• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gözəlliklər içində zibillik axtaranlar

  • Nida.az
  • 18 İyun 2015 20:01
  • 429 Baxış
Gözəlliklər içində zibillik axtaranlar

Və ya Azərbaycanın böyük uğurları bəzi dairələri niyə narahat edir?

"Avroviziya" mahnı yarışması ərəfəsində də belə idi. Məlum mərkəzlərdən idarə olunan həm ölkə içi, həm də xaricdəki dairələr mümkün olan hər şeyi etdilər ki, Azərbaycanın o böyük uğuruna kölgə salsınlar. Bakının göz oxşayan gözəllikləri varkən xarabalıq bayquşları gözdən-könüldən uzaq yerlərdəki hansısa zibilliyin şəklini çəkib dünyaya göstərirdilər ki, Azərbaycan, sən demə, pis gündəymiş. Təbii ki, hər kəs öz mahiyyəti qədər dürüst, təmiz olar. Onlar da öz xəbisliklərinə sadiq qalaraq gözəlliklər içində zibillik axtardılar, hardasa tapdılar (sanki öz ölkələrində zibillik yoxmuş) və şəklini çəkib dünyaya yaydılar ki, "Avroviziya" kölgədə qalsın. Amma necə ki, günəşi palçıqla suvaqlamaq olmaz, bunların o çalışmaları da bir fayda vermədi. Azərbaycan ən yaddaqalan, ən möhtəşəm və ən rəngarəng "Avroviziya" yarışmasını ən layiqli şəkildə təşkil etdi.

Ölkəmizin həmin uğuru bədxahlarımızı o qədər özündən çıxardı ki, bundan sonra daha da əsəbləşdilər, üzərimizə daha qəzəblə gəlməyə başladılar. Amma istədikləri alınmadı.

Əgər "Avroviziya" ərəfəsində həmin qüvvələrin arxasında xeyli insan vardısa, bu gün sıraları o qədər seyrəlib ki, barmaqla sayılacaq qədərdirlər. Yalnız özləridir. Yenə də hay-küy salırlar. Lakin arxalarında 5 il öncə olan insanlar yoxdur. Çünki yalan ayaq tutar, yeriməz. "Avroviziya" necə möhtəşəm alındısa, onların bütün cəhdləri puça çıxdı, dünyaya təqdim etmək istədikləri "qara Azərbaycan" planı alınmadı. Gəlib-gedənlər əsl Azərbaycanı gördülər, yalançıların yalanları havaya uçdu.

İndi də eyni dairələr suyu bulandırıb balıq tutmaq istəyirlər. 1-ci Avropa Oyunları öncəsi başlamış qarayaxma kampaniyası ölkə içindən faktiki kiçik istisnalarla heç bir dəstək ala bilmədi. Ölkənin bütün siyasi kəsimləri Azərbaycanın bu böyük uğurunda birgə iştirak etdilər. Hakimiyyət-müxalifət demədən hər kəs əlindən gələni və bəzən daha artığını etdi ki, heç bir çatışmazlıq olmasın.

Bu dəfə də zibillik axtarmaq eşqinə düşənlər vardı. Hətta hazırlıqlı şəkildə bura gəlmək üçün planlar da cızırdılar. Lakin planları ifşa edildiyi üçün yenə də alınmadı. Bu dəfə ümumiyyətlə heç bir planları baş tutmadı bunların.

Həm də bir şey aydın oldu ki, həmin dairələrin 3-5 il bundan öncə aldadaraq, şirnikləndirərək öz bəd əməllərinə alət etdikləri qüvvələr də onlardan üz döndərib.

Bütün dünyaya hay saldılar ki, Azərbaycan dəhşətli bir yerdir, burda Avropa Oyunları keçirilə bilməz, küçədə gəzmək belə təhlükəlidir. Amma alınmadı. Dünya bunların yalanına bir dəfə aldandı, indi aldanmaq istəmədi.

Avropa Oyunları üçün Azərbaycana gələn 10 min əcnəbi bir daha əmin oldu ki, Qərbin bəzi dairələrinin onlara sırıdığı təbliğat boş bir şeydir.

Avropa Oyunlarının açılış mərasimi dünyaya səs saldı. Özü də elə bir səs ki, antiAzərbaycan təbliğat qrupunun əli-ayağı soyudu. Bilirdilər ki, möhtəşəm olacaq. Amma bu qədər möhtəşəm olacağını gözləmirdilər. Bir qüsur olar deyib ümid edirdilər, olmadı. Heç bir qüsur, heç bir tənqid məqamına yer olmadı.

Elə həmin gün və ondan sonra keçən bir həftə ərzində yayılan qiymətləndirmələr də bunu deməyə əsas verir. Hətta Lüksemburqun idman naziri Romayn Şnayder bu oyunların açılış mərasimini 2012-ci il London Olimpiyadasının açılışıyla müqayisə edərək London+ qiymətini verdi. Üstəlik qeyd etdi ki, bu qədər mükəmməl təşkilatçılığı olan Azərbaycan növbəti olimpiya oyunlarına ev sahibliyi etməyə də rahat şəkildə iddia edə bilər.

Açılış və ondan sonra keçən bir həftə həm də onu göstərdi ki, Azərbaycan xalqı və hakimiyyəti arasında kimlərinsə arzu etdiyi uçurumdan əsər-əlamət yoxdur! Bəli, bu oyunlar üçün səfərbər edilmiş könüllülər, müxtəlif vəzifə sahibləri ən yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirməkdədir. Kimlərsə arzu edirdi ki, açılış mərasimində hansısa xəyali qüvvələr qanqaraldıcı hərəkətlər edəcək. O da olmadı. Əksinə, oraya toplaşan 68 min insanın arasında bir nəfər də olsun açılışa kölgə salacaq əmələ yol vermədi. İstər qonaqlar, istərsə də Azərbaycanlılar idmanın ruhuna xələl gətirəcək heç bir əməli müşahidə etmədilər.

Bu, Azərbaycan xalqıdır. Bu, Azərbaycan dövlətidir. Və bu, Azərbaycan Prezidenti və onun siyasətinin daha bir təntənəsidir!

Dünyanın diqqəti hər gün Azərbaycanın üzərindədir. Bizdən yazırlar, göstərirlər, danışırlar. Kimlərsə yenə də üzərimizə çamur atmaq istəyir. Amma alınmır. Çünki 1 nəfər çamur atanda 10 nəfər, 100 nəfər obyektiv insanın bərbəzəksiz, doğru sözü qarşısında duruş gətirə bilmir.

Biz buyuq. Biz Azərbaycan xalqıyıq. Bizim dünyayla danışıq dilimiz budur: dinc yarışlar, idman, sülh, tolerantlıq. Bizim kimsəylə problemimiz yoxdur, ola da bilməz. Hətta ermənilərlə də. Yalnız işğal etdikləri torpaqlarımızdan çıxsınlar, Azərbaycan xalqının onlarla da sülh şəraitində necə yaşadığını bütün dünya görə biləcək.

Məlum dairələri narahat edən həm də Azərbaycan Prezidentinin zatən möhkəm olan mövqelərinin daha da möhkəmlənməsidir. İstər ölkə içində, istərsə də beynəlxalq müstəvidə Azərbaycan Prezidenti öz sözüylə, mövqeyi və qətiyyətilə seçilən liderlərdəndir. Söz sahibidir, sözünün ağasıdır. Yaxın coğrafiyamızdakı bəzi ölkələrin rəhbərlərindən fərqli olaraq kimsənin qarşısında gözükölgəli deyil. Əslində, bədxahları narahat edən amillərdən ən birincisi də budur. Çünki bilirlər ki, xalq içində bu qədər dəstəyi olan bir lideri hər hansı məsələdə güzəştə məcbur edə bilməzlər. Ona görə də xalqla rəhbər arasında, xalqla hakimiyyət arasında uçurum yaratmaq üçün illərini və milyonlarını xərcləyirlər. Yenə də alınmır. Çünki Azərbaycan dövləti rəhbərin təmkinli və uzaqgörən siyasəti nəticəsində bunların bütün cəhdlərini bir gedişlə puça çıxara biləcək ani gedişlərlə onları mat qoyur!

1-ci Avropa Oyunları arzu edildiyi və planlaşdırıldığı kimi gedir. Hər şey əladır, mükəmməldir. Oyun zalları tamaşaçılarla dolub-daşır. İyunun 28-nə nəzərdə tutulan qapanış tədbiri üçün biletlər belə artıq satılıb. Dünyanın 100-dən artıq ölkəsində TV kanalları və bizə bəlli olmayan sayda qəzetlər, internet saytları bu oyunlar haqqında reportajlar, canlı yayım verir. Ölkəmiz "Avroviziya"dan sonra necə bir həmlədə, sıçrayışla yaxşı tərəfdən dünyaya tanıdılmışdısa, bu oyunların sayəsində on qat, yüz qat daha artıq tanıdılacaq. İndi bu bədxahlarımız belə bir şansa üzülməsin də, nə etsin?..

Milli.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR