• USD 1,8311 +1,45% EUR 1,9483 +0,93%
    • GBP 2,2482 +0,95% RUB 0,0308 +1,30%

Əli Həsənov dini missionerlik məsələsinə münasibət bildirib - FOTOLAR

  • Nida.az
  • 7 Mart 2014 13:21
  • 1 852 Baxış
Əli Həsənov dini missionerlik  məsələsinə münasibət bildirib - FOTOLAR

Qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə din amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri geniş müzakirə mövzusuna çevrilib. Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri din-dövlət münasibətlərinin bir daha fəal şəkildə nəzərdən keçirilməsini zəruri edir. Publika.Az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Konstitusiyaya əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ölkəmizdə din dövlətdən ayrıdır, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Azərbaycan dövlətinin din siyasəti demokratik cəmiyyət quruculuğu kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır: "Fəxrlə qeyd etmək olar ki, mütərəqqi dəyərlərdən biri olan dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Azərbaycanda tarixən heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur. Azərbaycanda mövcud qanunlar çərçivəsində dini fəaliyyətə zəruri şərait təmin edilir, dövlət vəsaiti hesabına məscidlər bərpa olunur və ya yenidən qurularaq dindarların istifadəsinə verilir".

Ə.Həsənovun sözlərinə görə, təsadüfi deyil ki, son illər Bakı şəhəri həm də dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzi kimi tanınır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur: "Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dini dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda idarə olunan müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycanda öz məqsədlərinə uyğun ictimai rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlət idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər".

PA rəsmisi qeyd edib ki, vətəndaşların müxtəlif şirnikləndirici vasitələrlə ələ alınması, radikal dini ideyaların aşılanması yolu ilə onların təfəkkürünün, dünyagörüşünün dəyişdirilməsi, ayrı-ayrı qeyri-qanuni icmalar yaratmaqla və bu qurumların fəaliyyətini istiqamətləndirməklə cəmiyyət həyatının ahəngdar ritmini, mövcud ictimai-siyasi sabitliyi pozmaq cəhdləri güclənmişdir: "Həmçinin, yeniyetmələrin, gənclərin təsir dairəsinə salınması, yetişdirilməsi və dövlət orqanlarında yerləşdirilməsi, sonrakı mərhələdə isə onların idarə olunması vasitəsilə dövlətin daxili və xarici siyasətinə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır. İstər Yaxin Şərq, istərsə də bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət analoji proseslərin Azərbaycanda da təkrarlana biləcəyi ehtimalından narahatdır".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiyaya, qanunlar və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə tənzimlənir: "Öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Mövcud qanunlara və ictimai normalara riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti göstərən təşkilatlara qarşı isə aidiyyəti orqanlar tərəfindən vaxtında və hüquqi normalar çərçivəsində lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə, dövlət içində dövlət yaratmaq cəhdlərinə qarşı qəti barışmaz mövqedədir və belə niyyətlər heç vaxt nəticə verə bilməz".

Onun sözlərinə görə, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları öz yollarından çıxararaq dövlətlə üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə dövlət orqanlarında yerləşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir: "Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmaq istəyən daxili qruplara və xarici dairələrə qarşı barışmaz olmalıdır".

Vasif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR