• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Çingiz Əsgərov: "Avropa Məhkəməsinin qərarı Qarabağ münaqişəsinə aid ilk hüquqi məcburiyyətə malik sənəddir"

  • Nida.az
  • 19 İyun 2015 12:11
  • 247 Baxış
Çingiz Əsgərov: "Avropa Məhkəməsinin qərarı Qarabağ münaqişəsinə aid ilk hüquqi məcburiyyətə malik sənəddir"

"Avropa İnsan Hüquqları Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərlə bağlı çıxardığı qərarın hüquqi cəhətdən əhəmiyyəti var. Həmin qərar Dağlıq Qarabağ münaqişəsinə aid olan ilk hüquqi məcburiyyətə malik olan sənəddir. Qarabağla bağlı beynəlxalq təşkilatlar bir çox siyasi qərarlar, qətnamələr qəbul edib. İndi isə bu qətnamələr Avropa məhkəməsinin qərarında da əksini tapıb".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib. O bildirib ki, ilk dəfədir, bu məsələyə hüquqi müstəvidə qiymət verilib: "Hüquqi sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Onlar artıq deyə bilməzlər ki, "Dağlıq Qarabağda dövlət mövcuddur, Ermənistan dövlətinin buna aidiyyəti yoxdur". Çünki burada göstərilib ki, Dağlıq Qarabağda olan rejim məhz Ermənistanın nəzarətindədir. Mətbuatda bu məsələyə münasibət bildirən azərbaycanlı vəkillər iddia edir ki, həmin qərarda işğal məsələsi göstərilməyib. Lakin əslində, qərarda işğal faktı da əks etdirilib. Avropa Məhkəməsi qeyd edir ki, Ermənistan Azərbaycan torpaqlarında effektiv nəzarəti həyata keçirir. Burada dolayısı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təsdiq olunur. Bilirsiz ki, Ermənistan bir neçə dəfə Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi danışıqlara cəlb etmək istəyib. Artıq, bunu edə bilməz. Məhkəmə qərarında Ermənistanın münaqişədə tərəf olduğu göstərilir.

Hazırda bu məsələ Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətinə verilib. Komitənin sentyabrda keçiriləcək iclasında Azərbaycanın nümayəndə heyəti bu məsələni gündəliyə daxil etməlidir. Artıq Ermənistan məhkəmə qərarını yerinə yetirməyə məcburdur. Dağlıq Qarabağla bağlı minlərlə şikayət ərizəsi Avropa Məhkəməsinə daxil olub. Bu məsələ həmişə Azərbaycan dövlətinin diqqətində olub. Bu, president olaraq, digər ərizələrə baxılması üçün önəmli qərardır".

Ç.Əsgərov Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin şikayətinə gec baxılmasına da münasibət bildirib: "Bir müddət öncə, Avropa Məhkəməsinin keçmiş sədri Jan Pol Kosta demişdi ki, bu məsələ siyasi xarakter daşıdığından, məhkəmə buna baxmamalıdır. Necə olur, Kiprdə, Dnestryanı bölgə ilə bağlı məsələyə baxılır, amma Qarabağ məsələsi arxa plana keçir. Bu, ayrı-seçkilikdir. Daha bir faktı qeyd edim: Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi Avropa Məhkəməsinə şikayət etmişdi və tələb edilmişdi ki, bu məsələ prioritet hesab edilsin. Bu, mümkün olmadı.

Amma Azərbaycanda həbs edilən Leyla Yunus və digərlərinin işinə Avropa məhkəməsində tez bir zamanda baxıldı. Halbuki bu adamlar müstəqil, suveren dövlətdə qanuni məhkəmə qərarı ilə həbs edilib. Buradan görünür ki, onlar məsələlərə ikili standartlarla yanaşır".

Xatırladaq ki, bir neçə gün əvvəl Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunur ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

"Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. Belə ki, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR