ABŞ: dünya jandarmı yenə öz ampluasında - FOTOLAR
Bizi izləyin

Nida.az

ABŞ: dünya jandarmı yenə öz ampluasında - FOTOLAR

Amerika Birləşmiş Ştatları ciddi dövlətdir. Ən azından belə deyirlər. Olsun, inanmaq istərdik. Bir əmma olmasaydı.

İyunun 25-də bu ölkənin dövlət departamenti dünyada insan haqlarının durumuna aid hesabatını dərc edib. ABŞ-ın özündən başqa bütün ölkələri əhatə edən hesabatda Azərbaycana da geniş yer verilib.

Biz iddia edə bilərik ki, beynəlxalq dövlətlərarası səlahiyyətli qurumlar varkən ABŞ-a kim haqq verir ki, belə hesabat hazırlasın? Yəni bu ölkəni kim başımıza jandarm kəsib ki, daxilimizdə təftişçiliklə məşğul olur?

Hər halda, belə sualların sayını artıra da bilərik, amma indi ki, bunların hesabatı dərc edilib, ordakı qaranlıqlara işıq saçmağa çalışaq.

Hesabatda iddia edilir ki, 2014-cü il ərzində Azərbaycanda 30 QHT fəaliyyətini dayandırmalı olub. Guya hökumətin basqıları nəticəsində. Açığı, bu ölkədə yaşayan birisi kimi bu 30 təşkilat haqqında heç yerdə heç bir xəbərə rast gəlməmişik. Sadəcə bəzi QHT-lərdən hökumət şəffaflıq və hesabatlılıq tələb edib, onların da rəhbərləri Azərbaycandan qaçıblar. Özü də belə hallar 30 deyil, ən yaxşı halda 3-dür.

Düzdür, hesabatda bəzi etiraflar da var. Məsələn, deyilir ki, hökumət və onun nümayəndələrinin özbaşına və ya qanunsuz adam öldürməsi haqqında məlumat daxil olmayıb.

Adamların siyasi motivlərlə yoxa çıxması haqqında da məlumatın olmadığı deyilir hesabatda. Yəqin ki bu qədər ağ etməyə cürətləri çatmayıb.

Maraqlıdır ki, polisin bəzən dinc nümayişləri dağıtmasından, bu zaman həddən artıq güc tətbiq etməsindən də danışılır. Halbuki ötən il ərzində ümumiyyətlə hər hansı dinc və qanuni etiraz aksiyasının dağıdılmadığı gün kimi aydındır. Belə olan halda ABŞ Dövlət Departamenti kimi ciddi bir qurum necə iddia edə bilir ki, “dinc nümayişçilərə qarşı hədsiz zor tətbiq edilib”?

Hesabatda daha bir əsassız iddia budur ki, qanun şəxsi mülkiyyətin və özəl yazışmaların toxunulmazlığını təmin etsə də hakimiyyət bu hüquqa hörmət etməyib. Açığı, burda istər-istəməz adamın yadına bir el məsəli düşür: adımı sənə qoyum, səni də yana-yana qoyum.

İş ondadır ki, ABŞ-ın nəinki öz vətəndaşlarının, ümumiyyətlə dünyanın hər tərəfində insanların özəl yazışmalarını, telefon danışıqlarını dinləməsi artıq çoxdan sirr olmaqdan çıxıb. Hətta bir sıra dövlətlərin başçılarının da ABŞ tərəfindən gizli şəkildə dinlənilməsi rəsmən təsdiq edilib. Belə olan halda ABŞ Azərbaycan kimi bir dövləti necə ittiham edə bilir?

Hələ daha bir əsassız iddiaya baxın: guya ötən il ərzində Azərbaycanda jurnalistlərə qarşı 64 fiziki zorakılıq hadisəsi qeydə alınıb. Harda, necə? Şəxsən özüm sırf bu sahədə daimi müşahidə aparan, baş verən ən xırda hadisədən belə xəbəri olan birisi kimi şokdayam! Axı bu qədər zorakılıq hadisəsi hansı şəraitdə baş verdi ki, bizim xəbərimiz olmadı? Həm də ABŞ Dövlət Departamenti kimi bir qurumun belə bir rəqəmi açıqladığı zaman onu təsdiqləyəcək faktları da ortaya qoyması doğru olmazdımı? Axı adama deməzlərmi ki, rəqəm açıqlamısan, faktları da qoy ortaya?

Yaxud da Kəmalə adlı bir müxalifətçinin biədəb videosunun dərc edilməsini də heç bir dəlil olmadan hakimiyyətin adına yazmaq ciddiyyət əlaməti sayıla bilməz.

İl ərzində jurnalistlərə və mediaya qarşı siyasi motivlərlə ümumilikdə 59 məhkəmə işinin olması haqda deyilənlərlə də nəinki razılaşmaq mümkün deyil, ümumiyyətlə bu rəqəmin havadan götürülməsi ən adi müşahidəçinin də diqqətindən qaçmır.

Hansısa saytlara qarşı təşkil edilən DDOS hücumların isə hakimiyyətin ayağına yazılması lap gül vurmaqdır. Ölkədə yüzlərlə alternativ və sərt müxalif mövqeli sayt varkən, sosial mediadan istifadəyə hər hansı formada əngəl tətbiq edilmirsə, hakimiyyət hansı məntiqlə bəzi saytlara qarşı DDOS hücumlar təşkil etməlidir?

Bəs minədək QHT-nin dövlət qeydiyyatından imtina edilməsi haqqında “bəzi ekspertlər”in boş iddialarının ciddiyə alınmasını hara yazaq? ABŞ Dövlət Departamenti doğrudanmı bu qədər qeyri-ciddi duruma düşüb?

Ölkədə antisemitizmin yoxluğunun da etiraf edildiyi hesabata inansaq, Ermənistanın işğalı altında olan Qarabağ və digər torpaqlardan kənarda yaşayan 30 minədək erməni, sən demə təqiblərə məruz qalır. Hətta ləzgilərin, talışların, Ahıska türkləri və kürdlərin ayrıseçkiliyə məruz qaldığı da iddia edilir bu başabəla hesabatda.

Ümumilikdə hesabatdan belə anlaşılır ki, Azərbaycan nəsə dəhşətli bir yerdir. Sanki bu ölkədə də ABŞ-dakı kimi irqi ayrıseçkilik var. Yaxud da hər 21 saatda bir nəfər qaradərili gənci ağdərili polis öldürür. Havadan götürülən rəqəmlərlə Azərbaycana qara yaxmaq istəyən hesabat müəllifləri deyəsən unudurlar ki, ötən ilin avqustunda ABŞ-da təkcə Ferguson şəhərində 8 gün ərzində 52 jurnalist polis zorakılığına məruz qalıb. Həm də bu jurnalistlərin bir qisminə qarşı odlu silahla təhdid də qeydə alınıb. Bütün bunların qarşılığında ABŞ Dövlət Departamenti susqunluq nümayiş etdirib, heç kimsə də cəzalandırılmayıb.

ABŞ bəlkə Azərbaycanın gözündə çöp axtaracağına, öz gözündəki irqi ayrıseçkilik, hələ də tətbiq etdiyi ölüm hökmü, iki partiyalı siyasi sistem adı altında alternativ siyasi qüvvələrin yetişməsini əngəlləməsi kimi tirləri görsə yaxşı olmazmı?

Bəs həftə səkkiz, mən doqquz orta məktəblərə edilən silahlı hücumlar nəticəsində günahsız uşaqların öldürülməsi kimi geniş yayılmış “tir” necə, o da bunların gözünə dəymir?

Polis dövləti olan ABŞ necə olur ki, dünyanın insan həyatı üçün ən təhlükəli ölkələrindən biri olduğu halda insanların dinc yaşadığı Azərbaycan kimi dövlətləri hədəfə alır?

Narkotiklərin, insan alverinin tüğyan etdiyi, zorakılıqların gündəlik normaya çevrildiyi bir ölkə necə olur ki, özünü dünyanın başının ağası qismində görə bilir?

Bəlkə bu dövlət maliyyələşdirdiyi və icra etdiyi inqilablar sonucu bədbəxt etdiyi Tunis, Misir, Liviya, Suriya, İraq, Gürcüstan və Ukrayna kimi ölkələrin gözüyaşlı analarına, yetim qalmış yüz minlərlə uşaqlarına, yurd-yuvasından didərgin düşmüş milyonlarla insanına görə hesabat versin?

Bəs ABŞ-ın müdaxiləsi nəticəsində torpaq itkisilə üzləşmiş ölkələrə görə kim hesabat verəcək?

İŞİD, Taliban kimi terror təşkilatlarını dünyanın başına bəla etmiş bir dövlət necə iddia edə bilir ki, dünyada insan haqlarının qorunmasında maraqlıdır?

Əbu-Qreyb, Quantanamo kimi misli-bərabəri görünməmiş işkəncə həbsxanalarını bəşəriyyətə “bəxş etmiş” ABŞ başqa ölkələrdə havadan tutduğu rəqəmlərlə kimi aldatmaq istəyir?

ABŞ bu “insan haqları hesabatı”yla hələ də adını başqalarına qoymaq istəyir. Amma unudur ki, dünya artıq o dünya deyil. 15-20 il öncə ABŞ-dakı eybərəcərlikləri bizim kimi uzaq ölkələrdən gizlətmək olardı, amma indi mümkün deyil. Ən azı yeni informasiya-kommunikasiya texnologiyalarının hər yerdə əlçatan olması unudulmamalıdır...

Azər Həsrət, [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm