XİN: AŞPA-nın qətnaməsi Azərbaycana qarşı qərəzli və əsassız yanaşmanın nümunəsidir
Bizi izləyin

Nida.az

XİN: AŞPA-nın qətnaməsi Azərbaycana qarşı qərəzli və əsassız yanaşmanın nümunəsidir

Avropa Şurası Parlament Assambleyasının yay yarım-sessiyası çərçivəsində iyunun 23-də qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir.

Bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlamada deyilir ki, ərazisinin Ermənistanın təcavüzü nəticəsində işğal edilməsinə, zəbt olunmuş torpaqlarda və elə Ermənistanın özündə etnik təmizlə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycandakı mövcud siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir. Bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib.

Belə bir sənədin qəbulu Avropa Şurası və onun Parlament Assambleyası da daxil olmaqla Avropa təsisatları tərəfindən dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür.

Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.

Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Şurası və onun Parlament Assambleyasında iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm