İldırımsürətli müharibə, Qarabağın qaytarılması və Azərbaycandan tələb olunanlar
Bizi izləyin

Nida.az

İldırımsürətli müharibə, Qarabağın qaytarılması və Azərbaycandan tələb olunanlar

“Putin Dağlıq Qarabağ münaqişəsini həll edərsə, əvəzində Azərbaycandan Avrasiya İttifaqına qoşulmağı istəyəcək”.


Publika.az xəbər verir ki, bu barədə “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev​ deyib.


Politoloq son zamanlar Azərbaycanın ildırım sürətli hücum planı ilə Dağlıq Qarabağı azad edəcəyi haqda yayılan məlumatlara münasibət bildirib: “Təbii ki, bu xəbərə yalnız düşmən sevinməz. Lakin müdrikcəsinə düşünən zaman bir çox məqamlara da fikir vermək lazımdır. İlk öncə onu deyək ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində mövqeyini əvvəlki illərə nisbətən daha da sərtləşdirib və belə görünür ki, halqa get-gedə daralmaqdadır. Azərbaycan ordusu da kifayət qədər müasir silahlarla silahlandırılıb və yeni müdafiə nazirinin gəlişi ilə ordu daha da gücləndirilib və döyüş ruhu da yerindədir. Lakin Azərbaycan vətəndaşı hər zaman əmin olub ki, o, erməni ilə döyüşmür.

Döyüş əslində Ermənistanla yox, Rusiya ilə aparılıb. Azərbaycan 20 faiz torpaqlarını müharibədə Ermənistana yox, Rusiyaya uduzub. Buna görə də Ermənistana qalib gəlmək üçün Rusiya faktorunu həll etmək lazımdır. İndiki məqamda əlverişli şərait yarandığına görə bu kimi hücum planları ya doğru, ya da şayiə olaraq yayılmaqdadır. Rusiya prezidenti Putinin Azərbaycana münasibəti müsbətə doğru dəyişib. Çünki Azərbaycan birmənalı olaraq Qərblə Rusiya qarşıdurmasında Rusiyaya qarşı cəbhədə yer almır. Putin bunu qiymətləndirir. Bu məsələlərin fonunda Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe də ikilidir. Yəni Qərb Moldova, Ukrayna və Gürcüstanda olan münaqişələrə tam fərqli münasibət bəsləyir. Onlara münasibətdə Rusiyanı təcavüzkar adlandırır və torpaqların işğaldan azad olunması üçün əlindən gələni etməyə öhdəlik götürür.

Ermənistanı isə təcavüzkar adlandırmır və münaqişəyə də az qala Ermənistanın maraqları prizmasından yanaşır. Belə bir vəziyyətdə, Azərbaycan Rusiya ilə yaxınlaşmaqda həm də Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək məqsədini güdür. Rusiya da başa düşür ki, Azərbaycana Qarabağı qaytar və ondan nə diləsən dilə. Putin Dağlıq Qarabağ münaqişəsini həll edərsə, əvəzində Azərbaycandan Avrasiya İttifaqına qoşulmağı istəyəcək və Azərbaycan da “yox” deməyəcək. Məsələlər bu qədər bəsit və həm də bu qədər mürəkkəbdir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm