Tahir Kərimli: “Azərbaycan zirvəni fəth etdi”
Bizi izləyin

Nida.az

Tahir Kərimli: “Azərbaycan zirvəni fəth etdi”

“Avropa Oyunları Azərbaycanın inkişafını, tolerantlığını, qədim tarixini və zəngin mədəniyyətini nümayiş etdirdi”.


Bunu Publika.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.


Onun sözlərinə görə, Azərbaycanın bu oyunları hansı səviyyədə keçirəcəyi ilk gündən bəlli idi: “Açılış gününün möhtəşəmliyi bunu deməyə əsas verirdi. Sonrakı günlər biz bunun şahidi olduq. Nəhayət, bağlanış mərasimi də öz gözəlliyi ilə diqqət çəkdi. Bu, uğurla başlanan işin uğurla başa çatması idi. Bütün dünya Azərbaycanın gücünü, qüdrətini gördü. Azərbaycan bununla həm də Avropaya öz oyunlarına sahib olma imkanı yaratdı. Çünki Asiya Oyunları, Panamerika, Afrika Oyunları var. Avropanın da öz oyunlarına malik olmağa ehtiyacı var idi. Azərbaycan bu məsuliyyətli işi üzərinə götürdü və layiqincə yerinə yetirdi”.


T. Kərimli qeyd edib ki, 50 ölkədən Azərbaycana gələn nümayəndələr, həmçinin turistlər Azərbaycandakı inkişafı öz gözləri ilə gördülər.


“Azərbaycan oyunlarla bağlı yüksək standartlar tətbiq etdi. Cənab Prezident özü də əvvəlcədən bu haqda danışmışdı. Bu oyunlar digər qitələrin yarışlarından çox yüksək səviyyədə təşkil edildi. İdmançılarımız da yarışlara ciddi hazırlaşmışdılar. Elə bunun nəticəsidir ki, ölkəmiz ilk Avropa Oyunlarında ikinci yeri tutdu. Faktiki olaraq, Azərbaycan Rusiyadan sonra bütün Avropa ölkələrini qabaqladı. Bəlkə də, çoxu bu cür nəticə gözləmirdi. Azərbaycan bir çox mövzularda dünyanı heyrətləndirdi. Yarışlar 30 ay müddətində təşkil edildi. Ola bilsin ki, buna şübhə edən, çatdırmayacağımızı düşünənlər də var idi. Amma gördüyünüz kimi, hər şey çox yüksək səviyyədə təşkil olundu. Azərbaycan necə bir ölkə olduğunu yenidən bütün dünyaya nümayiş etdirdi, özünün yüksək təşkilatçılıq qabiliyyətini ortaya qoydu”, - deyə o vurğulayıb.


Partiya sədri Azərbaycana qarşı təşkil olunan qarayaxma kampaniyasından da danışıb. Onun sözlərinə görə, Avropa Oyunlarının yüksək səviyyədə təşkilini qibtə ilə qarşılayanlar da var, buna paxıllıq edənlər də: “Müəyyən dairələr Azərbaycanın da Suriya və İraqdan fərqlənməsini istəmirlər. Müsəlman bir dövlətin bu qədər inkişaf etməyini qəbul edə bilmirlər, narahat olurlar. Xüsusən də ermənipərəstlər daha çox qorxuya düşürlər. Çünki onlar ölkəmizlə bağlı əks-təbliğat aparırlar. Bizi heç kimlə yola getməyən xalq kimi təqdim etməyə çalışırlar. Ermənilərin “bunlarla bir yaşamaq mümkün deyil” iddiaları boşa çıxdı. Ölkəmizin və vətəndaşlarımızın iddia edildiyi kimi olmadığı hamının diqqətinə çatdırıldı. Bu oyunlar təkcə Avropa ölkələrində izlənmirdi. Bunu da ölkəmizin uğuru hesab edirəm. Hesab edirəm ki, qarşıya qoyulan məqsədlərə çatdıq. Boykot çağırışı edənlər, bu oyunlara qarşı çıxanlar sadəcə iflasa uğradılar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm