İlham Əliyev: “İlham Zəkiyevə medalın Silahlı Qüvvələr Günündə təqdim edilməsi rəmzi və əlamətdardır”
Bizi izləyin

Nida.az

İlham Əliyev: “İlham Zəkiyevə medalın Silahlı Qüvvələr Günündə təqdim edilməsi rəmzi və əlamətdardır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic, Avropa Olimpiya Komitələrinin Baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Spyros Capralos daxildir.

Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. O dedi: “Dünən siz paraolimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə podiumda durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi”.

Xoş sözlərə görə Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikkiyə dərin minnətdarlığını bildirən dövlətimizin başçısı həqiqətən də İlham Zəkiyevə qızıl medalın təqdim etmə mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğuladı. İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlətimizin başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşığını bildirdi. “O məni podiuma dəvət etdi və mən böyük məmnunluqla bunu etdim” deyən prezident İlham Əliyev həmin anların unudulmaz olduğunu bildirdi.

Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki İlham Zəkiyevin yüksək texnika göstərərək çox inamlı qələbə qazandığını bildirdi.

Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, Birinci Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikkiyə bu işlərdə böyük əməyinə görə səmimi qəlbdən minnətdarlığını bildirdi. Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən Patrik Hikinin Azərbaycana olan inamının ifadəsi kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin bu etimadı layiqli şəkildə doğrultmaq üçün səylərini əsirgəmədiyini bildirdi.

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Tsipros Kapralosa və Avropa Olimpiya Komitəsi icraiyyə komitəsinin bütün üzvlərə bu möhtəşəm, unudulmaz İlk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirdi.

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic dedi: “Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya “gülər üzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim. Bütün həyatın boyu bu qədər gülər üzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham Zəkiyevə medal təqdim etmə mərasimində onun Azərbaycan himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O əsl vətənpərvərdir. Biz sizin insanlarınızın və şəxsən sizin Birinci Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq”.

Dövlətimizin başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın əməyini və xüsusilə də gənc könüllülərin peşəkarlığının və yüksək əhval-ruhiyyəsinin onda da böyük təəssürat yaratdığını dedi. Prezident İlham Əliyev bir daha Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikkiyə və nümayəndə heyətinin üzvlərinə xoş sözlərə görə minnətdarlığını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm