• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mərkəzi Bankdan vacib qərar: kreditlər üçün komissiya haqları məhdudlaşdırıldı

  • Nida.az
  • 30 İyun 2015 10:42
  • 1 276 Baxış
Mərkəzi Bankdan vacib qərar: kreditlər üçün komissiya haqları məhdudlaşdırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib.

Publika.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucovun adından ölkəmizdə fəaliyyət göstərən bütün banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) məktub ünvanlanıb.

Məktubda bir sıra banklarda istehlak kreditləri üzrə yüksək komissiya haqqlarının tətbiq olunduğü bilidirilib. O da qeyd edilib ki, banklarda istehlak kreditləri üzrə faktiki illik faiz dərəcəsi (FİFD) bank sektoru orta faktiki illik faiz dərəcəsini əhəmiyyətli dərəcədə üstələyir.

AMB qeyd olunanları nəzərə alaraq, banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırır.

Qərara münasibətini bildirən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, Mərkəzi Bankın banklara bu tipli göstərişlər verməsi onun səlahiyyətləri çərçivəsində deyil: “ Çünki bank qanunvericiliyinə görə, kreditlərin komisyon haqları banklar tərəfindən sərbəst müəyyənləşdirilir. “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bank bununla bağlı uzaqbaşı tövsiyə verə bilər. Ümumən götürdükdə isə bu təşəbbüs kredit bazarında rəqabətin yaranması baxımından müsbətdir və sui-istifadə hallarını aradan qaldıracaq. Hazırda banklar komisyon haqları hesabına kifayət qədər manevr etmək imkanına malikdirlər. Təsəvvür edin ki, müştəri cəlb etmək üçün faiz dərəcələrini aşağı təklif edirlər. Müştəri müqavilə imzalayan an məlum olur ki, böyük həcmdə komisyon haqq ödəməlidir. Bir sözlə, banklar marketinq strategiyasına uyğun olaraq “aşağı faiz dərəcəsi – yüksək komisyon haqq” prinsipinə üstünlük verilir. Komisyon haqları hətta 6-7%-ə qədər çatır. Bu gəlir bankların gizli gəliri hesab olunur”.

İqtisadçı bildirir ki, illik faiz dərəcəsi 24% olan 6 aylığa verilən kreditlərin effektiv faiz dərəcəsi təxminən 7%-yə bərabərdir: “ Yəni banklar komisyon haqları hesabına 6 aylıq qazancı birdəfəyə, bir günə qazana bilirlər. Ancaq komisyon haqları üçün 1%-lik həddi qoyulması müştəriyə hansı bankın münasib şərtlərlə kredit verməsini müəyyənləşdirməyə imkan verəcək. Nəticədə kredit bazarında müəyyən rəqabət formalaşacaq. Mərkəzi Bankın bu qərarı kredit bazarına necə təsir göstərəcək? İlk növbədə kreditlərin faiz dərəcələri artacaq. Artım təxminən 5-10% təşkil edəcək. Ancaq bu təsir uzunmüddətli olmayacaq. Bir müddətdən sonra faiz dərəcələrində azalma müşahidə ediləcək. Azalmanın əvvəlki səviyyəyə düşməsini söyləmək tezdir. Çünki kredit bazarında digər amillər də nəzərə alınmalıdır. Digər təsir müştərinin sığortalanması ilə bağlı olacaq. Bəzi banklar düzgün olaraq komisyon haqları hesabına müştərinin həyatını sığortalayırdı. Mərkəzi Bankın göstərişindən sonra banklar müştərinin sığortalanmasını onun öhdəsinə buraxacaq. Ona görə də Mərkəzi Bank yaxın dövrlərdə bank qanunvericiliyinə bir sıra dəyişiklik etməlidir.Əvvəla “Banklar haqqında” Qanuna dəyişiklik etməklə komisyon haqlarının həddini Mərkəzi Bank tərəfindən təsdiq edilmiş normativə əsasən müəyyənləşdirməli,ikincisi kredit götürən müştərinin həyatının sığortalanması qanunvericiliklə icbari xarakter daşımalıdır”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR