Aydın Əliyev: “Avropa Oyunlarından sonra GUAM tədbirinin Bakıda keçirilməsi qürurvericidir” - FOTOLAR/YENİLƏNİB
Bizi izləyin

Nida.az

Aydın Əliyev: “Avropa Oyunlarından sonra GUAM tədbirinin Bakıda keçirilməsi qürurvericidir” - FOTOLAR/YENİLƏNİB

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Tədbirdə GUAM üzvü olan Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın nümayəndə heyətləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq qonaqlara ötən ay Bakıda keçirilən I Avropa Oyunları barədə danışıb. O, “Bakı 2015” I Avropa Oyunlarında iştirak edən GUAM ölkələrinə və onların idmançılarına da təşəkkür edib.

Daha sonra komitə sədri bildirib ki, GUAM tədbirinin Bakıda keçirilməsi qürurvericidir: “Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin inkişafının və tərəqqisinin sübutudur”.

Azərbaycan gömrük xidmətindən qonaqlara geniş məlumat verən A.Əliyev deyib ki, son illər Azərbaycan gömrük xidmətində həyata keçirilən işlər yüksək uğurla davam edir.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili də bu yaxınlarda Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının və bugünkü tədbirin əhəmiyyətindən danışıb: "Artıq Azərbaycan təkcə GUAM üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli dövlətə çevrilib".

Qeyd edək ki, iclasda GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 21-ci iclasının protokolunun, eyni zamanda sözügedən layihənin üzv ölkələrdə icrası ilə bağlı hesabatlar təqdim olunub.

İclasda GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında protokol imzalanıb, o cümlədən gömrük prosedurlarının həyata keçirilməsi zamanı mallar və nəqliyyat vasitələrinə gömrük nəzarətinin fərdi nəticələrinin qarşılıqlı tanınması haqqında protokol layihəsinin müzakirəsi aparılıb.

İclasın sonunda isə Rəhbəredici Komitənin 22-ci iclasının protokolu müzakirə edilib və imzalanıb.

Protokolun imzalanmasından danışan Aydın Əliyev bildirib ki, 10 ildən artıqdır nəqliyyatın və ticarətin asanlaşdırılması ilə bağlı gömrük orqanları rəhbərlərinin xüsusi komitəsi fəaliyyət göstərir: "Bu gün Bakıda baş tutan GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası zamanı GUAM dövlətləri arasında nəqliyyat vasitələrin və sərhəddən keçirilən mallarla bağlı məlumatların əvvəlcədən bu ölkələrə ötürülməsi barədə protokol imzalanıb. Yekun mərhələdə müzakirə ediləcək növbəti protokol isə qarşıdakı iclas zamanı imzalanacaq. Bu sənəd müxtəlif gömrük prosedurlarının digər ölkələrdə tanınmasını nəzərdə tutub. Sənəd həqiqətən də ticarətin asanlaşdırılmasını və nəqliyyat vasitələrinin keçirilməsini sürətləndirəcək.

Prosedurların sadələşdirilməsi əslində gömrük təminatının və gömrük sənədlərinin tanınmasını nəzərdə tutur. Burada əsas söhbət gömrük sənədlərinin yaxınlaşdırılmasından gedir. Əsas məsələ, hansısa iki ölkə arasında həyata keçirilən ticarət və ya nəqliyyat keçidi zamanı gömrük sənədlərində nəzərdə tutulan qaydalara və məlumatlara inam hissi ilə yaxınlaşmaqdan ibarətdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm