• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bahar Muradova: “İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarımıza qayıdacağıq”

  • Nida.az
  • 6 İyul 2015 16:32
  • 407 Baxış
Bahar Muradova: “İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarımıza qayıdacağıq”

Finlandiyada səfərdə olan ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova Helsinkidə ATƏT-in Parlament Assambleyasının 24-cü illik yay sessiyasında çıxış edib.

Publika.az-ın məlumatına görə, vitse-spiker B.Muradova bildirib ki, son illər ölkələrin qəbul olunmuş sərhədlərinin dəyişdirilməsi və ərazi bütövlüyünün pozulması cəhdləri ATƏT-ə olan inamı sarsıdıb. Onun sözlərinə görə, indi belə cəhdlər davamlı şəkildə müşahidə olunur.

B.Muradova ATƏT-i münaqişələrin tezliklə həlli üçün ölkələrin ərazi bütövlüyünə və bir-birinin suverenliyinə hörmət əsasında mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi istiqamətində addımlar atmağa çağırıb: “Biz danışıqlara rəsmi dəstək ifadə etmək çərçivəsindən və danışıqlarda irəliləyişin əldə olunacağına ümid bəsləməkdən kənara çıxaraq, münaqişə zonalarındakı qəbuledilməz status-kvonu dəyişmək üçün əməli addımlar atmalıyıq. ATƏT və onun Parlament Assambleyası, nə qədər ki gec deyil, indi hərəkət etməlidirlər. Münaqişə nəticəsində evlərindən didərgin düşən milyonlarla insanların davam edən əzab və əziyyətləri təcili tədbirlərin görülməsini tələb edir”.

Erməni deputatlarının çıxışlarını cavablandıran B.Muradova deyib ki, azərbaycanlılar həqiqətən də İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaqlar: “Siz buna tam əmin ola bilərsiniz”.

Xatırladaq ki, vitse-spiker Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildirlər.

İyulun 10-dək davam edəcək səfər çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda deputat Azay Quliyev müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət” qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR