BMT niyə Azərbaycanı hədəf seçib?
Bizi izləyin

Nida.az

BMT niyə Azərbaycanı hədəf seçib?

Birləşmiş Millət Təşkilatı Azərbaycana qarşı açıqlama verib.

Qafqazinfo”nun məlumatına görə, BMT ekspertləri Azərbaycanda demokratik məkan daraldığını, jurnalistlərə və QHT təmsilçilərinə müəyyən maneələr yaradıldığını idda edirlər. Bu mövzu bağlı hazırlanan materialı təqdim edirik:

“Beynəlxalq ictimaiyyət Birləşmiş Millət Təşkilatının fəaliyyətindən narazıdır və ardıcıl şəkildə dünyanın bu aparıcı qurumunu tənqid edir. Statusuna görə münaqişələrin və mübahisələrin həllində obyektiv hakim kimi çıxış etməli olan, dünyanın ayrı-ayrı bölgələrində humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına məsul olan bu qurumun fəaliyyətsizliyi, yaxud da mövqesizliyi artıq müzakirə mövzusu da deyil. Halbuki, bu təşkilatın əsas missiyası beynəlxalq səviyyəli problemlərin tərəfsiz, hamının qəbul etdiyi qaydalara uyğun həllinə nail olmaqdır.

Son zamanlar isə bu strukturun ayrı-ayrı qolları absurd, həqiqətdən uzaq bəyanatlarla çıxış etməklə, məlum güc mərkəzinin maraqlarına uyğun mövqe nümayiş etdirməklə və müxtəlif müstəqil ölkələri hədəfə almaqla gündəmə gəlməyi bacarıblar. Bu mənada BMT İnsan Hüquqları Komitəsinin tendensioz fəaliyyəti xüsusi diqqəti cəlb edir. Artıq Azərbaycan da bu qurumun qeyri-obyektiv açıqlamalarının obyektinə çevrilib.

İlk əvvəl ondan başlayaq ki, Azərbaycanda insan hüquq və azadlıqları milli qanunvericilik vasitəsilə qorunur. Ölkə Konstitusiyasının üçdə iki hissəsi insan hüquqlarına həsr olunub. Bundan başqa Azərbaycan insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bu faktlar göstərir ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir. Amma təəssüf ki, BMT-nin İnsan Hüquqları Komitəsində bundan xəbərsizdirlər və ya özlərini bilməzliyə vururlar. Əks halda bu komitənin bir neçə üzvü əsassız iddialar irəli sürərək Azərbaycan haqqında mənfi rəy yaratmağa , bununla da ölkəmizdə insan hüquqlarına dair vəziyyətə kölgə salmağa çalışmazdılar. Misal üçün son açıqlamalarında, bu BMT ekspertləri iddia edirlər ki, Azərbaycanda “demokratik məkan daralır”, jurnalistlərə və QHT təmsilçilərinə isə “hüquqi , inzibati maneələr yaradılır”. Ən qəribəsi də odur ki , bu ekspertlər indiyədək heç vaxt Azərbaycana gəlməyiblər və vəziyyətlə yerində tanış olmayıblar. İndi isə sadəcə fərziyə, iddia və ehtimallara istinad edib, BMT-nin Təhlükəsizlik şurasının qeyri-daimi üzvü olmuş bir ölkəyə qarşı ittiham irəli sürürlər.

Azərbaycan Respublikası BMT nizamnaməsi və İnsan Hüquqlarına dair Universal Konvensiya əsasında BMT-nin İnsan hüquqları Şurasında hüquqi öhdəliyi var. Bu öhdəliyindən çıxış edərək, Azərbaycan İnsan hüquqları şurasına dövrü hesabatlarını təqdim edir və BMT-nin tövsiyələri əsasında mütəmadi əsasda bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışır. Amma Avropa Oyunları ilə əlaqədar ABŞ-dan idarə olunan anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olaraq, BMT-nin İnsan Hüquqları Şurasının eksperti Mişel Forst və BMT-nin İnsan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin açıqlamaları BMT tribunasından sui-istifadənin bariz nümunəsidir.

Ən qəribəsi isə odu ki, BMT-nin İnsan Hüquqları Komitəsininin bu üzvləri son 3 həftə ərzində artıq 2-ci dəfə belə qərəzli bəyanatla çıxış edirlər. Halbuki BMT-nin normal prosedur qaydalarına görə bu ekspertlər ən çoxu ildə 2 dəfə yazılı və ya şıfahi açıqlama verə bilərlər. Əgər anlaşılmazlıq yaradan məsələlər varsa, bu Azərbaycanın effektiv şəkildə əməkdaşlıq etdiyi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində müzakirə edilməli və həll yolları tapılmalıdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası BMT-yə üzvlük haqqı ödəyir və digər ölkələrlə yanaşı, bu təşkilatın siyasətinin müəyyənləşdirilməsində iştirak edir. Zeyd Raad Əl-Hüseyn və Mişel Forst kimiləri Azərbaycanın da ödədiyi üzvlük haqqı əsasında maaş alırlar. İnsan hüquqları məsələsi mandatlarına daxil olan bu məmurlar indiyədək heç zaman özlərində cəsarət tapıb ən əsas hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsini açıq şəkildə qaldırmayıblar. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə toxunmağa cəsarətləri çatmayıb. Yaxud mayın 22-si Ermənistanda vətəndaşların dinc mitinqinin təhlükəsizlik orqanları tərəfindən zor gücünə dağıdılması, jurnalist və vətəndaş cəmiyyəti təmsilçilərinə polisin yolverilməz formada təzyiq göstərməsi BMT-nin bu ekspertlərinin nəzərindən necə qaça bilərdi ? İyunun 23-ü Azərbaycanla bağlı açıqlama verən BMT-nin İnsan hüquqları Şurası cəmi 24 saat əvvəl Ermənistanda mitinq zamanı vətəndaşların hüquqlarının kobud şəkildə pozulması haqqında niyə bir kəlmə belə dilə gətirmir ?

Bu sualın cavabı hamıya su kimi aydındır: BMT bir beynəlxalq təşkilat kimi təəssüf ki, müstəqil deyil və ABŞ bu təşkilatı bir alət kimi yalnız öz maraqları naminə istifadə edir. Və bu gün dövlətlərarası problemlərin əsas səbəblərindən biri də məhz odur ki, nizamnaməsində təsbit olunmuş məqsəd və məramları həyata keçirmək əvəzinə, BMT qlobal ambisiyalı bir üzv dövlətin maraqlarının təmsilçisi kimi çıxış edir. BMT-nin İnsan Hüquqları Şurası sanki ABŞ-ın ermənipərəst dövlət katibi C.Kerrinin, onun müavini V.Nulandın göstərişlərini həyata keçirir. Xüsusi məruzəçi Deyvid Key də daxil olmaqla şuranın bir çox üzvü Dövlət Departamentində rəsmi fəaliyyət göstərib.

Başqa sözlə bu şura daim amerikalı rəsmilərin nəzarətində olub, onların göstərişlərini yerinə yetirib, rəsmi Vaşinqtonun maraqlarına uyğun fəaliyyət göstəriblər. Bu dəfə də istisna deyil ki, Şuraya xüsusi tapşırıq birbaşa cənab Kerri və ya xanım Nulanddan gəlib.

Digər tərəfdən, bu da bir faktdır ki, BMT-nin təsis olunduğu gündən ABŞ heç vaxt bu təşkilatın güclənməsinə, quruma cəsarətli və qətiyyətli şəxsin rəhbərlik etməsinə imkan verməyib. Məlumdur ki, təşkilatın büdcəsinin çox hissəsi inkişaf etmiş ölkələrin ödədiyi vəsait hesabına doldurulur. 2014-cü ilin rəsmi statistikasına istinad etsək, məhz ABŞ 22 % faiz payla BMT-nin büdcəsinin formalaşmasında əsas rol oynayır. Müqayisə üçün deyək ki, 2-ci sırada gələn Yaponiyanın payı düz 2 dəfə az - 11 faizdir . Avropa ölkələrinin payı isə heç 6 faizə belə çatmır. BMT-də Amerika ilə “söz güləşdirmək” gücündə olan Çin və Rusiyanın payları da müvafiq olaraq 5 və 2,5 faizdir . Odur ki, BMT büdcəsinə ən çox üzvlük haqqı ödəyən və bu amildən istifadə edərək təşkilatı təhdid altında saxlayan ABŞ-ın xeyir-duası olmadan kiminsə Baş katib və ya digər yüksək vəzifəni tutması, demək olar ki, qeyri-mümkündür.

ABŞ-ın "kadr"ları olan keçmiş baş katib Kofi Annanın və hazırkı rəhbər Pan Gi Munun qeyri-effektiv fəaliyyəti və prinsipsizliyi də bunun bariz sübutudur.

Güclü BMT və Baş katib beynəlxalq münasibətlərin qanunun aliliyi prinsipi ilə idarə edilməsi deməkdir. Qanunun aliliyi isə yalnız dövlət daxili hüquq fəaliyyəti deyil, dövlətlərarası münasibətlərə də şamil edilir. Beynəlxalq münasibətlərin BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri ilə idarə olunması heç bir halda ABŞ-ın maraqlarına cavab vermir. Çünki belə olarsa, ABŞ 2003-cü ildə İraqa etdiyi təcavüzü "demokratiya quruculuğu" kimi göstərə, Tunis, Misir, Liviya, Ukraynadakı dövlət çevrilişlərini təşkil edə, "idarəolunan xaos" ssenarisini reallaşdıra bilməzdi.

Azərbaycana qarşı uğursuz şəkildə ATƏT və Avropa Parlamenti kimi platformalardan istifadə edən ABŞ indi də təsir vasitəsi kimi BMT-yə üz tutub. Hər halda BMT funksionerləri başa düşməlidirlər ki, ikili standartlardan uzaqlaşmağın vaxtı çatıb. Həmçinin insan hüquqları məsələsindən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək ən azı beynəlxalq etik qaydalarına uyğun deyil. Bu, beynəlxalq təşkilatların özünün nüfuzuna xələl gətirir. Bu cür qərəzli yanaşma davamlı olacağı təqdirdə isə , yəqin ki, Azərbaycan təsir altında olan bu məmurların davranışı məsələsini BMT əməkdaşlarının etik davranışına məsul olan komitədə və BMT Baş Assambleyasında qaldırmalı olacaq. Başqa sözlə BMT təmsilçiləri bir daha sübut etməlidirlər ki, onların təşkilatı yarı zarafat , yarı ciddi adlandırılan “Beynəlxalq Məyusluq Təşkilatı” deyil, bəşər övladının tam rahatlıqla güvənəcəyi etibarlı bir qurumdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm