Arif Hacılıdan Milli Şuraya: “Rusiya vətəndaşının sədrlik etdiyi qurumda ola bilmərik”
Bizi izləyin

Nida.az

Arif Hacılıdan Milli Şuraya: “Rusiya vətəndaşının sədrlik etdiyi qurumda ola bilmərik”

Müsavat Partiyası Məclisinin iyunun 4-də növbəti sessiyası keçirilib.


Publika.az xəbər verir ki, sessiyada çıxış edən Müsavat başqanı Arif Hacılı partiyanın Milli Şuradan ayrılmağının səbəblərini bir daha açıqlayıb: “Müsavat Partiyası Rusiya vətəndaşının sədr olduğu qurumda qala bilməzdi. Biz əvvəlcə Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəklədik. Lakin görəndə ki, o, Rusiya vətəndaşıdır və Azərbaycana qayıtmayacaq, onda qurumdan uzaqlaşmaq qərarını verdik. Rusiya vətəndaşının Azərbaycan müxalifətini birləşdirən quruma sədrlik etməsi, hətta simvolik də olsa fəxri sədri olması gələcək fəsadlara yol açacaqdı və Müsavat bunu öncədən görə bildi.

Bu gün Rüstəm İbrahimbəyov Krımın Rusiya torpağı olduğunu deyir. Bəlkə də, adi bir ssenaristin, yaxud yazıçının bunu deməsi normal qarşılana bilər. Lakin bu şəxs Milli Şuranın fəxri sədridir və belə bir bəyanat tarixi və siyasi baxımdan doğru deyil. Krım tatarların torpağıdır və siyasi baxımdan Ukraynanın tərkibindədir. Dünya bunu belə qəbul edir. Krımın Rusiya torpağı olduğunu demək Azərbaycanın da mənafelərinə ziddir. Çünki Azərbaycanın da Dağlıq Qarabağ problemi var”.


Başqanın qardaşına vəzifə verildi


Sessiyada Məclisin daimi komissiyaları yaradılıb. Gizli səsvermə nəticəsində Elnur Babayev Yerli Özünüidarəetmə Komissiyasının, Dilşad Nağıyeva Elm və Təhsil Komissiyasının, Mustafa Hacıbəyli Analitik Mərkəzin, Nemət Kərimli Hüquq Siyasəti Komissiyasının, Misir Məhəmmədoğlu İqtisadiyyat və Sosial Siyasət Komissiyasının, Elman Fəttah İnsan Haqları Komissiyasının, Şakir Abbasov Qarabağ Komissiyasının, Könül Əliyeva Gender Məsələləri Komissiyasının sədri seçilib.


Müsavat “Seçki Platforması Qrupu”


Parlament seçkilərinə hazırlıqla bağlı Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı çıxış edib. O, Müsavat Partiyasının seçkiyə hazırlıqla bağlı gördüyü işlər barədə məlumat verib: “İndiyə qədər 70-dən artıq seçki dairəsindən Müsavat Partiyasının namizədi olmaq istəyən şəxslərin siyahısı ilkin olaraq müəyyənləşib”.

G. Aslanlı çıxışında “Seçki Platforması Qrupu” yaradılmasını təklif edib. Müzakirələrin yekunu olaraq, başqan müavini Elman Fəttahın rəhbərliyi ilə “Seçki Platforması Qrupu” yaradılıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm