Siyavuş Novruzov: “Avropa Oyunlarında iqtidarla müxalifət bir oldu”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Avropa Oyunlarında iqtidarla müxalifət bir oldu”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Bakı 2015” I Avropa Oyunlarının təntənəli açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu oyunların təşkilatçılarına minnətdarlığını bildirib.

S.Novruzov Publika.az-a açıqlamasında bildirib ki, ilk Avropa Oyunlarının açılışı ən yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirin reallaşması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsidir: “Ötən gün Azərbaycanda 15 İyun Milli Qurtuluş Günü qeyd olundu. Demək istəyirəm ki, əgər 1993-cü ildə bu qurtuluş olmasaydı, o zaman indi ilk Avropa Oyunları Azərbaycanda keçirilə bilməzdi. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi 15 İyun qurtuluş gününün bəhrəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan müstəqil Azərbaycan dövlətinin bu gün daxili və xarici siyasəti Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bir sıra xarici qonaqların, dövlət başçılarının və hökumət rəhbərlərinin, tanınmış şəxslərin Avropa Oyunlarına gəlməsi bir daha onu göstərdi ki, Azərbaycan dünyada tanınan və inkişaf edən müstəqil dövlətdir. Odur ki, hər hansı xarici təşkilatın və nümayəndənin ölkəmiz haqqında nə deməsindən asılı olmayaraq, Azərbaycanın dünya siyasətində öz dəsti-xətti və yolu var. Bu yoldan da bizi heç kəs döndərə bilməz”.

S.Novruzov “Bakı 2015” Birinci Avropa Oyunlarında müxalifət partiyaları funksionerlərinin də iştirakına münasibət bildirib: “İlk Avropa Oyunlarında 2 müxalifət partiyasından və onların mediasından savayı, bütün siyasi partiyalar və kütləvi informasiya vasitələri iştirak edir, bu oyunları yaxından dəstəkləyir və Azərbaycanın bu uğuruna sevinirlər. Avropa Oyunlarının açılışına sevinməyən bir neçə dövlət və təşkilat var idi ki, bunların arasında ən birinci Ermənistanın adını çəkmək olar. Təsəvvür edin ki, ilk Avropa Oyunlarına xaricdən Ermənistan və erməni lobbisi, daxildən isə 2 partiya sevinmirdi. Bu isə artıq faktdır ki, həmin qüvvələri qətiyyən Azərbaycanın uğurları maraqlandırmır. Bir daha əmin olduq ki, Azərbaycanın ümummilli məsələlərində və onun təbliğində, azərbaycanlıların həyata keçirdiyi böyük layihələrdə sözügedən partiyalar Azərbaycan xalqının yanında deyil. Onlar Azərbaycanı qərəzli şəkildə tənqid edən düşmən qüvvələrin yanındadır. Yəni, Ermənistan dövlətinin və erməni lobbisinin yanındadır. Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları var ki, onlar erməni pulu ilə maliyyələşir. Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Sevindirici haldır ki, 2 partiyanı çıxmaq şərti ilə, Avropa Oyunlarında Azərbaycan iqtidarı ilə müxalifət partiyaları bir oldular”.

YAP-çı deputat bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən dairələr və təşkilatlar artıq məyus olublar: “Avropa Parlamenti, Almaniya Bundestaqı, ABŞ-ın bir sıra təşkilatları və digər qərəzli kampaniyalar aparan institutların hamısını Azərbaycan güclü iradəsi ilə məyus edib. Onlar gözləmirdi ki, Azərbaycan qısa müddət ərzində bu qədər böyük işlərin öhdəsindən uğurla gələ bilər. Xaricə Azərbaycanla bağlı donoslar verən və əvəzində külli miqdarda pullar alan qüvvələr düşünürdülər ki, onlar Ermənistana müxtəlif məlumatlar ötürən və buna görə məsuliyyətə cəlb olunan şəxsləri törətdikləri cinayətlərdən xilas edə biləcəklər. Bütün bunların alınmadığını görəndən sonra həmin qüvvələr artıq məyus olublar. Onlar görürlər ki, Azərbaycanda kimliyindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında bərabər hüquqa malikdir. Ona görə də Azərbaycanla bu cür təzyiq metodu ilə danışmaq olmaz”.

S.Novruzov onu qeyd edib ki, artıq “Milli Şura” adlanan qurum yoxdur: “Belə bir təşkilat qalmayıb, çoxdan iflasa uğrayıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm