Deputat: “Erməniləri ağıllandırmağın vaxtı çatıb”
Bizi izləyin

Nida.az

Deputat: “Erməniləri ağıllandırmağın vaxtı çatıb”

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu il Rusiyadan yeni təşəbbüslər gözlənilir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsün özünü nə qədər doğruldub-doğrultmayacağını indidən demək çətindir. R.Musabəyov deyib ki, aparılan danışıqlar zamanı hər hansı nəticə və ya müsbət əhvali-ruhiyyə olmazsa, o zaman cəbhədə vəziyyətin gərginləşməsi istisna olunmur: “Çünki son vaxtlar bir sıra Qərb və Rusiya dairələri də proqnozlar verirlər ki, Avropa Oyunları başa çatandan sonra danışıqlar bərpa olunmazsa, o zaman cəbhədə gərginliyin artması gözlənilir. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Bakıya gəlib. Ondan öncə də Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüşüblər. ATƏT-in Minsk qrupu danışıqlarda ümid yerinin qaldığını bəyan edir, amma ciddi irəliləyişə səbəb olacaq addımlar atmaq istəmir. Hesab edirəm ki, əgər onlar hər hansı addım atmaq istəmirsə, o zaman Ermənistanı ağıllandırmağın vaxtı artıq çoxdan çatıb. Hər kəs də yaxşı anlayır ki, ilkin mərhələdə ermənilərin işğal olunan Azərbaycan ərazilərindən çıxması qaçılmazdır”.

Politoloq son vaxtlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətində yaranmış durğunluğun səbəblərini də izah edib: “Ermənilər qondarma soyqırımı iddialarının “yüzilliyi” ərəfəsində çox həvəslənmişdilər. Düşünürdülər ki, onlar bu məsələdən sui-istifadə etməklə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da mövqelərini möhkəmləndirə biləcəklər. Ancaq bu mümkün olmadı.

İndi “Bakı 2015” Birinci Avropa Oyunları davam edir, Azərbaycanın başı bu oyunlara qarışıb. Adətən, yay mövsümündə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar o qədər də intensiv aparılmır. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu yaxınlarda İrəvana səfər etmişdi. Həmsədrlərin sözlərinə görə, onlar bu ilin avqustunun sonu və yaxud sentyabrın əvvəlində Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək istəyirlər, bu görüş üçün təkliflər hazırlayırlar. Ancaq mənim Minsk qrupu həmsədrlərinin bu işindən elə böyük ümidim yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm