Siyavuş Novruzov: “İrəvanda olanların bir faizi Azərbaycanda olsaydı...”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “İrəvanda olanların bir faizi Azərbaycanda olsaydı...”

“Ermənistanda iqtisadi böhran, anti-demokratik rejim, demokratiyanın boğulması və yaşayış səviyyəsinin aşağı olması vəziyyəti hökm sürür. Son vaxtlar Ermənistanda enerji qiymətlərinin artırılması əhalinin acınacaqlı yaşayış səviyyəsini daha da pisləşdirib”.

Ermənistanda keçirilən etiraz aksiyasının polis tərəfindən zorakılıqla dağıdılmasını Publika.az-a şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

“Əgər Ermənistana ətrafdan bir-iki dövlət yardım etməsəydi, o zaman bu ölkədəki iqtisadi böhran indikindən 2-3 dəfə artıq olardı. Ermənistanın rəsmi statistikasına görə, 100 minə yaxın əhali ölkəni tərk edib. Həmin əhali Ermənistanı dolanışıq üzündən tərk ediblər. Çünki Ermənistanda çox acınacaqlı vəziyyət var, korrupsiya və rüşvətxorluq baş alıb gedir, əhali acından ölür. Bunun nəticəsi olaraq da artıq insanlar kütləvi şəkildə küçələrə çıxırlar, hökumətə etiraz edirlər. Ancaq Ermənistanda etirazçıların qarşısı da çox sərt şəkildə, polis və texnikalardan istifadə olunmaqla alınır. Ermənistanda insanların etiraz səsləri boğulur”, - Novruzov əlavə edib.

S.Novruzov qeyd edib ki, Serj Sarkisyan hakimiyyətə anti-demokratik seçki şəraitində gəlib: “Seçkilər dövründə də Ermənistanda digər namizədlərə böyük təzyiqlər olur, onlar təqib olunurlar və sairə. Çox təəssüf ki, nə Avropa Şurası, nə ATƏT, nə də Avropa Parlamenti Ermənistanda yaranan bu cür acınacaqlı vəziyyətlə bağlı bir dəfə də olsun hər hansı irad bildirməyib, məsələ müzakirəyə çıxarılmayıb. Hətta İrəvanda keçirilən mitinqdə 300-dən çox insan həbs edilib, döyülüb, media nümayəndələrinə qarşı zor tətbiq olunub. Bəs Avropanın insan hüquqlarını müdafiə edən təşkilatları niyə susurlar? Məgər bunları görmürlər? Əgər ötən gün İrəvanda baş verənlərin bir faizi Azərbaycanda olsaydı, indi “BBC”, “CNN”, “Euronews” bunu reklam edib dünyaya göstərməklə məşğul idi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm