• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ABŞ-da irqçilik faktları ilə bağlı professor danışır

  • Nida.az
  • 22 İyun 2015 15:16
  • 216 Baxış
ABŞ-da irqçilik faktları ilə bağlı professor danışır

2014-cü il avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində afroamerikalı 18 yaşlı gənc Mikael Brovn polis əməkdaşı Darren Vilson tərəfindən güllələnərək öldürülüb. Bu hadisədən sonra Ferqyusonda yaşayan və əksəriyyəti afroamerikalılardan ibarət olan icmada polis işçisinin qətl ittihamı ilə həbs edilməsinə çağırışlar edilib. Lakin məhkəmə Darren Vilsona bəraət qazandırıb. Məhkəmənin qərarına etiraz əlaməti olaraq Ferqyusonda həftələrlə davam edən etiraz aksiyaları, iğtişaşlar başlayıb və bütün ölkəyə yayılıb.

"Qafqazinfo" xəbər verir ki, bu hadisələrlə bağlı “Əl-Cəzirə Türk”də jurnalist Osman Kaytazoğlunun müəllifliyi ilə Stokholm Universitetinin Professoru Dr. Kristian Kristensendən müsahibə təqdim olunub. “Sistemli şəkildə irqçilik var” başlıqlı müsahibənin girişində jurnalist Mixael Brovn, Freddie Gray, Tamir Rice, Eric Garner, Akai Gurley və başqalarının adını çəkir, onların silah daşımadıqlarını, lakin polis tərəfindən güllələnərək öldürüldüklərini bildirir. Eyni zamanda vurğulanır ki, məhz Ferqyusonda silahsız Mikael Brovnun öldürülməsindən sonra polisin davamlı şəkildə qaradərili insanlara silah çəkməsi kütləvi etiraz doğurub.

2015-ci il aprelin 19-da ABŞ-ın Merilend ştatının Baltimor şəhərində isə 25 yaşlı Freddi Qrey adlı qaradərili polislə toqquşmada həbs edilib və bir müddət sonra həyatını itirib. Qreyin polis tərəfindən göz altına alınması mobil telefon vasitəsilə çəkilib və ictimailəşdirilib. Onun həyatını itirməsindən sonra Baltimor şəhərində də kütləvi etirazlar başlayıb. Belə bir girişdən sonra türkiyəli jurnalist “Bu etiraz aksiyalarının arxasında nə dayanır?”, “Hər polis cinayətinə qarşı etirazlar ABŞ-dakı irqçilik probleminə son qoya bilərmi?” – kimi suallarla Stokholm Universitetində jurnalistikanın tədrisi ilə məşğul olan Prof. Dr. Kristian Kristensenə müraciət edib. Müsahibədən əvvəl təqdimat üçün qeyd edilib ki, professor C.Kristensen ABŞ-da irqçilik zəmnində baş verən hadisələrin araşdırılması üzrə mütəxəssisdir. Ötən ayın əvvəlində hazırlanan müsahibəni ixtisarla təqdim edirik.

1991-ci ildə Rodney Kingin döyülməsinə qarşı Los Ancelesdə başlayan etiraz aksiyaları ilə yaxından tanış olan C.Christensen, suallara cavabında hələ də ABŞ-da irqi ayrıseçkiliyin öz həllini tapmadığını bildirib. O, son prosesləri bu faktı təsdiqləyən ən mühüm detal kimi qiymətləndirib. C.Kristensen ABŞ polisində irqi ayrıseçkiliyin yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, bu vəziyyət neçə onilliklərdir davam edir: “Ferqyson və Baltimorda yaşanan hadisələr, ölkəni bürüyən etiraz aksiyaları sadəcə iki qaradərilinin ölümünə deyil, on illərdir davam edən polis zülmünə və şiddətinə, zorakılığına, irqi ayrıseçkiliyə qarşı idi. Belə vəziyyətin yaranmasında məhkəmələrin də rolu az deyil. Çünki ABŞ-da bir ağdərilini öldürən qaradərilinin edam edilmə ehtimalı, qaradərilini öldürən ağdərilinin edam edilmə ehtimalından iki dəfə çoxdur. Bu cür yanaşma 15 ildən artıqdır davam edir. Qanunlar, qadağalar afrikalı amerikalılara qarşı daha sərt şəkildə tətbiq olunur”.

C.Kristensen jurnalistin suallarını cavablandırarkən Baltimorda bələdiyyə sədrinin, polis rəisinin, baş prokurorun qaradərili olmasına da diqqət çəkib. Bildirib ki, qaradərili Barak Obama ABŞ prezidenti seçiləndə bir çoxları, - “Qaradərili bir prezident seçdik və artıq irqçi bir ölkə deyilik”, desələr də, kiminsə prezident olması ABŞ-da on illərdir oturuşmuş polis idarə-üsulunu, irqi-ayrıseçkiliyi dəyişməyib. Professor C.kristensen ABŞ-da narkomaniyaya, o cümlədən uyuşdurucu maddələrdən, marixuanadan istifadə edənlərə qarşı mübarizədə də açıq-aşkar irqi ayrıseçkiliyin müşahidə olunduğunu qeyd edib: “ABŞ-da uyuşdurucu savaşlarının olduğu hər kəsə bəllidir. Bu savaşlara nəzər salanda da irqə görə məsələyə münasibətin necə dəyişdiyini müşahidə etmək mümkündür. 1980-ci illərdə böyük uyuşdurucu problemlərindən biri kokain idi. İnsanlar arasında kokaindən istifadə geniş yayılmışdı. Bildiyiniz kimi, iki növ kokain var. Bunlardan birincisi “crack” kokain, digəri isə “toz” kokaindir. “Crack” kokain son dərəcə ucuz, kristal formada satılan və xüsusilə kasıb təbəqə arasında, yəni böyük əksəriyyəti afro-amerikalılar olan insanlar tərəfindən istifadə edilir. “Toz” kokain isə daha bahalı olduğundan, bundan yalnız varlı insanlar istifadə edirdilər. Ümumilikdə hər ikisi uyuşdurucudur, narkotik maddədir. Lakin bu uyuşdurucu növlərindən istifadəyə, üstündə daşımağa və satmağa görə o zaman tutulanda “crack” kokainin cəzası “toz” kokainin cəzasından 100 dəfə artıq idi. Baxmayaraq ki, hər ikisi bir narkotik maddənin ayrı-ayrı növüdür, amma ucuz olan növə görə cəza bahalı olan növün cəzasından daha çox idi. Kimsə burada məntiqsizlik axtara bilər. Ancaq məsələ belə deyil. O zaman bir çox insanlar çox gözəl bilirdilər ki, “crack” istifadə edənlər kasıb, böyük əksəriyyəti qaradərili insanlar idi. “Toz” istifadə edənlər isə ağdərili, orta səviyyəli və zəngin insanlar idi. Bu fakt ABŞ-da irqi ayrıseçkiliyin olmasına, qaradərili insanlara münasibətə çox yaxşı nümunədir. Kokain istifadəsi 1980-ci illərdə ağdərili varlı insanlar arasında daha geniş yayılmasına rəğmən, uyuşdurucu savaşı əsasən yoxsullara, qaradərililərə qarşı aparılırdı. Buna daha bir əyani misal kimi ABŞ-da o dövrdə marixuana istifadəçisi olanlara münasibəti də göstərmək olar. Afro-amerikanlar marixuana istifadəçisi olduqları üçün dərhal həbs olunurdular. Ancaq ağdərili amerikalılar qaradərili ABŞ vətəndaşlarından daha çox marixuana istifadəçisi olsalar da, daha az hallarda həbs olunurdular. Faktlardan da göründüyü kimi, ABŞ-da 1980-ci illərdə uyuşdurucuya qarşı deyil, bu narkotik maddəni kimin istifadə etməsinə qarşı mübarizə aparılırdı. Əsl həqiqətdə isə narkomaniyaya qarşı mübarizə ABŞ-dakı toplumun bəlli bir qisminə qarşı idi”.

Dr. Kristian Kristensen ABŞ-da polisin çox böyük gücə sahib olduğunu bildirib. Onun sözlərinə görə, Amerika polisi insanları dərhal vura bilər. Hətta bir polis məmuruna toxunan adam da güllələnə bilər. Müsahibədə təkcə ötən il ABŞ-da 458, Almaniyada isə 8 nəfərin polisin açdığı atəşlə həlak olmasına da diqqət çəkilib: “Ümumiyyətlə, ABŞ polisinin davranışını təhlil etsək, onun bir insanı vurmağa nə qədər həvəsli olmasını dərhal müşahidə etmək olur. Avropada, xüsusən də İsveçdə polisin silaha əl atması üçün mütləq həyati bir təhlükə olmalıdır. Yəni, saldırqan şəxs öz silahı ilə polisi hədəfə almalı, yaxud bıçağı polisin boğazına dirəməlidir ki, polis silaha əl atıb onu zərərsizləşdirsin. Amma Amerikada polis hətta yol hərəkəti qaydalarını pozan şəxsə qarşı da silahdan istifadə edir. Sonra da öz əməlinə bəraət qazandırmaq üçün, - “Silahına əl atırdı, özümü təhdid və təhlükə altında hiss etdim, vurdum və zərərsizləşdirdim onu”, - kimi ifadə verir. Məhkəmə də özünü müdafiə etmək üçün verilən bu ifadəni məntiqli sayır. Bunun əksini sübut etmək qeyri-mümkün olur. Mikael Brovn və ya polis tərəfindən öldürülən hansısa digər afroamerikalı sağ deyil ki, məhkəmədə əsl həqiqəti desin, polisin haqsız yerə ona silah çəkdiyini bildirsin”.

C.Kristensen ABŞ-dakı etiraz aksiyalarında medianın roluna, davranışına da diqqət çəkib. Deyib ki, qətl hadisəsi baş verən kimi media vurulan adama, polisə və buna etiraz edənlərə önəm verir, yalnız bununla bağlı xəbərlər ard-arda ictimailəşdirilir. Lakin az müddət sonra hər şey sanki yoxa çıxır, unudulur: “Misal üçün, Baltimordakı hadisələri götürək. Bir nəfər etirazçı göz altına alındı və öldürüldü. Ardından kütləvi etiraz aksiyaları başladı. Polislər müdaxilə etdi, həbslər oldu, bununla da media hekayəni bitmiş saydı. Halbuki, Baltimorda yaşanan hadisələr, etirazı doğuran səbəb yalnız bir və ya iki nəfərin həbsi, öldürülməsi ilə əlaqədar deyil. Hadisələri bu səviyyəyə gətirib çıxaran səbəblər illərdir ki, var. Media həmin bölgədə iqtisadiyyatın çökdüyünü, işsizliyin geniş vüsət aldığını, irqi ayrıseçkiliyin baş alıb getdiyini xəbərə çevirmir, ictimailəşdirmir, bu kimi problemlərin üstünə getmir. Əgər media insanların həssaslığının, etirazının səbəbini araşdırmaq istəyirsə, bir az çox pul xərcləməli, orada illərdir yığılıb qalan və həllini tapmayan məsələləri, məktəblərdə tədrisin aşağı səviyyədə olmasını, uşaqların yetərincə qayğı görməməsini, qidalanmamasını, silah problemini və sairi də ictimailəşdirməlidir. Çox təəssüf ki, ABŞ mediası üçün bu problemlərin üstünə getmək maraqlı deyil. Media etiraz və silah xəbərlərini ictimailəşdirməyə daha çox üstünlük verir. Bu isə mövcud problemlərin araşdırılmadan, olduğu kimi qalmasına səbəb olur. İrqçilik sadəcə polislərin insanları öldürməsi ilə başlayıb sona çatmır. ABŞ-da qaradərili vətəndaşlar iş tapa bilmir, onlara ev kirayə verilmir, həbs olunma ehtimalları daha böyükdür, böyük əksəriyyəti yoxsuldurlar. Ağdərili qonşusunun uşağı yaxşı məktəbdə oxuduğu halda, qaradərilinin eyni yaşlı uşağı ondan qat-qat aşağı səviyyəli məktəbə gedir. Bütün bunların adı sistemli irqçilikdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR