Azərbaycan AŞPA-dan tələb etdi
Bizi izləyin

Nida.az

Azərbaycan AŞPA-dan tələb etdi

İyunun 22-də Strasburqda növbəti yay sessiyası işə başlayan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ənənəvi olaraq ilk iş günündə yaz sessiyasından sonrakı dövrdə Büro və Daimi Komitənin fəaliyyətlərini əks etdirən inkişaf haqqında məruzəni dinləyərək müzakirə edib.

Müzakirələrdə çıxış edən Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasında mövcud olan ikili standartlar məsələsini xüsusilə vurğulayaraq deyib: “Avropa Şurasından bəhs edərkən çox vaxt “ailə” ifadəsini işlədirlər və zənnimcə, bu, çox qanunauyğundur. Çünki yarandığı müddətdən bəri üzv ölkələrinin sayı dörd dəfə artan, bu gün qovuşdurduğu 47 dövlətin hər biri tərəfindən ehtiramla qəbul edilən Avropa Şurası həqiqətən 800 milyondan çox insanı əhatə edən nəhəng dünya ailəsi sayıla bilər. Hər sessiya öncəsi dinlədiyimiz inkişaf hesabatlarını da mən lap qədimlərdən nümunəvi Avropa nəsillərinə və familiyalarına xas olmuş, dünənki işlərə yekun vuran, sabahkı işlərə hazırlıq görmək vəzifəsini daşıyan səmimi ailə söhbətləri kimi qəbul edirəm. “Səmimi” sözünü təsadüfən işlətmirəm. Çünki bu qəbil fikir mübadilələrinin, ailə dərdləşmələrinin ilkin şərti məhz səmimiyyətdir. Belə müzakirələrdə səmimiyyət yoxdursa, demək, bu heç ailə söhbəti deyil və əhəmiyyətli bir nəticəyə gətirib çıxarmaz. Ailə münasibətlərində səmimiyyətə düşmən olan ən başlıca fəsad ailənin bərabərhüquqlu üzvlərinə qeyri-bərabər münasibətin bəslənilməsi, fərqli standartlarla yanaşmalardır. Mən öz ölkəmə - Azərbaycana münasibətdə bunu hər zaman hiss etmişəm. Amma belə yanaşmanın mövcudluğundan Türkiyə də, Rusiya da və bir sıra başqa üzv ölkələr də vaxtaşırı şikayətlənir. Əlbəttə, özümü inandırmaq istəyirəm ki, bu, Avropa Şurasının bir təşkilat olaraq siyasəti deyil və mahiyyətcə onun Nizamnaməsinə də, bütövlükdə fəlsəfəsinə də ziddir. Lakin nəticə etibarilə ayrı-ayrı şəxslərin qərəzli yanaşmaları ona gətirib çıxarır ki, bu, bütün təşkilatın nöqsanı kimi qavranılır. Avropa Şurası Ermənistanı özünün 1416 saylı qətnaməsində aydın şəkildə, qeyd-şərtsiz olaraq “işğalçı” kimi təsbit edib. Yalnız qonşulara deyil, öz xalqına qarşı da təcavüzkar, antidemokratik, antihumanist siyasət aparan, dövlət terrorizmi xətti yürüdən Ermənistanın real siması AŞPA rəhbərliyinə yaxşı bəllidir. Lakin hesabat dövründə həmin ölkədə hüquqi işlər və insan haqları komitəsinin iclası keçirilir və Büro bunu normal sayır. Lakin daha əvvəlki sessiyalarda həmin Ermənistan tərəfindən əraziləri işğal edilmiş, Avropa Şurasının standartları baxımından Ermənistandan hər cəhətdən üstün olan Azərbaycana təyin olunmuş komitə iclasları müxtəlif bəhanələrlə ləğv olunur, bu tədbirlərin Bakıda keçirilməsi məqbul hesab edilmir. Lap fərz edək ki, Azərbaycana qarşı bu addımınızı ölkəyə qarşı hansısa iradlarınızla əsaslandırırsınız. Lakin axı Ermənistana həmin iradlardan on qat artığını bildirmək olar! Bəs niyə bu ölkəyə qarşı belə ifrat yumşaq, nəvazişkar yanaşır, heç bir sanksiya tətbiq etmirsiniz? Növbə Ermənistana çatanda sizi ürəyiyumşaq, ədalətsiz olmağa vadar edən hansı gözəgörünməz qüvvədir? Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bəs niyə eyni motivlə azı 10 il bundan əvvəldən sanksiyalara məruz qalmalı Ermənistana belə sərt münasibətin yüzdə biri göstərilmir? Sizə nə mane olur? Belə ikiüzlülüyün demirəm, bu cür anlaşılmaz çoxüzlülüyün sürəkli davam etməsinə necə dözək, niyə dözək, nə vaxtadək dözək?!”

Rafael Hüseynov Assambleya üzvlərinin diqqətini ötən sessiyadan keçən müddətdə Ermənistanın törətdiyi daha bir qanunsuzluğa yönəldərək AŞPA Bürosunu və Daimi Komitəni təşkilatın nüfuzuna zərbə vuran belə saymazlığa göz yummaqda ittiham edərək bildirib: “AŞPA Bürosunun qərarı ilə Böyük Britaniyadan olan deputat Robert Volter “Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər ərazilərində Ermənistanın gərginliyi artırması” adlı mövzu üzrə məruzəçi təyin olunmuşsa da, Ermənistan onunla əməkdaşlıq etmək, məruzəçinin işğal altındakı ərazilərə səfər etmək, tədqiqatlar aparmaq istəklərinə qarşı çıxır, onu Ermənistana buraxmaq istəmir. Biz Assambleyada şahid olmuşuq ki, məruzəçini ölkəyə buraxmayan dövlətə qarşı dərhal cəza tədbirləri görülür. Ermənistan isə bir deyil, iki Avropa Şurası məruzəçisini qəbul etməkdən boyun qaçırır. Büro isə bütövlükdə təşkilatın nüfuzuna ciddi xələl gətirən bu özbaşınalığa dözür. Nə səbəbə?”

Çıxışının yekununda Rafael Hüseynov Avropa Şurasını ifrat yumşaqlıqdan, ikili standartlardan əl çəkərək Ermənistan kimi intizamsız ölkələrlə bağlı təsirli tədbirlər görməyə çağırıb: “Arzu edərdik ki, Büro və Daimi Komitənin gələcək inkişaf hesabatlarında bu qəbil ağrılı məsələlərə sözlə verilən ümumi, yayğın cavablara deyil, nəhayət ki, konkret işdən doğan gerçək nəticələr barədə məlumatlara rast gələk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm