Bahar Muradova: “Azərbaycanda bir çox maraqlar toqquşur”
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Azərbaycanda bir çox maraqlar toqquşur”

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova AŞPA-nın iyunun 23-də keçirilən yay sessiyası zamanı həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsinin müzakirə edilərək qəbul edilməsinə münasibət bildirib.

Vitse-spiker Publika.az-a açıqlamasında deyib ki, Avropa Şurasının tövsiyə etdiyi dəyərlərlə qəbul etdiyi bu cür qərarlar arasında böyük fərq var. Onun sözlərinə görə, əgər həqiqətən də bu qətnamənin ədalətli olduğuna inansaq, o zaman burada ilk növbədə erməni işğalı nəticəsində haqları tapdalanmış və doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların da hüquqları ilə bağlı məsələ əksini tapmalı idi: “Bu qətnamədə əvvəl nəzərdə tutulan variantın fərqli formada istifadəsinə icazə verilməməli idi. Ancaq görünən o oldu ki, bu qətnaməni dəfələrlə səs qoymaqla, Dağlıq Qarabağ haqqında əksini tapan obyektiv fikri bu münaqişənin onlara bəlli olması kimi təqdim etməklə, kəskin laqeyd münasibət və qərəzli mövqeyə sahib olduqlarını ortaya qoydular. Təkcə bu fakt onların insan haqlarına olan “səmimi münasibəti”ni bir daha dünyaya nümayiş etdirir”.

Son vaxtlar Almaniyadan Azərbaycana qarşı aparılan qərəzli və qarayaxma kampaniyalarına da toxunan B.Muradova qeyd edib ki, bütün bu cür kampaniyaların səbəbi Azərbaycanın müstəqil siyasi mövqeyə malik olmasıdır: “Azərbaycan heç bir kənar təsirin və diktənin onun tərəfindən qəbul edilməyəcəyini açıq şəkildə bəyan edir. Bütün bunlara yönələn fəaliyyət isə açıq şəkildə qərəzli kampaniya ilə müşahidə olunur. Azərbaycan xalqının etimad göstərdiyi siyasi qüvvə təmsilçiləri və mövcud siyasətdən tələbi ondan ibarətdir ki, indiki iqtidar və dövlət Azərbaycan xalqının iradəsini ifadə etsin. Bu iradə də ondan ibarətdir ki, Azərbaycan dövləti bütün məsələlərdə müstəqil, milli maraqlara və xalqın iradəsinə söykənən siyasət həyata keçirməlidir. Azərbaycan dövləti də bu tələbi icra edir və ölkə əhalisi tərəfindən ona böyük dəstəyin olması heç kəsdə şübhə doğurmur. Azərbaycan xalqının mütləq əksəriyyəti bu siyasəti dəstəkləyir”.

Vitse-spiker söyləyib ki, Qərb dairələri Azərbaycan kimi yenicə müstəqillik əldə edən bir sıra ölkələrdə özlərinə sərf edən və dedikləri ilə oturub-duran rejimləri görmək istəyirlər: “Bu olmadığı təqdirdə isə Qərb həmin ölkələrə qarşı müxtəlif qarayaxma kampaniyaları aparır. Artıq bu faktdır və çoxları bunu bilir. Biz yeni fikir söyləmirik”.

B.Muradova qeyd edib ki, Azərbaycan geosiyasi və geoiqtisadi regionda yerləşən müstəqil dövlət olduğu üçün bir sıra beynəlxalq güclərin maraq dairəsindədir: “Burada bir çox maraqlar toqquşur. Toqquşan maraqların da hər biri öz xeyrini güdür. Təbii ki, özünün böyük iqtisadi imkanları və resursları ilə zəngin olan Azərbaycanda həmin dairələr özlərinin siyasi idarə üsulunu görmək istəyirlər. Ancaq onlar bunu heç zaman görməyəcək. Çünki vaxtilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil siyasət Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının maraqlarına uyğun olaraq və yeni dövrün çağırışları nəzərə alınaraq çox uğurla həyata keçirilir. Bu siyasət isə Azərbaycan xalqı tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də biz kimlərisə razı salmaq üçün Azərbaycan xalqının milli iradəsinə zidd addım ata bilmərik. Ona görə də bu məsələ bəzi dairələri qıcıqlandırır. Təbii ki, həmin dairələr bütün bunlara görə insan haqları, demokratiya və digər humanitar məsələləri əldə bayraq edərək, Azərbaycana qarşı təzyiqlərə əl atır, qarayaxma kampaniyaları aparırlar. Onlar elə görüntü yaradır ki, guya Almaniyanın və digər dövlətlərin rəsmi dairələri Azərbaycana qarşı birləşib və sairə. Ancaq bu heç də belə deyil. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı obyektiv mövqedə olan kifayət qədər insanlar var. Ancaq qeyri-obyektiv insanlar da mövcuddur. Təsəvvür edin ki, indi Azərbaycan Avropada iki üz-üzə dayanan insan qrupunun mübahisə mövzusuna çevrilib. Ancaq hesab edirəm ki, gec-tez Almaniyada və digər Avropa dövlətlərində Azərbaycana qarşı olan həmin dairələr də həqiqəti dərk edəcəklər, Azərbaycanda gedən demokratik islahatları, müstəqil siyasəti və inkişafı görəcəklər, ölkəmizlə əməkdaşlığın əhəmiyyətinə əmin olacaqlar və bununla bağlı düzgün dəyərləndirmə aparacaqlar. Əlbəttə ki, normal məntiq qalib gələcək”.

B.Muradova onu da bildirib ki, “Bakı 2015” Birinci Avropa Oyunları Avropanın Azərbaycanı qaralaması üçün böyük fürsət yaradıb: “Ancaq düşünürəm ki, bu oyunlar bitən kimi həmin qarayaxma kampaniyaları da səngiyəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm