Komitə sədri: “Azərbaycan sübut etdi ki, istənilən qədər turist qəbul etməyi bacarır”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Azərbaycan sübut etdi ki, istənilən qədər turist qəbul etməyi bacarır”

“İlk Avropa Oyunları Azərbaycan dövlətinə və xalqına böyük faydalar verib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, turizm əmək tutumlu bizneslərdən hesab olunur. H.Rəcəbli deyib ki, adətən, 1 nəfər turistə 7 nəfər xidmət edir: “Bu o deməkdir ki, Azərbaycana gələn hər bir nəfər turist 7 nəfər vətəndaşımıza xeyir verir. Misal üçün, turist taksiyə minir, bazarlıq edir, qidalanır və sairə. Yəni hər bir turist Azərbaycana xeyli gəlir verir. Ona görə də hesab edirəm ki, ilk Avropa Oyunları Azərbaycana turist axınına da müsbət təsir göstərib. Şübhəsiz ki, Azərbaycan sübut etdi ki, istənilən qədər turist qəbul etməyi bacarır. Bundan əlavə, turistlər vasitəsilə Azərbaycanın təbliği də böyük uğurdur”.

Komitə sədri qeyd edib ki, “Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın seçilməsinin özü ölkəmizə olan böyük etimad və inamın göstəricisi idi: “Bütün bunlar isə onun nəticəsində mümkün olub ki, İlham Əliyev xarizmatik şəxsiyyətdir, dünyada qəbul olunan liderdir. Dünya cənab Prezidentə inandığı üçün ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə razılıq verib.

Avropa Oyunlarının bizim üçün digər böyük əhəmiyyəti isə odur ki, bundan sonra Azərbaycana yüz illərlə xidmət edəcək müasir idman qurğuları və obyektləri tikilib. Avropa Oyunları ərəfəsində şəhərimiz daha da abadlaşıb, paytaxtda küçə və nəqliyyat hərəkəti mədəniyyəti formalaşıb. Yollarımız sistemləşib. Misal üçün, Ziya Bünyadov prospekti düzəlib, paytaxtda gərginliyin aradan qaldırılması üçün alternativ yollar açılıb. Paytaxt yollarında “sarı xəttin” çəkilməsi də böyük xidmətdir. Bundan əlavə, “Baku Bus” adlanan qurum yaradıldı. Bu qurumun nəzarəti altında sərnişin daşıyan avtobus sürücüləri burada imtahan verəcəklər və xüsusi məşqlər keçəcəklər. Yalnız bundan sonra həmin sürücülərə sərnişinləri daşımağa icazə veriləcək”.

H.Rəcəbli bildirib ki, Avropa Oyunları həm də Azərbaycanda yerli mütəxəssis yetişməsinə şərait yaradıb: “Təsəvvür edin ki, Avropa Oyunlarına görə 650 əcnəbi mütəxəssis gəlmişdi, onların yanında 200-ə yaxın azərbaycanlılar da çalışırdı. Onlar artıq püxtələşəib. Vaxtilə Azərbaycanda tikinti və digər sahələrdə də çalışan mütəxəssislər türklər və digər əcnəbi şəxslər idi. Ancaq indi artıq azərbaycanlılar özləri tikinti üzrə yaxşı mütəxəssislərdir. Hesab edirəm ki, bütün bunlar Avropa Oyunlarının Azərbaycana verdiyi böyük dividentlərdir. Yəqin ki, bundan sonra Azərbaycan beynəlxalq idman yarışlarının keçirilməsi üçün daha əlverişli olacaq. Bu isə Azərbaycana gələcək turistlərin sayını ildən-ilə daha da artıracaq”.

Komitə sədri deyib ki, Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn xaricilər bir daha şahid oldular ki, Azərbaycan sülhsevər dövlətdir, aqressiv ölkə deyil: “Fikir verin, Ermənistanda gedən son hadisələr fonunda Azərbaycanda qazanılan böyük uğurlar bir tandemdir. Kənarda baxılanda, kimin kim olduğu yaxşı görünür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm