Müharibə şayiələrinin qaynağı, yaxud prezidentlər görüşəcəkmi?
Bizi izləyin

Nida.az

Müharibə şayiələrinin qaynağı, yaxud prezidentlər görüşəcəkmi?

ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanın ötən həftə verdiyi bəyanatda Azərbaycan və Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti görüşünün ola biləcəyi anlaşılır. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin görüşünün hazırlanması üçün regiona səfəri gözlənilir.


İndiki məqamda prezidentlərin görüşəcəyi ehtimalı az görünür. Çünki Ermənistan 20 ildən artıq bir müddətdə sərgilədiyi qeyri-konstruktiv mövqe dəyişməz olaraq qalıb. Lakin diqqətçəkən daha bir məqam lokal müharibənin başlaması haqda məlumatların, daha dəqiq desək, şayiələrin yayılmasıdır. Bu ehtimalları daha çox erməni politoloqlar və Rusiya siyasətçiləri müdafiə edirlər. İrəli sürülən ümumi fikir I Avropa Oyunlarından sonra rəsmi Bakının ərazi bütövlüyünü bərpa etmək üçün genişmiqyaslı müharibəyə başlayacağı haqdadır. Təbii ki, rəsmi Bakı torpaqlarının azad olunması üçün ədalətli mövqe olan müharibə ehtimalını heç vaxt istisna etməyib. Lakin indiki halda buna getmək Azərbaycanın maraqlarına xidmət etmir. Çünki münaqişənin həlli üçün danışıqlar prosesi artıq üçüncü onillikdir davam edir. Bu, bizə heç bir xeyir verməsə belə, Azərbaycan danışıqlardan imtina etmir. Belə bir vaxtda müharibəyə getmək ermənilərin “bizə təcavüz edirlər” kimi absurd iddialarını möhkəmləndirə bilər. Digər tərəfdən, hazırkı geosiyasi situasiyada da müharibə ehtimalı sərfəli deyil.


Lakin müharibə şayiələrinin arxasındakı məqamlar diqqət çəkir.


Ermənistanın bu tipli şayiələri yaymaqda məqsədi ilk növbədə daxili çaxnaşmalara hesablanmış addımdır. İyunun 23-də İrəvanda başlanan kütləvi etiraz aksiyalarının səngiməsində “Azərbaycan hücum edə bilər” tezisinin Ermənistan rejiminə kömək etmədiyini demək olmaz. Lakin məqsədlər bununla bitmir. Rusiya məhz bu müharibə şayiələrindən sonra Ermənistan ordusunun modernləşdirilməsi üçün 200 milyonluq kredit ayırdı. Bu etirazların yatırılması qarşılığında ödənilən kompensasiya olmaqla yanaşı, eyni zamanda, bu şayiələrə istinad olunaraq atılan addım hesab oluna bilər.


Rusiyanın bəzi politoloqlarının bu şayiələri müdafiə etməsinin arxasındakı məqam da 200 milyon dolları legitimləşdirmək məqsədinə xidmət edir.


Belə bir məqamda Minsk qrupunun həmsədrlərinin regiona səfər planlaşdırması və prezidentlərin görüşünün təşkili üçün çalışması da diqqət çəkir. Hesab etmək olar ki, həmsədrlər ya həqiqətən də bu şayiələrə inanaraq regiondakı sabitliyin pozulmasının qarşısını almaq məqsədi güdürlər, ya da ortada informasiya oyunu gedir və Minsk qrupu da bu oyunun iştirakçıları sırasındadır. İkinci variant daha inandırıcı görünür. Bu, ümumilikdə daha çox danışıqlar prosesinin imitasiyasını gücləndirməyə hesablanmış addımdır.


Milli Məclisin üzvü Asim Mollazadə də hesab edir ki, danışıqlar prosesi sadəcə imitasiyanı xatırladır: “Ermənistan sadəcə olaraq, danışıqlar prosesində iştirak etdiyini göstərir və heç bir addım atmır. ATƏT də üzvü olduğu ölkənin qonşu ölkənin ərazi bütövlüyünü pozduğuna əhəmiyyət vermir. İşğalçı ölkəyə qarşı beynəlxalq hüquq normaları əsasında sanksiyaların tətbiq olunması təcrübəsinin olmasına baxmayaraq, Ermənistana qarşı heç bir addım atılmır. Buna görə də Ermənistanın sülh üçün hansısa addım atacağını gözləmək sadəlövhlük olardı. Minsk qrupunun həmsədrləri də faktiki olaraq turist kimi davranırlar”.


Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Robert Sekutanın bəyanatı Bakıda heç kimi sevindirmir: “Çünki Minsk qrupunun 20 illik fəaliyyəti göstərdi ki, aparıcı dövlətlərin heç biri bu münaqişə ilə məşğul olmaq istəmir. Konqres hər il Ermənistanın Dağlıq Qarabağda separatizminin çiçəklənməsinə xidmət edən milyonlarla dollar yardım ayırır. Bu məqamda ərazi bütövlüyü pozulmuş Azərbaycanı hansısa güzəştlərlə dəvət etmək absurd yanaşmadır”.

Politoloq hesab edir ki, prezidentlərin növbəti görüşünün baş tutması ehtimalı olduqca zəifdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm