Qərb texnoloqlarının rəqəmlərlə isbatlanan yalanları
Bizi izləyin

Nida.az

Qərb texnoloqlarının rəqəmlərlə isbatlanan yalanları

Anti-Azərbaycan kampaniyasını icra edənlər səsləndirdikləri fikirlərin rəqəmsal arxivlərdə qorunduğunu və müqayisə edilə biləcəyini nəzərdən qaçırıblar.


“Dördguşəli” Emma Hyus

Böyük Britaniya KİV-lərinin, xüsusən, “The Guardian”-ın Bakıda keçirilən I Avropa Oyunlarına qeyri-obyektiv yanaşması barədə Azərbaycan mediasının yaydığı materiallara səfir İrfan Siddiq qəribə mövqedən yanaşıb (https://www.meydan.tv/az/site/politics/6490/%C4%B0rfan-Siddiq-Britaniyal%C4%B1-jurnalistl%C9%99rin-Avropa-Oyunlar%C4%B1na-burax%C4%B1lmamas%C4%B1-biab%C4%B1r%C3%A7%C4%B1-hald%C4%B1r.htm). Ölkəsindəki media quruluşlarının Azərbaycana qarşı qərəzli yanaşmasını dolayısı ilə etiraf edən səfir deyib ki, Böyük Britaniya jurnalistlərinin akkreditasiya problemi ilə üzləşmələri Bakıya qarşı tənqidi mövqedən çıxış etmələrini stimullaşdırıb. Amma cənab səfir unudub ki, müdafiə etdiyi KİV-lər “akkreditasiya probleminin” qabardılmasından yayınmağa çalışırlar. Çünki bu mövzunu problemə çevirmək istədikləri anda layiqli cavab aldılar, problemin ciddi olmadığını, qondarma xarakter daşıdığını özləri də isbatladılar.

Məlum oldu ki, ümumilikdə Böyük Britaniya jurnalistlərinə deyil, yalnız “The Guardian”ın bir əməkdaşına - Oven Gipsona akkreditasiya verilməsindən imtina edilib ki, bunun da real səbəbləri var. Səfirin nəzərdə tutduğu digər “jurnalistlər” isə Emma Hyusdur. Cənab Siddiq nəzərə almayıb ki, Bakı aeroportunda saxlanılaraq geriyə - Londona qaytarılan Hyus əvvəlcə özünü “Red-Pepper” (Qırmızı bibər) jurnalının əməkdaşı kimi təqdim etsə də, (http://haqqin.az/news/46744 ), sonradan bu versiyanı gündəmdən çıxarıb. Səbəb sadədir: əgər Emma Hyus Bakıya jurnalist kimi gəlirdisə, öncədən akkreditasiya olunmalı idi. Amma o, akkreditasiya üçün müraciət olunduğunu təsdiqləyən heç bir sənəd təqdim etmədiyindən, viza ala bilməməsini fərqli məqamlarla əlaqələndirdi. Paralel olaraq, Hyusun sifarişini yerinə yetirdiyi təşkilatlar tələskənliyə yol verməklə, onun “sərhədi gizli keçmək” planlarını ifşa etdilər. Belə ki, Hyus hələ Bakı aeroportunda “Red-Pepper”in əməkdaşı olduğunu iddia edərək jurnalist qismində viza istəyəndə, “The Guardian” qəzetində bu insident barədə tələm-tələsik yazı hazırlandı, “insan hüquqları fəalının” Bakıya buraxılmadığı barədə məlumat yayıldı (http://www.theguardian.com/world/2015/jun/09/azerbaijan-holds-activist-who-attacked-european-games-as-bps-games).

Paralel olaraq Platform London adlı ekoloji təşkilat da həmin anda öz saytında bənzər elanı yerləşdirdi və Hyusu özünün əməkdaşı adlandırdı. Bununla da “Hyus, reallıqda kimdir?” sualının ortaya çıxmasına səbəb oldular. Platform London və “The Guardian” düşünmədən Hyusun yalanını ifşa etdilər. Bir saatın içində (yuxarıdakı linklərə daxil olub saat qurşaqları fərqini hesablamaqla bunu görmək olar) Hyusun 3 missiyası üzə çıxdı: “Red-Pepper” jurnalının müxbiri, Freelance jurnalist, Platform Londonun təmsilçisi-hüquq müdafiəçisi.

Onun 4-cü statusunu isə “Amnesty İnternational” təşkilatı açıqladı. Məlum oldu ki, “Amnesty İnternational” digər “hüquq müdafiə təşkilatları ilə birgə I Avropa Oyunlarının açılış mərasimində etiraz aksiyası keçirməyi planlaşdırıbmış” (https://www.amnesty.org/en/latest/news/2015/06/amnesty-international-barred-from-baku-ahead-of-european-games/ ). Emma Hyus və digər “könüllüləri” də bu müştərək aksiyanı icra etmək üçün ayrı-ayrılıqda Bakıya göndəriblər. Yəni, Hyus özünü “Red- Pepper” adlı sarı mətbuatın nümayəndəsi kimi təqdim etsə də, əslində “Platform London” adlı Britaniya mənşəli qeyri-hökumət təşkilatının və “Amnesty international”-ın fəal nümayəndəsi qismində Bakıda aksiya keçirmək üçün gəldiyini gizlədə bilmədi. Sifariş əsasında daim ölkəmiz əleyhinə yazıları, çıxışları ilə tanınan Hyus Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsiz yanaşmasını, ermənipərəst mövqeyini dəfələrlə nümayiş etdirib.

“Qaşınmayan yerdən qan çıxarmaq” üzrə “beynəlxalq səviyyəli mütəxəssis”ə çevrilmiş bu xanım I Avropa Oyunları ərəfəsində isə xüsusi missiya ilə Bakıya gəlib. O, bu missiyanı yerinə yetirmək, yəni, Azərbaycanı guya ifşa edəcək “faktlar” toplamaq üçün “jurnalist” adı ilə viza almaq istəyib. Təbii ki, bu zaman özü və əsl fəaliyyəti barədə ətraflı məlumat verməyib. Ona görə də Bakı aeroportunda saxlanılıb və geriyə - Londona göndərilib. Güman etmək olar ki, o, Beynəlxalq Olimpiya Komitəsinin “KİV nümayəndəsi özü haqqında yanlış məlumat verərsə, akkreditasiyasına və ya viza almasına etiraz edilə bilər” prinsipindən xəbərdar olub. Lakin ssenariyə əsasən, özü haqqında yalan məlumat verməklə, Azərbaycana girişinə bilərəkdən əngəl yaradıb, beləliklə, Qərb mediası üçün növbəti “tənqid mövzusu” əmələ gətirib. Bakı aeroportunda saxlanılan zaman Hyus dərhal internet üzərindən mobil telefon nömrəsini elan etdi və jurnalistləri “köməyə” çağırdı. Üstəlik, Tvitter üzərindən də #FreeEmma həştəgiylə təbliğat başladıldı. Yalan və böhtan üzərində qurulan bu qarayaxma ilə paralel olaraq, “Amnesty İnternational”ın Azərbaycana buraxılmaması haqqında” xəbər dolandırılmağa başladı. Lakin heç bir yerdə məlumat verilmədi ki, bir neçə ay əvvəl bu təşkilatın nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Onlar hətta rəsmi Bakının mövqeyi ilə tanış olmaq üçün dövlət qurumlarında görüşlərə dəvət edilsələr də, “Amnesty İnternational” bundan imtina edib.

Göründüyü kimi, Azərbaycana xüsusi missiya ilə gəlmiş Hyus “Red Pepper”, “Platform London”, “The Guardian”, “Amnesty İnternational”, ümumilikdə ABŞ-dan idarə olunan amerikan-ingilis-erməni işbirliyi üçün “dördguşəli rol” oynayıb, amma qısa bir müddətdə ifşa olunduğu üçün onların planları alt-üst edilib. Görünür, cənab İrfan Siddiq gərgin işlədiyindən, proseslərin incəliklərindən, Hyusun “saxta jurnalistliyindən” xəbər tuta bilməyib və öncədən hazırlanmış ssenarinin mətnini oxuyub.

Mövzu üzərində araşdırmalar göstərir ki, antiazərbaycan kampaniyasının texnoloqları bənzər taktikadan gen-bol istifadə ediblər. Yəni “dördguşəli” fəaliyyət təkcə Emma Hyusa məxsus deyil. Bütün beynəlxalq təşkilatlar birləşib “Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz edirlər” fikrini formalaşdırmaq üçün onlarla təşkilatın bəyanatları səsləndirilsə də, kampaniyaya qoşulan təşkilat və bəyanat səsləndirən şəxslərin əslində, eyni simalar olduğunu görmək çətin deyil. Necə deyərlər, bütün daşların altından eyni ilanın quyruğu çıxır: Emma Hyus, Rebekka Vinset, Keti Pears və daha bir-iki nəfər. Bu şəxslərin hər biri eyni zamanda, bir neçə beynəlxalq təşkilatın, media qurumunun həmtəsisçiləridir. Hyus haqqında yuxarıda bilgi verdik. Prosesin tam açılması üçün Rebeka Vinsentə də ötəri nəzər salaq: Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun, İdman və İnsan Haqları koalisiyasının, Artikl 19-un, Platform Londonun və onlarla digər təşkilat və koalisiyaların hər birinin koordinatoru Rebeka Vinsentdir. Belə çıxır ki, antiazərbaycan kampaniyası deyərkən, fikirlər konkretləşməli, ABŞ yetişdirməsi olan 4-5 şəxsin adına yaradılmış 10-a yaxın beynəlxalq QHT və “yüksək tirajlı” KİV-lər göz önünə gəlməlidir. Antiazərbaycan tezisləri, sifarişli yazılar, əvvəlcədən hazırlanan bəyanatlar, dezinformasiyalar məhz bu 3-4 şəxsə ötürülüb ictimailəşdirilməklə, mahiyyət etibarilə onlarla QHT-nin, KİV-in vahid mövqeyi təəssüratını yarada, “çoxsaylı beynəlxalq təşkilatların”, “çoxsaylı medianın” ölkəmizə qarşı olması fikrini formalaşdıra bilir. Buradan da görünür ki, əslində Qərbin Azərbaycana qarşı təşkil etdiyi kampaniya heç bir insan resursuna malik deyil və böyük adlar altında pərdələnmiş sabun köpüyüdür. Hətta onu da demək olar ki, bu, müxtəlif vaxtlarda müxtəlif ölkələrə qarşı istifadə olunmuş qarayaxma kampaniyası sxemidir. Amma nə qədər koordinasiya edilmiş fəaliyyət olsa da, bu kampaniya qüsurlardan da kənar deyil. Bəzən tələskənlik, bəzən səriştəsiszlik, bəzən də haqsızlığın yüksək dozası kampaniyanın ifşasına yol açır. Icraçılar bir məqamı da nəzərdən qaçırırlar ki, səsləndirdikləri fikirlər rəqəmsal arxivlərdə qalır və müqayisə ediləndə həqiqətlər üzə çıxır.


“Semiçka puluna” bənzəyən milyardlar

Fikrin isbatı üçün I Avropa Oyunlarına sərf edilən vəsait barədə səslənən iddialara diqqət yetirək. Yeri gəlmişkən qeyd edək ki, I Avropa Oyunları ərəfəsində aparılan antiazərbaycan kampaniyası zamanı məhz bu məsələ üzərində ciddi dayanıldı, ölkənin beynəlxalq nüfuzuna, idman oyunlarının əhəmiyyətinə xələl gətirmək üçün maliyyə sərfiyyatında “israfçılıq və yeyinti amilləri” qabardıldı. İstifadə olunan faktların yanlışlığına baxaq: I Avropa Oyunlarına sərf edilən vəsait barədə müxtəlif KİV-də dolaşıq rəqəmlər göstərildi - 2, 6, 8 və nəhayət 10 milyard. Amma bu rəqəmləri dövriyyəyə buraxanlar, özlərini təkzib edən detalları unutdular. Məsələn, “The Guardian” 11 iyun tarixli sayında yazıb ki, Oyunlara 10 milyardlarla pul xərclənib: (http://www.theguardian.com/sport/2015/jun/11/azerbaijan-bans-guardian-european-games-baku-2015). Halbuki, bu qəzet 7 gün öncə - 3 iyun tarixli sayında sərf edilən vəsaitin həcmini 6,5 milyard həcmində göstərmişdi (http://www.theguardian.com/commentisfree/2015/jun/03/azerbaijan-european-games-human-rights ).

Böyük Britaniyanın eyni kampaniyada yer alan başqa bir təşkilatı, məşhur “Senzura İndeksi” təşkilatı (London) iyunun 9-da öz saytında yerləşdirdiyi məlumatda Oyunlara sərf edilmiş vəsaitin miqdarını 5,4 milyard funt, yəni 9 milyard dollar (https://www.indexoncensorship.org/2015/06/baku-2015-the-foreign-manpower-behind-azerbaijans-games/ ) göstərib. Fransanın ouestfrance.fr saytı isə 14 iyun tarixində rəsmi mənbələrə istinadla Azərbaycanın oyunlara 900 milyon dollar xərclədiyini yazır. Və dərhal da müxalif mənbələrin Oyunlara 8 milyard dollar xərcləndiyini iddia etdiyini vurğulayır (http://www.ouest-france.fr/jeux-europeens-malgre-les-depenses-linteret-sportif-peine-simposer-3481503 ) .

Göründüyü kimi, eyni KİV və ya eyni kampaniya tərkibində çıxış edən mətbu orqanlar bir ayın içində 4 dəfə fərqli-fərqli rəqəmlər səsləndirdiyinin fərqində belə deyillər. Amma antiazərbaycan kampaniyasının icraçıları, heç olmasa KİV etikası xatirinə də olsa, Azərbaycan hökuməti tərəfindən açıqlanan rəsmi rəqəmlərə diqqət yetirsəydilər, bu qədər dolaşığa düşməz, milyardlarla “semiçka pulu” kimi davranmaz, oxucu etimadını itirməzdilər. Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə, Azərbaycan I Avropa Oyunlarına 1 milyard 34 milyon dollar xərc çəkib.

Antiazərbaycan kampaniyasını icra edənlərin açıqladıqları rəqəmlərdəki dolaşıqlığı, təqdimatlarındakı subyektivliyi, hadisələrə qərəzli yanaşmalarını nəzərə alanda, bəlkə də belə təəssürat yaranır ki, ifşa edildiyi üçün, onları ciddiyə almamaq da olardı. Amma proseslərin gedişi göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya ötəri xarakterli deyil, uzun perspektivə hesablanıb, sadəcə özlərinin də etiraf etdikləri kimi, I Avropa Oyunları diqqəti cəlb etmək üçün, onlara şans yaradıb. Bəs rəqəmləri şişirdənlərin məqsədi nədir?

“Həbsdə olan jurnalistlər”: 7, 8, 12 nəfər


Qərb texnoloqlarının Azərbaycana qarşı qarayaxma kampaniyasında tez-tez hallandırdıqları “faktlardan” biri də ölkəmizdə guya “söz və mətbuat azadlığı prinsipinin pozulmasıdır”. “Həbsdə olan jurnalistlər” mövzusu bu sahədə onların istinad etdikləri əsas faktordur. I Avropa Oyunlarını izləmək üçün gələn xarici jurnalistlərə tövsiyə etdilər ki, Bakıda olduqları müddətdə vasitə tapıb aksiya keçirsinlər, “həbsdə olan jurnalistlərin azadlığını tələb etsinlər”. Amma bu məqsədlə hazırladıqları “yol xəritəsi”ni gizli saxlaya bilmədilər. İFEX-in Bakıya gələn jurnalistlər üçün hazırladığı proqram medianın əlinə düşdü və ictimailəşdirildi. Azərbaycan tərəfi ölkədə söz azadlığı ilə bağlı problemin olmadığını, həbsdə olanların jurnalist fəaliyyətinə görə deyil, konkret cinayət əməllərinə görə istintaqa cəlb edildiklərini bildirib (1_). Əgər beynəlxalq QHT-lərdə istək olsaydı, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubovun imzası ilə Avropa Şurasının Onlayn Platformasında (http://www.coe.int/ru/web/media-freedom ) yerləşdirilmiş və həbsdə olan şəxslərlə bağlı real mövqeni əks etdirən informasiyalara istinad edərdilər. Amma antiazərbaycan kampaniyasına qoşulan QHT və KİV-lərin açıqlamalarında bu mənbəyə istinad nəzərə çarpmır, hər biri aldığı sifarişə uyğun rəqəm və arqumentləri ictimailləşdirir. Təqdim etdikləri rəqəmlər isə təzadlıdır: Həbsdə olanların siyahısı 7, 8 və 12 rəqəmləri ilə ifadə olunur. Məsələn, Avropa Jurnalistlər Federasiyası –AFJ- öz siyahısında Azərbaycanda həbsdə olan jurnalistlərin siyahısında 7 nəfərin adını çəkir (Məlumat üçün bildirək ki, AFJ –yə hal-hazırda rotasiya qaydasında rəhbərliyi həyata keçirən Mogans paralel olaraq Danimarkanın Beynəlxalq Mediaya Dəstək –İnternational Media Support təşkilatının vitse-prezidentidir. İMS-nin antazərbaycan mövqeyi barədə mediada kifayət qədər məlumatlar yayıldığından, bu məsələnin üzərində dayanmırıq). Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi həbsdə olanların sayını 8 rəqəmi ilə ifadə edir (https://cpj.org/blog/2015/06/baku-2015-press-freedom-azerbaijan-and-the-europea.php ). Sərhədsiz Reportyorlar isə bu rəqəmi heç bir əsas olmadan 12-yə qaldırır (http://en.rsf.org/azerbaijan-did-you-know-that-independent-11-06-2015,47999.html ). İFEX də Sərhədsiz Reportyorların tərtib etdiyi siyahıya istinad edib (http://www.ifex.org/azerbaijan/2015/06/10/euro_games_2015/ ) .

Təsvir edilən rəqəmlər təzadlı olmaqla onu hazırlayanların səriştəsizliyini və qərəzini açıq büruzə verməklə yanaşı, oynanan oyunların hansı mərhələyə qədər inkişaf etdirilə biləcəyinə də işarə verir. Hiss olunur ki, həbsdə olanların sayının süni şəkildə 10-dan yuxarı rəqəmlə ifadə edilməsinə cəhd göstərilir. Bu da təsadüfi deyil. Əgər say 10-u keçirsə, Azərbaycanın adı jurnalistlərin ən çox həbsdə olduğu ilk 5 ölkənin siyahısına düşəcək: Çin, İran...və Azərbaycan.

Odur ki, nəyin hesabına olursa-olsun, süni, ya real - əlavə 5 nəfər tapılıb siyahıya əlavə edilməlidir. Necə ki, vaxtilə RATİ sədri Emin Hüseynov İranın “Səhər” telekanalının Azərbaycanda akkreditasiyadan keçməmiş nümayəndəsinin sürücüsünü də siyahıya salıb həbs olunmuş jurnalistlərin sayını 8-ə qaldırmışdı.

Odur ki, axtarış davam edir...(Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm