“Bakı 2015: Birinci Avropa Oyunları” – İkitərəfli Qələbə Formulu
Bizi izləyin

Nida.az

“Bakı 2015: Birinci Avropa Oyunları” – İkitərəfli Qələbə Formulu

Birinci Avropa Oyunları başladı. Paytaxt Bakı möhtəşəm tədbirə layiqincə ev sahibliyi edir. Möhtəşəm açılış mərasimində on minlərlə tamaşaçının, dünyanın siyasi liderlərinin, yerli və xarici media və QHT nümayəndələrinin, siyasi partiya rəhbərlərinin iştirakı bu oyunların nəinki Avropa, elə dünya üçün də əhəmiyyətli olduğunu göstərdi.

Bütün iştirakçılar, qonaqlar, beynəlxalq və yerli ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyinin şahidi oldular. Mərasimdə ən kiçik nüanslar belə nəzərə alınmışdı; təqdim edilən kompozisiyalara, musiqi nömrələrinə qədər hər bir komponent ölkə başçısının və Təşkilat Komitəsinin sədrinin müasir zövqünə, Azərbaycana sevgisinə adekvat idi .

Oyunların daha bir əhəmiyyəti özünü ondadır ki, Azərbaycanda dövlətin və xalqın birliyinin sübutudur. Dövlət və xalqın vəhdəti, Azərbaycan xalqının öz hakimiyyətinə, Prezidentinə etibar etməsi, onun uzaqgörən siyasətini dəstəkləməsi haqda ali kürsülərdən deyilmiş fikirlər bütün dünya üçün bir daha öz təsdiqini tapdı. Prezidentin düzgün qərarı xalq tərəfindən tərəddüdsüz dəstəkləndi. Ölkə vətəndaşları bilirdilər ki, Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə böyük bir uğura imza atır. Vətəndaşın gözlədiyi də, istədiyi də bu idi.

Bu gün hər kəs ölkə adına qazanılan bütün uğurlardan sonsuz fəxr duyur, Azərbaycanı daha çox tanıtmaq, dövlətimizin dünya dövlətləri arasında öz yerini tutmasını sevinclə qarşılayır. I Avropa Oyunlarına ev sahibliyi etməklə, tarixdə xüsusi yeri olacaq bir uğura imza atıldı. Uğurlarımızı müəyyən qədər yerli və xarici media da işıqlandırır, xarici qonaqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri bu barədə danışır. Amma Oyunların verdiyi faydanın görünən və görünməyən, deyilən və deyilməyən tərəfləri də var. I Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, həm də Avropanın özü üçün də əhəmiyyətlidir.

İlk növbədə, Birinci Avropa Oyunlarının bütün dünya üçün sülh mesajı olmasındadır. Oyunlara ev sahibliyi etməklə, Azərbaycan yerləşdiyi çoğrafi regionda, Avropada, dünyada sülhün tərəfdarı olduğunu sübut etdi. Ev sahibi olaraq, yarışlara qatılan 48 ölkə ilə bərabər torpaqlarımızı işğal edən Ermənistan idmançılarını da qeyd-şərtsiz qəbul etmək, düşmən ölkənin idmançılarının və nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat vermək, təkcə protokol qaydası deyil, eyni zamanda Azərbaycan rəhbərliyinin dünyaya verdiyi sülh mesajı kimi qəbul olunmalıdır.

İkincisi, müstəqilliyinin cəmi 24 yaşı olan Azərbaycanı I Avropa Oyunlarının təşkilatçısı kimi nəinki qədim Avropada, uzaq Amerikada, yaxın Asiyada, isti Afrikada belə hər kəs tanıdı və tanıyacaq. Oyunlarla bağlı keçirilən rəsmi təqdimat mərasimləri, ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyəti, media və vətəndaş cəmiyyəti institularının təşkil etdikləri turlar bu tanıtımda əhəmiyyəli rol oynadı. Bu fəaliyyətin son mərhələsi isə oyunların rəsmi açılış mərasimi oldu. Hazırlıq və təqdimat mərhələləri, oyunların möhtəşəm açılış mərasimi Azərbaycanın təkcə neft-qaz ölkəsi olmadğı, böyük bir mədəniyyətə, incəsənətə, tarixə sahib olduğunu dünyaya çatdırdı. Müasir dünyanın ən böyük ideoloji silahı informasiya hesab olunur.

Yeni medianın, sosial şəbəkələrin imkanlarından yararlanmaqla, qərəzli və ənənəvi informasiya blokadası dağılır və həqiqəti əks etdirən informasiya mənbələri formalaşır, dünyanın informasiya sisteminə daxil olur. Güclü informasiya siyasəti qura bilən dövlətlər və xalqlar dünyanın siyasi, iqtisadi nizamında öz yerini tutur, diqtə olunan dövlətdən diqtə edən dövlətə çevrilir. Dövlətin iqtisadi və siyasi imkanlarının dünyaya təqdimatı və açılması hər zaman güclü və sərhədsiz informasiya sistemi hesabına əldə edilir. Güclü və geniş əhatəli informasiya sisteminin qurulmasıyla dövlətlər dünyanın siyasi nizamında söz sahibinə çevrilə bilirlər.

İnformasiya sisteminin genişlənməsinə torpaqlarımızın işğalının bizə yaratdığı problemlərin çözülməsində təkcə dövlətlərin, siyasi təşkilatarın, siyasətçilərin deyil, ictimai qurumların, elm, mədəniyyət və idman adamlarının dəstəyinin qazanılması kimi də baxmaq vacibdir. Oyunlara qatılan idmançıların, xarici qonaqların, turistlərin hesabına yeni informasiya imkanları qazanırıq. 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı illər öncə ölkəmizin sərhədləri xaricinə çıxara bilmirdik. Uzağı, Türkiyəyə, yaxud qonşu MDB ölkələrinə qədər gedib çıxa bilirdik. Amma bu gün dünyanın əksər ölkələrində bu facidədən hər kəs xəbərdardır, dünyann 10-dan çox dövlətinin parlamentində Xocalı faciəsinin soyqırım olması ilə bağlı qərarlar qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlanan “Xocalıya Ədalət” kampaniyası məhz informasiya siyasətimizin formalaşması, problemlərimizin dünya ictimaiyyətinə təkcə çatdırılması deyil, həm də dünya dövlətlərinin, beynəlxalq qurumların, ictimai təşkilatların, elm, mədəniyyət adamlarının bizimlə bir sırada dayanması idi.

Digər mühüm uğur isə qələbə əzmidir və bunu xüsusi qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin “Atəşgah” məbədindən alovlandırdığı I Avropa Oyunlarının məşəli bütün ölkə boyu gəzdirildi; Naxçıvandan Qubaya, Qazaxdan Yardımlıya qədər. Ölkə əhalisi böyük coşqu və sevinclə, qürurla bu məşəli qarşıladı. 24 illik müstəqillik tariximizdə bu qədər ruh, qələbəyə inam hissini müşahidə etmirdik. Bu bayram əhvalı insanların ruhu dəyişdi, gələcək qələbələrə inam hissi elə məşəl kimi alovlandı. Etiraf etməliyik ki, müstəqilliyə qovuşduğumuz 1991-ci ildən üzübəri təcavüzkar Ermənistanın işğalçılığı, dünya dövlətlərinin ikili standartları hesabına itirilən torpaqlarımızın acısı içimizdəki bayram, qələbə əhvalını hər zaman kölgədə qoyurdu. Prezidentin alovlandırdığı bu məşəl Azərbaycanda qələbəyə inam, qələbə uğrunda mübarizə ruhu formalaşdırıb.

İndi uşaqda-böyüyə hər kəs “Ovod”un qəhrəmanı Artur Bertondan mübariz əhvalda olan idealist Feliçe Rivaresə çevrilib desək, səhv etmərik.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən 2 il 6 ay vaxt keçir. Az müddət ərzində bu qədər böyük miqyaslı tədbirə ev sahibliyi etməyən ölkə üçün infrastrukturların yaradılması böyük zəhmət tələb edirdi. Təcrübədən məlumdur ki, bu kateqoriyadan olan beynəlxalq tədbirlərə hazırlıq üçün 4-7 illik bir müddət gərəkdir. Amma vaxt məhdudiyyətinə baxmayaraq, proses dünya standartlarına uyğun icra olundu. Möhtəşəm olimpiya stadionu açılışı qəbul etdiyi kimi, digər idman arenaları digər oyun növlərini qəbul edir: Bakı Su İdmanı Sarayı, Velopark, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Bakı İdman Zalı, Kristal-1, Kristal-2, Kristal-3, Milli Gimnastika Arenası. Bunlar ancaq idman yarışları üçün nəzərdə tutulan infrastrukturlardur. İdmançılar Atletlər Kəndində möhtəşəm bir şəhərcikdə yaşayır. Bütün bunlar göstərir ki, Azərbaycanda qısa və məhdud zaman ərzində nə qədər böyük layihələr icra olunub. Media nümayəndələrinin oyunları daha yaxından izləməsi üçün infrasturkturun yaradlmasından, VİP qonaqlar üçün ayrıca oturacaqların quraşdırılmasına qədər böyük və əhəmiyyətli işlər görülüb.

Artıq II Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda ikinci oyunlara ev sahibliyi etmək istəyən ölkə müəyyənləşəcək. Oyunların standartları, ənənələri o qədər möhtəşəmdir ki, ikinci oyunlara ev sahibliyi edəcək ölkənin üzərinə Avropa Oyunlarını Azərbaycanın müəyynələşdirdiyi standartlara uyğun hazırlamaq və keçirmək kimi böyük məsuliyyət düşür. Amma qarşıda 4 il var. Eləcə də Azərbaycan təcrübəsi, mövcud standartlar, hazırlıq üzrə peşəkarlar, könüllülər var. Cənab Prezidentin də dediyi kimi Avropa Oyunları üçün Azərbaycan standartları Avropanın qazancıdır.

Bildiyimiz kimi qitə oyunlarının keçirilməməsinə görə Avropa Amerika və Asiyadan geri qalırdı. Amerika və Asiyada qitə oyunlarının tarixi 50 ildən çoxdur. Pan Amerika Oyunları 1955-ci ildən, Asiya Oyunları isə 1951-ci ildən keçirilir. Hər iki qitədə keçirilən oyunların illərdir oturuşmuş standartları mövcuddur. Avropada isə bu, ilkdir. Ona görə də ilk təşkilatçılıq həm də risk sayılırdı. Standartların formalaşacağı, ənənələrin yaradılacağı, dünya miqyasında təbliğat işinin qurulması, Avropa Oyunlarını Amerika və Asiya oyunları səviyyəsində təqdim etmək son dərəcə məsuliyyət tələb edirdi. Məsuliyyəti üzərinə götürən ölkə kimi Azərbaycan bunu uğurla yerinə yetirdi. İlk dəfə keçirilməsinə baxmayaraq, aparılan təbliğat işi o qədər yüksək səviyyədə quruldu ki, Avropa oyunları populyarlığına görə digər iki qitə oyunları ilə artıq eyni statusdadır. Asiya Oyunlarının əsas lider ölkəsi olan Çinin I Avropa Oyunlarının yayımına lisenziya alması bunun sübutudur. Mübaliğəsiz demək olar ki, ilk dəfə keçirilsə də, artıq Avropa Oyunları Avropanın özü qədər Asiyada da populyardır. Avropanın bu qazancında əsas pay sahibi isə ilk oyunların ağırlığını, məsuliyyətini üzərinə götürən, bu missiyanı layiqincə yerinə yetirən, möhtəşəm açılış mərasimi təşkil edən Azərbaycandır.

Bir tarix yazıldı. O tarix ki, əsrlər keçəcək, dünya dəyişəcək, amma Avropa Oyunlarının ilk təşkilatçısı kimi Azərbaycanın adı unudulmayacaq. Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bir nümunə olaraq, hər zaman danışılacaq. Avropa Oyunlarının məşəli bu oyunlar zamanı Azərbaycandan – Atəşgahdan Avropaya aparılacaq!

Rufiz Qonaqov, Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyasının Koordinatoru, politoloq, BMAM sədri

Rəfail Becanov, jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm