• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qərbin qarayaxma texnologiyası necə ifşa olundu?

  • Nida.az
  • 29 İyun 2015 15:00
  • 409 Baxış
Qərbin qarayaxma texnologiyası necə ifşa olundu?

“İdman siyasətdən kənardır”. Böyük Oimpiya Oyunlarının bu devizi Qərbin demokratiyanı iki dişinin arasına alıb çeynədiyi vaxtdan etibarən idman tarixindən silindi. Bu, Qərbə daha çox sərf edir, çünki bu gün qərbli texnoloqlar “idman siyasət üçün əla vasitədir” devizini müdafiə edirlər.

Artıq dünyaya yad olmayan bir tendensiya yaranıb: Beynəlxalq idman yarışları, ümumiyyətlə, beynəlxalq tədbirlərin keçirildiyi ölkələr bir qayda olaraq kənar təzyiqlərə məruz qalır. Təsəvvür edin, bir ölkə Olimpaida, yaxud bu səviyyədə bir idman yarışlarını təşkil edir və bu zaman ona qarşı təzyiqlər başlanır, xoşagəlməz addımlar atılır. İlk baxışdan bu paradoksdur. Lakin söhbət neoimperalizmi nəzəriyyədən praktikaya keçirmək istəyən Qərbin bəzi dairələrinin məqsədlərindən gedirsə, onlar üçün hədəfə aparan bütün yollar məqbuldur. Bir qayda olaraq, beynəlxalq tədbirlər, yaxud idman yarışları zamanı dünyanın diqqəti ev sahibi olan ölkəyə çevrilir və bu ölkə haqda yayılan ən xırda informasiya belə havada qalmır. Belə məqamlarda Qərbin siyasi texnoloqları dəfələrlə təcrübədən çıxarılmış “siyasi mühəndlislik” metodunu işə salır. “Siyasi mühəndislik”: bu terminə politologiyada az-az hallarda rast gəlinir. Lakin praktiki siyasətdə bundan geniş istifadə olunmaqdadır.

Siyasi mühəndislik sosial mühəndislik terminindən törəməsidir. Sosial mühəndislik lazımi məlumatın əldə edilməsi üçün yalandan və manipulyasiyadan istifadə etməkdir. Sosial mühəndisliyə əsaslanan siyasi mühəndislik isə manipulyasiyalardan istifadə etməklə siyasətə dizayn verməkdir. Bunun praktiki tətbiqi diqqət çəkir:

- Beynəlxalq ictimaiyyətin diqqətinin yönəldiyi ölkənin ən zəif yerləri axtarılaraq tapılır, bu alınmasa, yeni “problemlər” kəşf olunur.

- İstehsal olunan problemlər həmin ölkədə təşkil olunan idman yarışı, yaxud hansısa irimiqyaslı tədbirlə əlaqələndirilir və problemin qaynağı kimi təqdim olunur.

- Transmilli media korparasiyalarında həmin ölkə haqda manipulyativ məlumatlar dövriyyəyə buraxılır və əsas xəbərlər sırasına salınır.

- Daha sonra yeni uydurma xəbərlər sosial şəbəkələrə peyda olur və müzakirəsi təşkil edilir.

- Nəticədə, hədəf seçilən ölkədə təşkil olunan yarış, yaxud tədbir ikinci plana keçir və dünya bu uydurma problemlərdən danışır. Siyasi texnologiyada buna “bumeranq effekti” də deyilir.

Beynəlxalq tədbirlərin keçirildiyi ölkələr üzərində bu metod asanlıqla həyata keçirilir. Neoimperalizmi qəbul etməyən, müstəqil siyasət yolunu seçən və buna görə hədəfdə olan ölkələrə təzyiq etməyin, onları gözdən salmağın ən sərfəli yolu beynəlxalq diqqətin bu ölkələrin üzərində olduğu məqamlardan, xüsusilə beynəlxalq idman yarışlarının keçirildiyi vaxtlardan istifadə etməkdir.

Qərin siyasi texnologiyasına görə, bu effektli təcrübədir. Bu təcrübənin nə vaxt “kəşf olunduğunu” bildikdə isə, təəccüblənəcəksiniz.

1908-ci il, London Olimpiya Oyunları: britaniyalılar “səhvən” ABŞ bayrağının yerinə Çin və Yaponiya bayraqlarını asırlar və bu ciddi etirazlara səbəb olur. İlk baxışdan, adi texniki səhvdir. Amma əslində, bununla Britaniya taxtı onun köləliyindən qaçaraq yeni torpaqlarda dövlət quran amerikalı anglosaksonlara “Sizi dövlət kimi qəbul etmirik” mesajını verirdi. O vaxtdan etibarən Olimpiya Oyunlarında siyasi amillərdən gen-bol istifadə olunmağa başladı. 1968-ci ildə isə Qərb hegomonluğunu sarsıdan daha bir hadisə baş verdi. Meksikada keçirilən Yay Olimpiya Oyunlarında ABŞ-ın qaçış üzrə ən güclü atletləri Tommi Smit və Con Karlos milli himn çalınan zaman başlarını aşağı salaraq, qara əlcək geydikləri yumruqlarını havaya qaldırdı. Bununla onlar ölkələrindəki rasizmə etiraz edirdilər. Düzdür, Amerikaya qayıdandan sonra sözün əsl mənasında onları “sındırdılar”: Amerika Smit və Karlos üçün əsl cəhənnəmə çevrildi. Amma istənilən halda, onların aksiyadından effekt gözlənildiyindən də böyük oldu. Mahz bu amillər daha sonra Qərbin siyasi texnologiyası üçün yeni praktiki metodologiyanın əsasını yaratdı. Dünya ictimaiyyətinin diqqəti hədəfdə olan ölkəyə yönələndə manipulyasiyalar işə düşür, bu diqqət ümumi mənzərədən yayındırılaraq, lazım olan istiqamətə yönəldilir.

2008-ci il Pekin Olimpiadası: Dünya bütün diqqətini Uzaq Şərqə yönəltmişdi. Lakin Qərbin bəzi mediası insan haqlarından tutmuş, koalaların sayının azalmasına qədər məsələlərdən danışır, ictimai diqqətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışırdı.

2014-cü ildə futbol üzrə dünya çempionatı Braziliyada keçirilən zaman da Qərbin “siyasi maşını” işə düşdü. İnsanlar çempionata etiraz olaraq küçələrə axışdı. Lakin çempionat baş tutdu. Həmin il Qış Olimpiya Oyunları Soçidə təşkil olunanda isə Qərb mediası hansısa ictimai tualetdə təmizlik problemini tirajlayırdı.

Axı “Hər şey sülh üçün” prinsipini irəli sürən Qərb sülhün rəmzi olan idmanı niyə bu qədər siyasətə bulaşdırır?! I Avropa Oyunları zamanı Azərbaycanla bağlı ortaya atılan iddialar və beynəlxalq diqqətin məqsədli şəkildə formalaşdırılması da bu texnologiyanın əyani sübutudur. Bütün dünya ictimaiyyəti diqqətini Bakıda atletlərin mübarizəsinə yönəltdiyi bir vaxtda Qərb texnoloqları “siyasi məhbus”, “insan haqları”, yaxud “maliyyə sərfiyyatı” kimi iddiaları ortaya atır, ictimai rəyi çaşdırmaqla Azərbaycana bu yöndən zərbə vurmaq istəyirdi. Avropa Oyunları öncəsi isə Bakıda küçə itələrinin öldürülməsi kimi manipulyativ informasiyanın yayılması da bu məqsədə xidmət edirdi. Yəni Azərbaycana qarşı qarayaxma kampaniyasını məhz bu tipli neqativ və manipulyasiya üzərində qurulan məlumatlar hesabına aparmağa cəhdlər edilirdi. Çünki Avropa Oyunları öncəsi, həmçinin, oyunlar zamanı dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönəlmişdi. Belə bir diqqət üzərindən manipulyasiya edən Qərbin bəzi dairələrinin məqsədləri də aydın idi.

Birinci amil: Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbin bir sıra qüvvələri tərəfindən birmənalı qəbul olunmur. “Qoca Qitə”nin fikrincə, Azərbaycan kimi gənc müstəqilliyə sahib olan ölkələr öz ayaqları üzərində dayanmamalı, daim onlardan asılı vəziyyətdə qalmalıdır.

İkinci amil: Azərbaycanın strateji önəminin böyük olduğunu Qərbin anti-Azərbaycan dairələri yaxşı anlayır. Onların istəyi Azərbaycanın məhz qurduqları cəbhədə yer alması və gələcəyini məhv etmək hesabına olsa belə, Qərbə xidmət edən savaşa girməsidir.

Azərbaycan isə öz müstəqil siyasətindən geri çəkilmək və qaranlıq gələcək vəd edən cəbhələrdə yer almaqdan imtina edir. Ölkənin praqmatik rəhbərliyi anlayır ki, cəbhələrdən hansındasa yer almaq, ən yaxşı halda, Gürcüstan və ya Ukrayna ssenarisinin qəbul etmək deməkdir. Müstəqil mövqeni özünə təhqir hesab edən anti-Azərbaycan qüvvələr isə öz “siyasi maşınını” işə salır, qarayaxma kampaniyasına start verir. 2012-ci il “Eurovision” müsabiqəsi Bakıda keçirilərkən işə düşən bu kampaniya Azərbaycan iqtidarının düşünülmüş siyasəti və xalqın ona hərtərəfli dəstəyi sayəsində iflasa uğradı. I Avropa Oyunlarını növbəti həmlə üçün fürsət hesab edən Qərb dairələrinin budəfəki cəhdlərini də Azərbaycanın xalq-iqtidar birliyi sıradan çıxardı.

Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında dayanan amillər sırasına iqtisadi və Qərbin eqoizmi də daxildir.

İqtisadi amil: hər bir dövlət Avropa Oyunları kimi Olimpiada səviyyəli yarışları keçirmək istəyində olur. Bu hər şeydən öncə ölkə iqtisadiyyatının gələcəyinə yatırılan kapitaldır. Bəzi hallarda ev sahibliyi hüququndan məhrum olan ölkələr bu hüququ qazanan ölkəyə qarşı qisas savaşına başlayır və onunla bağlı qarayaxma kampaniyalarına dəstək olur. Bu həm də belə idman yarışlarını onlara verməyənlərə qarşı də revanşdır. Konkret demək olmasa da, I Avropa Oyunları zamanı Azərbaycana qarşı kampaniya aparan Böyük Britaniya, yaxud Almaniya kimi Qərb ölkələrinin də bu istəkdə olması istisna deyil.

Siyasi eqoizm: Qərb ölkələri adətən Avropa Oyunları kimi mötəbər tədbirlərin Avropa İttifaqına daxil olmayan dövlətlərdə keçirilməsini qəbul edə bilmirlər. Onların fikrincə, avropalılardan başqa digər xalqlar belə beynəlxalq tədbirləri keçirmək iqtidarında deyillər. Şovinizmi xatırladan bu mövqe Azərbaycana qarşı da sərgilənirdi. Xüsusilə, Azərbaycanın müsəlman ölkə olması bu mövqeni daha da sərtləşdirirdi. Lakin nti-Azərbaycan qüvvələr yenə də iflasa uğradılar. Azərbaycan isə nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Sadəcə olaraq, I Avropa Oyunları həm də Qərbin siyasi texnologiyasının ifşa olunmasına əsas yaratdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR