Vitse-spiker: “Azərbaycanda bu yolla gedən siyasi qüvvələr heç zaman uğur qazanmayıb”
Bizi izləyin

Nida.az

Vitse-spiker: “Azərbaycanda bu yolla gedən siyasi qüvvələr heç zaman uğur qazanmayıb”

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlament seçkiləri öncəsi ölkədəki mövcud vəziyyəti qiymətləndirib.

Vitse-spiker Publika.az-a açıqlamasında deyib ki, hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət normaldır.

Azərbaycanda vətəndaş həmrəyliyinin mövcudluğunu vurğulayan B.Muradova bildirib ki, ölkə iqtidarı tərəfindən yürüdülən siyasətlə bağlı hər hansı fikir ayrılığı yoxdur: “Azərbaycan xalqı mövcud iqtidarı dəstəkləyir, ona görə də ölkədə yürüdülən siyasətlə bağlı hər hansı fikir ayrılığı mövcud deyil. Şübhəsiz ki, Azərbaycan demokratik və müstəqil ölkə olduğuna görə və demokratik cəmiyyət qurulduğu üçün burada müxtəlif fikirli insanlar da olur. Odur ki, həmin insanları qane etməyən məsələlər olur və bu, dialoq yolu ilə müzakirə olunur. Ancaq bununla belə, Azərbaycanda normal müxalifətlə yanaşı, nəyin bahasına olursa-olsun vəziyyətin dəyişməsinə və özlərinin üstünlüklər əldə etməsinə çalışanlar da var. Həmin insanlar bu cür vəziyyətlərdən yararlanmağa və Azərbaycan haqqında neqativ fikirlərin yayılmasına çalışırlar. Bununla düşünürlər ki, hər hansı üstünlük əldə edə biləcəklər. Onlar neçə illərdir ki, bu cür addımlar atırlar. Ancaq Azərbaycanda bu yolla gedən siyasi qüvvələr heç zaman uğur qazanmayıb. Nəzərə alsaq ki, qarşıdan parlament seçkiləri gəlir, ona görə də hər kəs bacardığı formada öz fəaliyyətini genişləndirəcək və canlandıracaq. Hər kəsin də nə istədiyi onun fəaliyyətindən aydın şəkildə görünəcək. Tam əminəm ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan cəmiyyəti və vətəndaşları xalqın maraqlarına, dövlətin imicinin yüksəlməsinə, möhkəmlənməsinə və sosial vəziyyətin yaxşılaşmasına yenə də xidmət edəcəklər. Düşünürəm ki, ulu öndər Heydər Əliyev yolu ilə hərəkət edən insanlar bu dəfə də parlament seçkilərində xalqın daha çox səsini qazanacaqlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm