Nida.az
AŞPA-dan ermənilərə zərbə: İşğal, elə işğaldı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının
bugünkü son plenar iclasında qurumun Monitorinq Komitəsinin
Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin
hazırladıqları “Azərbaycanda demokratik institutların fəaliyyəti”
adlı 13801 saylı qətnamə layihəsi üzrə müzakirələr keçirilir.
Bu hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament
seçkilərindən öncə ölkədəki demokratik təsisatlarının fəaliyyətinin
öyrənilməsi və Assambleyanın 2013-cü ildə Azərbaycan üzrə qəbul
etdiyi tövsiyələrinin yerinə yetirilməsi və onların
dəyərləndirilməsi ilə əlaqədar hazırlanıb. Hesabat daha çox
icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin tarazlığı,
məhkəmələrin müstəqilliyi və seçki məsələlərini əhatə edib.
Həmməruzəçilər Azərbaycan hökumətinin şəffaflığın təşviq edilməsi
və korrupsiya, terrorizmin maliyələşdirilməsi, çirkli pulların
yuyulmasına qarşı mübarizəsindəki səylərini yüksək qiymətləndirib,
həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin olunmuş
sərbəst birləşmə və söz azadlığı hüquqları arasında tarazlığın
yaradılmasına çağırıblar.
Bundan başqa, hesabatda 2014-cü ilin avqustunda Avropa Şurası baş
katibi ilə Azərbaycan prezidenti arasındakı razılığa əsasən, İnsan
Hüquqları üzrə birgə işçi qrupunun bərpa olunmasını müsbət
qiymətləndirilir. Bu gün plenar iclasda keçirilmiş müzakirələrdə
isə avropalı parlamentarlar Azərbaycandakı vəziyyətlə bağlı öz
fikirlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan üzrə məsələnin AŞPA-nın plenar iclasdakı
müzakirələrindən qabaq, hesabat artıq bu gün səhər saatlarında
qurumun Monitorinq Komitəsində də müzakirəyə çıxarılıb. Komitə
hesabata təklif edilmiş əlavə və dəyişiklikləri müzakirə edərək öz
rəyini bildirib. Komitədə əsas müzakirələr hesabatın Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi haqqındakı
birinci paraqrafı - “Parlament Assambleyası Avropa İttifaqı,
Türkiyə, İran Xəzər dənizi hövzəsindəki digər qonşuları, eləcə də
Rusiya Federasiyası və ABŞ ilə tarazlaşdırılmış münasibətlər
qurmağa cəhd edən Azərbaycanın geopolitik vəziyyətinin
mürəkkəbliyini tanıyır. Azərbaycan müstəqil və çoxşahəli xarici
siyasət aparmağa müvəffəq olub və buna, əsasən özünün mühüm enerji
ehtiyatları və Xəzər dənizi üstündəki strateji yerinin sayəsində
nail olub. Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük
əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal
edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam
məlumatlıdır” - ətrafında aparılmışdı. Erməni tərəfi və onları
müdafiə edən bəzi avropalı deputatlar bu paraqrafın tam şəkildə və
yaxud onun işğala aid son cümləsinin sənəddən çıxarılmasını və ya
son cümlənin “...hakim olan Dağlıq Qarabağ münaqişəsinin
nəticələri” cümləsi ilə əvəz olunmasını tələb edən əlavə və
dəyişikliklər irəli sürüblər. Monitorinq Komitəsinin iclasındakı
səsvermələrdə 22 səs lehinə, 21 səs əleyhinə olmaqla yuxardakı
paraqrafın sonuncu cümləsinin çıxardılmasını nəzərdə tutan 3
nömrəli dəyişiklik komitə tərəfindən təsdiq olunub. Xatırladaq ki,
prosedura uyğun olaraq həmin iclasda iştirak edən Azərbaycan
nümayəndə heyətinin səsvermə hüququ olmayıb.
Plenar iclasda da ən çox müzakirə edilən məsələ bu paraqraf
ətrafında aparılıb.
Plenar iclasda ilk çıxış edən Azərbaycan üzrə həmməruzəçi Pedro
Aqramunt bu hesabatın hazırlanmasının çox mürəkkəb olduğunu
deyərək, Avropa Şurası və AŞPA-nın prinsip və dəyərlərinə uyğun
hazırladıqlarını bildirib: "Bu dəyərlərdən olan ölkələrin ərazi
bütövlüyü məsələsinə də xüsusi diqqət ayırmışıq"
P. Aqramunt çıxışında qeyd edib ki, ölkələrin ərazi bütövlüyünə
riayət edilməməsi ortalıqda olan problemlərin həll olunmasına
gətirib çıxarmayacaq.
Polşalı həmməruzəçi Tadeuş İvinski isə Azərbaycanla Ermənistan
arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb və Azərbaycan
ərazilərinin 20% Ermənistan tərəfindən işğal edildiyini,
Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkün olduğunu deyib.
"Bu bizim xoşumuza gəlsə də, gəlməsə də, biz bu işğal faktını qeyd
etməliyik"-deyə həmməruzəçi bildirib.
T. İvinski bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini
təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.
Çıxış edən hollandiyalı deputat Tini Koks Azərbaycanın Avropa
Şurası dəyərlərindən uzaqlaşdığını iddia edib. Makedoniyalı deputat
Nikoloski Aleksandar və türkiyəli millət vəkili Egemen Bağış öz
çıxışlarında hesabatda Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğal edilməsi maddəsinin hesabatda saxlanılmasının
vacibliyini bildiriblər. Hər iki deputat AİHM-nin son qərarını
misal gətirərək, Ermənistanın Azərbaycan əraziləri üzərində
effektiv nəzarət etdiyini söyləyib.
Egemen Bağış Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi mühüm
tarixi bir hadisə kimi dəyərləndirərək, Azərbaycanın Avropa üçün
vacib bir ölkə olduğunu bildirib.
Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin üzvü Rafael
Hüseynov Avropada Azərbaycanı istəməyən qüvvələri, bu ölkəyə hər
cür ləkə atmağa çalışanları ittiham edibş O qeyd edib ki, “bu, məhz
indi, Azərbaycanın Avropa Oyunlarını keçirdiyi vaxtda edilir”.
Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrex isə bu ölkə
ilə 9 il işlədiyini bildirib: “Mən anlaya bilmirəm, o qədər
postsovet ölkəsində problemlər olur, amma mən burada həmişə
Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos
lazımdır, yoxsa stabil bir ölkə?”
“Biz Azərbaycanla işlədikdə elə qüvvələrlə rastlaşmışıq ki, onlar
bizimlə söhbətlərində bu ölkədə hökuməti devirməyə çağırışlar
edirdilər. Məgər Avropa Şurası belə fikirlərin müdafiəçisidirmi?
Azərbaycandan bu gün Qərbi Avropadakı demokratiyanı həmən olmasını
gözləməməliyik. Biz bu ölkəyə demokratiyanın inkişaf etdirilməsində
öz yardımımızı göstərməliyik" deyə J.Qrex qeyd edib.
Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov isə AŞ PA üzvlərindən ”Dağlıq Qarabağda öldürülən, qanunsuz
saxlanılan azərbaycanlıların hüquqları haqda nədən
danışmadıqlarını” soruşub.
O deyib ki, avropalı deputatlar öz ölkələrində olan insan hüquqları
pozuntularını görmürlər, amma başqalarını tənqid edirlər: “Bu gün
bizi tənqid edənlərin öz ölkələrində insan hüquqları pozulur”.
S. Seyidov deyib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə
riayət etmək üçün əlindən gələn hər bir şey edir: “İşğal edilmiş
ərazilərin artıq fakt kimi qəbul olunması bu məsələni təsdiqləyir.
Siz isə Dağlıq Qarabağın işğalına dair müddəaları ləğv etməyə cəhd
edirsiz”.
Çıxış edən avropalı deputatların bəziləri də Azərbaycanın çox
həssas və mürəkkəb geopolitik vəziyyətdə olduğunu bildirərək, bu
ölkədə stabillik, dünyəvilik prinsiplərinin hökm sürdüyünü xüsusi
qeyd ediblər.
Ermənistan nümayəndə heyətinin üzvü Hovannisyan Arpin Azərbaycanın
Dağlıq Qarabağ və digər yeddi rayonunun Ermənistan tərəfindən işğal
olunması terminologiyasının “indiyə kimi heç bir beynəlxalq sənəddə
əks edilmədiyini” bildirib. O, Assambleyanı bu ifadəni işlətməməyə
çağırıb.
Onun çıxışından dərhal sonra söz alan ispaniyalı deputat Diaz
Teyera isə Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin
4 qətnaməsi və AŞPA-nın qətnamələrində əks olunduğunu bildirib.
"Fikrimcə, bu müzakirələrdə ərazi bütövlüyü məsələsi elə ən vacib
məsələlərdəndir. Krımdan danışarkən deyirik ki, anneksiya olub,
Dağlıq Qarabağın işğal edilməsinin bircə fərqi bunun 20 il bundan
əvvəl baş verməsidir. Nə vaxt baş verir versin, işğal elə
işğaldır".
Daha sonra müzakirə bitib və hesabata təklif edilən 32 dəyişiklik
səsverməyə çıxarılıb.
Səsvermə nəticəsində hesabata təklif edilən “Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi
rayonu barədə...” cümləsi “Dağlıq Qarabağ münaqişəsi barədə..”
cümləsi ilə əvəz olunub.
Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ və digər yeddi rayonu barədə paraqrafın çıxarılması
ilə bağlı təklifin müəlliflri Pyeter Omtzigt, Mailis Reps, Bernar
Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin
olub./APA/
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular