• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əli Həsənov: “Onlar Azərbaycanı idarə etmək istəyirlər”

  • Nida.az
  • 29 İyun 2015 12:17
  • 613 Baxış
Əli Həsənov: “Onlar Azərbaycanı idarə etmək istəyirlər”

“Çox təəssüf ki, bəzən xalqı doğru istiqamətə yönəldə bilən şəxslər medianın diqqətindən kənarda qalır, xalqı doğru yola yönəldə bilməyənlər isə medianın gündəmindən düşmür. Bu isə yaxşı hal kimi qəbul edilə bilməz”.

Publika.az-ın məlumatına görə, bu sözləri bu gün Bakı Dövlət Universitetində (BDU) keçirilən “Azərbaycan milli mətbuatı – 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan mediası bu məsələyə də xüsusi diqqət göstərməlidir.

Ə.Həsənov deyib ki, jurnalistlər jurnalistika normalarına uyğun fəaliyyət göstərməlidir: “Ancaq jurnalistlər öz dövlət və milli maraqlarını da unutmamalıdır, bu məsələ onlar üçün heç zaman arxa plana keçməməlidir. Bu gün Azərbaycan mediasının dövlət və milli maraqlara uyğun fəaliyyəti Qərbin qərəzli və qeyri-obyektiv transmilli mediasına cavab verir. Qərbin həmin transmilli mediası son 10 ildə ərəb ölkələrində yaratdığı vəziyyətə baxsaq görərik ki, həmin ölkələrdə nələr baş verir.

Bu gün hər həbs olunanı siyasi məhbus adlandırırlar. Ancaq bu gün ən böyük siyasi məhbus Misirin devrilmiş prezidenti Məhəmməd Mursidir. “Bakı 2015” I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı Qərbdən qərəzli kampaniyalar aparılırdı, ancaq onlar heç nəyə nail ola bilmədilər. Həmin anti-Azərbaycan dairələri bizi qaralamağa çalışırdılar. Onlar Azərbaycanda qısa müddətdə böyük tədbirlərin təşkilini, ölkədəki sabitliyi, xalqla iqtidar arasında sıx birliyin olmasını qəbul etmək istəmirlər. Ancaq hesab edirəm ki, Azərbaycan mediası bu cür anti-Azərbaycan qüvvələrini daim ifşa etməlidir”.

Ə.Həsənov qeyd edib ki, bu gün bəzi “böyük dövlətlər” dünyada güc nümayiş etdirir, onlar dünyanı, həmçinin Azərbaycanı idarə etmək istəyirlər: “Azərbaycan isə bu gün özünün həqiqi ambisiyasını ortaya qoyub və dünya ilə yarışa girməkdən çəkinmir. Hesab edirəm ki, Azərbaycanın bu cür müstəqil siyasəti gələcəkdə də uğurla davam etdiriləcək. Bu mənada da medianın üzərinə böyük məsuliyyət düşür”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR