səviyyəli idmançılar iştirak etdilər.

Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları bütün dünyanın diqqət mərkəzindədir. Belə bir mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya bir daha sübut edir ki, son illərdə iqtisadi inkişafı ilə diqqət mərkəzində olan ölkəmiz həm də idman sahəsində mühüm nailiyyətlər qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də tarixi uğurlar qazanılıb. Hər an Azərbaycan dövlətinin qayğısını hiss edən idmançılarımız müxtəlif olimpiadalarda, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandıqları medalların sayını ilbəil artırlar. Bütün bunlar Avropanın idman tarixində bir ilk olan birinci Avropa Oyunlarının keçirilməsinin məhz Azərbaycana etibar edilməsində mühüm rol oynadı. Ölkəmizin beynəlxalq nüfuzu, dünyada formalaşdırdığı müsbət imic, beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək təcrübəsi, Azərbaycandakı ictimai-siyasi sabitlik, son illərdə əldə olunan iqtisadi nailiyyətlər bu mötəbər idman tədbirinin Azərbaycanda keçirilməsinə qərar verilməsində həlledici amillər sırasında oldu.

Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunlarının keçirilməsi bir daha sübut edir ki, Azərbaycan beynəlxalq idman aləminin aparıcı dövlətlərindən biri kimi, dünyadakı mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.

Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün mühüm işlər gördü. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən qurularaq birinci Avropa Oyunlarına hazırlıq vəziyyətinə gətirildi. Beləliklə, belə bir mühüm idman tədbirinə ev sahibi kimi, ölkəmiz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi.

“Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər bir idman yarışıdır. Birinci Avropa Oyunlarında iştirak edən ölkələr buraya ən tanınmış və ən güclü idmançılarını göndərib. Bu yarışlarda Azərbaycan da daxil olmaqla, Avropanın 50 ölkəsindən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizəyə başlayıb. Bu idman növlərindən 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya növlərinə daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm