Nida Təhlil
“Dərin müharibə”də qələbənin sirri: yeni prezident devriləcəkmi? - TƏHLİL
“Trampın triumf”u, Amerika yeni prezidentini “dörd ağ
atın qoşulduğu arabada” qarşılayır, Roma imperiyasında qalib
sərkərdənin qarşılandığı kimi. Və istər-istəməz, qələbəni bayram
edəcəyi aksioma olaraq qəbul olunan Hillari Klintonun deyil, məhz
Trampın - seçkiqabağı açıqlamaları ilə təkcə Amerikanı yox, bütün
dünyanı təşvişə salan namizədin qalib olaraq canlı yayıma çıxması
fonunda Romasayaq Amerika imperiyasının hara getdiyi, nə düşündüyü,
nələr planlaşdırdığı sualı açıq olaraq qalır. Çox güman ki, dünya
bu suala hələ ki, cavab tapa bilməyib, Klintonun məğlubiyyətində
cavabsız sualların olduğu kimi. Halbuki, ən praqmatik proqnozlardan
başlamış, siyasi dairələrə, hətta bukmeykerlərə qədər hər kəs xanım
namizədin qələbəsini öncədən elan edir, demokratlar bayrama
hazırlaşırdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ümumi mənzərədə isə nəticə sadə görünür: amerikalılar seçkiyə getdi
və öz prezidentini seçdi.
Halbuki seçkiöncəsi gündəmdən düşməyən “Trampın şansı niyə az idi?”
sualı özündə müxtəlif cavabları birləşdirirdi.
1. Respublikaçıların namizədi prezident olmaq istəyən siyasətçidən
çox uzaq görünür və sanki bunu məqsədli şəkildə edirdi. Onun
davranışları avtomatik olaraq, “Trampın namizədliyi
Hillarinin prezidentliyinə hesablanıb” ehtimalını önə
çıxarırdı. Hər-halda güclü siyasətçilərə malik respublikaçıların
namizədi kimi Trampın çıxış etməsi də bu ehtimalı artırırdı.
2. Onun verdiyi siyasi mesajlar Amerika maraqları ilə kəskin
toqquşurdu.
3. Dünyanın siyasi mənzərəsi fonunda, xüsusilə böyük güclərin savaş
müstəvisində üz-üzə dayandığı vaxtda “hər kəslə uzlaşacam” deyən
bir namizədin qələbəsinə Amerikanı idarə edənlərin razı olmayacağı
fikri daha aydın görünürdü.
Və bütün bunlarla müqayisədə, Klintonun ilk qadın prezident ola
biləcəyi; Amerikanın imperiya siyasətinə daha yararlı olacağı;
Amerika sərmayəsi deyilən, əslində bu ölkəni və dünyanı idarə
etməyə çalışan güclərə yaxın olduğu kimi üstünlüklərə sahib
idi.
Amma hər şeyə rəğmən, Tramp qalib gəldi və bu, “siyasət
ikiüzlü yox, çoxüzlüdür” reallığını bir daha
doğrultdu.
Trampın qalibiyyətini gerçəkləşdirən amillər:
Təbii ki, zəfər “çılğın respublikaçı”ya göydən düşmədi. Bunun da öz
səbəbləri var, lakin bu səbəblər Klintonun qalib gələcəyi
eyforiyasının yaşandığı seçkiqabağı dövrdə deyil (bu
ajiotajın demokratlara, dolayısı ilə Amerika sərmayəsini idarə
edənlərə yaxın media tərəfindən yaradıldığı da ayrı
gerçəklikdir), məhz seçkidən sonra boylanmağa
başlayır.
Acların seçimi: ABŞ dünya səviyyəsində böyük
iqtisadiyyata malik olan ölkədir. Bütün dünyanı dolanan əskinazı
istehsal edən ölkənin hansı iqtisadi problemi ola bilər? Lakin
statistika böyük pullardan heç də həmişə sadə amerikalıya
çatmadığını göstərir. Misal üçün, bu gün ABŞ-da əhalinin yalnız 3
faizi milli gəlirin 54 faizinə sahibdir. Bu rəqəm ata Buşun
dönəmində 44 faiz idi. Yaxud hazırda ölkədə 14,5 faiz insan
kasıbdır. Yetkinlik yaşına çatmış 96 milyon insan iş tapmır və ya
ümumiyyətlə, axtarmır.
“İnsanlar dayanıb, artıq iş axtarmırlar. Çünki tapa
bilməyəcəklərinə inanırlar və vəziyyətlə barışıblar. Son 40 ildə ən
dəhşətli vəziyyət müşahidə olunur”, - Tramp situasiyanı bu
sözlərlə qiymətləndirir və bəlkə də, bu, onun seçki kampaniyasında
çərçivəyə salınıb divara asılmalı olan yeganə sözləri hesab oluna
bilər. Trampın rahat şəkildə favorit olan Klintona qalib gəlməsinin
sadə və aydın səbəblərindən biri, elə birincisi də budur. Çünki XXI
əsrin “qara oğlanı” Amerikanı ağ günə çıxara bilmədi. Onun
etdiklərinin, yaxud etmədiklərinin əvəzini də Hillari ödədi.
Görünür, amerikalılar nəinki iş tapmaq, heç olmasa buna ümid etmək
üçün biznesmenə üstünlük verdi.
Respublikaçılarla demokratların növbəli sistemi:
Bu tarixi təcrübə hər zaman aktual olub. Bu dəfəki seçkilərdə kiçik
ehtimal kimi qiymətləndirilsə də, görünür, Amerika öz bəsit
bölgüsünə sadiq qaldı. Bölgüyə görə, iki dönəm respublikaçılar, iki
dönəm demorkatlar ölkəyə rəhbərlik edir. Bu, SSRİ-nin dağılmasından
sonrakı illərdə daha aydın müşahidə olunur. Ata Buş ölkəyə
1989-93-cü illərdə rəhbərlik edirdi. O, prezident postuna əyləşəndə
SSRİ son günlərini sayırdı. Postu təhvil verəndə isə artıq
qırmızıların imperiyası yox idi. 1993-cü ildə Ağ Evə gələn Bill
Klinton iki dəfə prezident səlahiyyətlərini icra edərək, yerini
Corc Buşa verdi. Respublikaçılar 2008-ci ilə qədər Amerikaya hökm
etdilər. Nəhayət, Obama dövrü başlandı və hazırda qaradərili
prezidentin başı əşyalarını yığmağa qarışıb. Trampın gözlənilməz
qələbəsində bu ardıcıllığın davam etdiyi ortaya çıxır.
Bu iki əsas səbəbə seçki texnologiyasının digər elementlərini də
əlavə etmək olar: Hillarinin xəstəliyi, elektron poçt
qalmaqalı, Federal Tədqiqatlar Bürosunun bu məsələni seçkiyə 11 gün
qalmış yenidən ortaya çıxarması; Trampın emosiyaları, İŞİD-i məhv
edəcək vədləri ilə amerikalının təhlükəsizlik kimi incə damarına
toxunması, miqrantları qovacağına dair sözlərlə Qərb insanının
“sevgilisinin onu tərk etməsinin belə günahını gəlmələrdə görmək”
kimi xəstəliyindən yararlanması və s.
Lakin “Siyasətdə təsadüflərə yer yoxdur” sözləri
nə qədər klişe olsa da, zaman-zaman öz mövqeyini qoruyur.
Gözlənilməz nəticələrə bu prinsipdən yanaşsaq, hər şeydən əvvəl
Klintonun qələbəsi haqda öncədən yaradılan ajiotajın səbəblərinə
diqqət etmək lazımdır. Beynəlxalq media korporasiyalarından
başlamış, Amerikada əyalət qəzetlərinə qədər əksər media anti-Tramp
kampaniyasına qoşulmuşdu və israrla Klintonun qələbə qazanacağı
vurğulanıdı. Hətta “Newsweek” kimi analitikası ilə nüfuz qazanan
nəşr “Hillari Klinton prezidentdir” manşetini əvvəldən hazırlamış,
noyabrın 9-da Tramp qələbə çalsa da, həmin manşetlə çıxmışdı. Buna
paralel olaraq, sorğuların da nəticələri Klintondan yana idi.
Trampın seçilməsinə bu proseslərdən yanaşdıqda, iki “ANA
VERSİYANI” önə çıxır: Ya bu ajiotaj məqsədilə
şəkildə yaradılmışdı və dünya bilərəkdən aldadılırdı, ya da bu,
“dərin Amerika”nın öz daxilindəki qarşıdurmasının
məhsuludur.
“BİRİNCİ ANA VERSİYA”ya “siyasət iki yox,
çoxüzlüdür” fonunda yaşmaq olar və hesab etmək olar ki;
Rusiya və Çin başda olmaqla Amerika ilə maraqları bu və ya digər
formada toqquşan ölkələrin seçkidən sonra hər iki namizəd üzərində
öz siyasət ssenarilərini qurduğu şübhəsizdir. Adətən xarici
siyasətin planlaşdırılmasında bu faktorlar təbiidir. Və ortada iki
namizəd var. Biri hücum, işğal və müdaxilə siyasətini açıq şəkildə
dəstəkləyən Hillari, digəri əməkdaşlığa meylli, mülayim, yola
gətirilməsi asan olan Tramp. Rusiya, Çin, yaxud elə bölgədə
güclənən Türkiyə üçün ikinci sərfəli görünür.
Beləliklə; işğalçı və imperialist obrazı güclənən Amerika
əməkdaşlığa açıq Trampla mülayim imicini bərpa edir; Əks cəbhədəki
ölkələr açıq müdaxilə siyasətini aparan demokratlardan xilas
olmağın sevincinə qapılaraq, yeni Amerika ilə ehtiyatlanmadan,
çəkinmədən və rahat şəkildə əməkdaşlığı
gücləndirirlər.
Və bunun üçün məhz Trampın – bütün medianın qarşı çıxdığı,
haqsızlığa uğrayan, “dərin Amerika”nın dəstəyindən mərhum olan,
lakin öz yolunda prinsipiallığı ilə addımlayan namizədin qələbəsi
lazım idi. Başqa cür inandırıcı ola bilməzdi. Trampın “uğur
hekayəsi” bundan ibarətdir. “Dərin Amerika” bu hekayə altında yeni
və fərqli müdaxilə siyasəti yaradır.
“Türk planı”: Çevriliş cəhdindən sonra itirilən və
Rusiya cəbhəsinə keçən Türkiyə Tramp Amerikası ilə əməkdaşlıqlar
çərçivəsində yenidən qazanılır. Artıq okeanın o tayından təhlükə
gözləməyən Türkiyəyə məhz yenidən “yuxuya verərək” daxil olurlar.
Yəni hər şeyi sıfırlayır və təzədən başlayırlar. Bu, həm də
Türkiyənin vasitəsilə Yaxın Şərqdə yarımçıq qalan işin sona
çatdırılmasına kömək edə bilər. Başqa cür bu mümkünsüz görünürdü,
hələ Klinton Amerikası ilə ümumiyyətlə, baş tuta bilməzdi.
“Rus planı”: Putin “dostu” Trampla çox yaxın
əlaqələrə malikdir. Rus imperiyasını dağıtmaq üçün 100 ildir
çalışan Amerikada belə bir prezidentin olması qəribə deyilmi?!
Lakin qəribəliklər bununla bitmir. Trampın yaxın ətrafı və güman
ki, yeni administrasiyada vəzifə alacaq şəxslərin siyahısı da
olduqca düşündürücüdür.
Paul Manafort: O, Putinin yaxını olan Ukraynanın
keçmiş prezidenti Yanukoviçlə çox yaxşı əlaqələrə malikdir.
Carter Page: Bu ilin yayında Moskvada səfərdə
olub. O, bir neçə il Rusiya paytaxtında investor olaraq çalışıb,
Rusiya hakimiyyətinə yaxın dairələrlə yaxşı əlaqələrə malikdir.
Maykl Flinn: ehtiyatda olan general-leytenantdır.
Vaxtilə ABŞ hərbi kəşfiyyatına rəhbərlik edib. General Putinin
təbliğatını aparan “RT” kanalında ekspert olaraq çıxış edir.
Riçard Bert: Keçmiş səfirdir, Rusiya qazının
Avropaya çıxışı üçün ciddi lobbiçilik işini həyata keçirib. Putinin
beyin mərkəzi olan “Valday” klubunda zaman-zaman çıxış edib.
Və yeni prezident deyir: “Əgər biz (Putini nəzərdə tutur)
yaxşı yola gedəcəyiksə, bu, çox yaxşı olacaq”.
Hər şey Rusiya üçün olduqca mükəmməldir. Putin bununla hətta Krımın
ilhaqını belə qanuniləşdirə (hansı ki, Tramp seçkiqabağı bu
imkanı Rusiyaya verəcəyini açıqlamışdı), gələcəkdə
Ukraynanı yenidən öz orbitinə qaytara bilər. Həqiqətənmi 100 ilik
planlar bir kənara qoyulacaq və Putin illərdir güc sərf edərək
qazana bilmədiklərini, sadəcə dostluqlarla əldə edəcək? Məhz bu
sualın məlum cavabı Trampın seçkini qazanmasında daha uzağa gedən
hədəfləri göstərir.
Hədəf: Belə görünür ki, Putin ABŞ-ın yeni
administrasiyasını “idarə edəcək”. Amma bunun əksi də baş verə
bilər. Yəni Amerikaya məhz Putinin “dostu” rəhbərlik edir, onun
komandasının üzvləri Rusiyada “açar şəxslərə” yaxın olur, Rusiya
“dostları”nı öz evinin içinə buraxır və ona gözləmədiyi yerdən
zərbə endirirlər. Məsələnin bu tərəfinin ola biləcəyi ehtimalı da
gözardı edilməməlidir.
Çünki; onilliklərdir icra edilən Rusiyanın
dağıdılması, təkqütblü dünyanın idarə olunması siyasətinin
asanlıqla rəfə qaldırılmayacağı reallığı dəqiqdir; Amerika Rusiyaya
(eləcə də digər ölkələrə) qarşı açıq savaşla buna nail ola
bilmədiyini anladı, əvəzində bu prosesdə illərdir istifadə etdiyi
“demokratiya üsulu” ifşa edildi, yəni görünən odur ki, itirən elə
ABŞ-ın özü oldu; buna görə də üslub dəyişdirilir, müdaxilə siyasəti
yumşaq, sevimli Amerika timsalında yenidən başlanır.
Dünya ölkələrini Amerikaya düşmən edən müdaxilə və “rəngli
inqilablar”dan imtina edən, ən böyük düşmən obrazında görünən
Rusiya ilə dostlaşacağına söz verən, Çini hərbi qarşıdurma ilə
deyil, iqtisadi yolla ram edəcəyini deyən Trampın prezident
seçilməsinin arxa fonundakı səbəbinin də bu olduğunu demək
mümkündür.
“Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirsəmsə və
danışmıramsa, deməli ondan müdafiə olunmuşam”. “Üç
meymun”un simvolu olduğu Buddizm fəlsəfəsi Şəri belə şərh edir.
Görünür, Amerika imperializminin yeni strategiyası da budur.
“İmperialist Amerikanı görmürlər, onun haqqında eşitmirlər,
danışmırlar və özlərini ondan müdafiə olunmuş hesab
edirlər”. Bu, oğul Buşun dönəmindəki “xoşniyyətli işğal
siyasətinin” tamamilə yeni forması hesab oluna bilər.
Deməli, Tramp Amerikası məhz “üç meymunu” oynayacaq.
Türklər və ruslarla dost, Çinlə iqtisadi
qarşıdurma, Avropanın bölünməsi: Tramp
Amerikasının Rusiya və Türkiyə ilə “dost” olacağı görünür. Təsadüfi
deyil ki, Trampın qələbəsindən dərhal sonra Türkiyə və Rusiyada
“ABŞ, Türkiyə və Rusiya birlik olmalıdır”
fikirləri gündəmi zəbt etdi. Yeni düşmən Avropa Birliyi, yeni
“təhlükə” Çin olacaq. Tramp Çinlə hərbi qarşıdurmanı arxa plana
keçirir, lakin bundan tamamilə imtina etmir, sadəcə olaraq iqtisadi
sferaya transfer edilir. Çin mallarına əlavə vergi qoyulması
Pekinin də Amerika mallarına eyni sistemi tətbiq etməsi ilə
nəticələnə bilər. Bu uzun və ağrılı iqtisadi qarşıdurma deməkdir.
Bu ağrılı qarşıdurma həm də kiçik ölkələrin iki qütb arasında
qalması, enerjilərini məhz “seçim etmək” kimi tərəddüdlərə sərf
etməsi deməkdir. (Bu haqda Trampın Ağ Evə köçməsindən sonra atacağı
addımlardan sonra danışmaq daha doğru olardı, əgər bu, ona qismət
olarsa...). Lakin “uzaq təhlükələr” Amerika siyasətində xas
xüsusiyyətdir.
Yaxın hədəf Avropadır: Trampın
qələbəsinin açıqlandığı gecə Almaniya və Fransa (“Brexit”dən sonra
hər ikisi Avropa Birliyinin lideri olaraq öndə gedir) liderlərinin
münasibəti xüsusi diqqət çəkirdi. Merkel “biz ABŞ demokratiyasına
inanırıq, Amerika ilə işləmək Almaniya xarici siyasətinin ən önəmli
məqsədlərindən biridir” dedi, lakin kansler narazılığını üz
ifadəsində gizlədə bilməmişdi. Olland isə narahatlığını açıq
şəkildə dilə gətirdi və “ABŞ müəmmalı mərhələyə qədəm qoydu... NATO
bizim təhlükəsizliyimiz üçün əsas faktordur” kimi sözlərlə Trampa
xəbərdarlıq etdi. Onların əksinə olaraq, Fransanın radikal sağçı
Milli Cəbhə Partiyasının lideri Marin Le Penin timsalında bütün
Avropa sağçıları sevinirdi. Sağçıların miqrantları qovmaq istəkləri
ABŞ-ın yeni prezidentinin vədləri ilə üst-üstə düşür. Statistikalar
da göstərir ki, Trampın qələbəsindən sonra “Köhnə Qitə”də radikal
sağçıların mövqeləri güclənib. Almaniya və Fransanın seçkilərə
hazırlaşdığı dövrdə hər iki ölkədə sağçıların güclənməsi Merkel və
Ollandın narahatlığının səbəblərini müəyyən mənada aydınlaşdırır.
Onlar postlarını sağçılara verməkdən qorxurlar. Bunun baş
verəcəyini düşünmək Trampın qələbəsindəki vacib ehtimallardan
birini önə çıxarır:
Avropada sağçılar hakimiyyətə gəlir və xaos dövrü başlanır. Bu, iki
ölkəyə sərf edir. Birincisi Rusiyadır, lakin Moskvanın Amerikadakı
seçkilərə müdaxilə edərək, nəticələrə təsir göstərməsi ehtimalı
zəifdir.
İkincisi İngiltərədir və bu ölkənin ABŞ-da seçkiyə təsir etmək
imkanı şübhəsizdir. Proseslərin təhlili də ingilislərə işarə
edir.
1. Avropada sağçıların güclənməsi ilə başlanacaq
xaos ilk növbədə investisiyanın qaçması deməkdir. Almaniya, yaxud
Fransa kimi ölkələrdən çıxan investorların üz tutacağı ilk ölkə
Böyük Britaniya ola bilər. İngiltərə “Brexit”dən sonra ölkədən
gedən investisiyanı qaytara, getmək haqqında düşünənləri isə
fikrindən daşındıra bilər.
2. “Brexit” Avropa Birliyinin, dolayısı ilə
Almaniya və Fransanın zəifləməsinə hesablanan addım idi. Lakin
Berlin və Paris güclərini birləşdirərək, Avropa Birliyini ABŞ və
İngiltərə olmadan, güc mərkəzinə çevirmək istiqamətində hərəkətə
keçdilər. Artıq dünyada Qərb və Rusiya-Çin cəbhəsi yox,
ABŞ-İngiltərə, Fransa-Almaniya və Rusiya-Çin cəbhəsinin olduğunu
deyə bilərik. Obama Amerikasının siyasətinə zidd olaraq, Almaniya
və Fransa məhz “Brexit”dən sonra Putinlə müəyyən yumşalmalara
getmişdi. Bu, iki cəbhənin birinə qarşı birləşməsi ilə nəticələnə
bilərdi. Hesab etmək olar ki, Tramp Amerikasında Rusiya ilə
münasibətlər neytrallaşdırılaraq, Avropa Birliyinin dağıdılması, ən
yaxşı halda zəifləməsi siyasəti izlənəcək. Bu, Avropada
ingilislərin yenidən hakim olmasına, Avropa Birliyinin isə
ABŞ-İngiltərə gücünə tabe olmasına hesablanıb.
Bu baxımdan, Trampın seçilməsində Amerika dərin dövlətindəki
anqlosaksonların rolunun olduğunu deyə bilərik. Trampın seçkiöncəsi
NATO-ya dəstəyin dayandırılacağı açıqlamasında da bu amil boylanır:
Şimal Alyansının zəifləməsi Avropa Birliyinin dizləri üstə
çökməsi üçün ən başlıca faktor ola bilər. Lakin bu
ehtimalın əksinə olan “NATO-nun zəifləməsi Rusiyanın güclənməsinə
səbəb olacaq” fikri ziddiyyətlərə yol açır.
***
Ziddiyyətli məqamlar yolları “İKİNCİ ANA
VERSİYA”ya aparır.
“Zoar Kitabı (İbranicə “Ehtişam” deməkdir: Tövratın batin
üzü olan və yəhudi mistikasının əsasını təşkil edən Kabbala
təliminin ən vacib kitablarındandır-red) gələn həftə Trampın qələbə
qazanacağından xəbər verir”.
Respublikaçılar Partiyasının İsrail ofisinin rəhbəri Mark Sell
deyir ki, bu sözləri ona böyük mekubal (Kabbala müəllimi) seçkiyə
bir həftə qalmış deyib.
“Mən onun adını açıqlamayacam. Ravvin sadəcə xahiş edirdi
ki, mən onun mesajını ictimaiyyətə çatdırım”, - deyə Sell
qeyd edir.
Burada məsələ hansısa sirli təlimin Amerika seçkilərinə ilahi
təsiri yox, dünyanın, elə Amerikanın da idarə olunmasında önəmli
paya sahib olan yəhudi icmasının Trampa dəstək ifadəsini məhz bu
formada ifadə etməsidir. Mark Sellə inansaq, deməli, Trampın
qalibiyyətində yəhudilərin də izi olub. Proseslər müəyyən mənada
buna inanmağımızı da tələb edir:
Son illər ABŞ-İsrail münasibətlərində ciddi qarşıdurma abu-havası
hiss olunur. Hətta Obama və Netanyahu bir-birinə qarşı sərt
ittihamlar irəli sürməkdən də çəkinmədilər.
a) Fələstinin BMT tərəfindən tanınması və
müşahidəçi dövlət statusu alması məhz demokratların Ağ Evdə olduğu
dövrdə reallaşdı. Həmçinin, Fransa kimi Avropa Birliyinin
əhəmiyyətli gücü də daxil olmaqla, Avropa ölkələri Fələstinin
dövlət müstəqilliyini tanımağa başladı. (burada Trampın
seçilməsi ilə Avropada planlaşdırılan xaosun başqa versiyası da
ortaya çıxır: Fələstinə dəstək verən Avropadan qisas almaq üçün
Trampın seçilməsi yəhudi icmasının da marağına uyğun
görünür)
b) ABŞ başda olmaqla “altılıq” ölkələri İranın
nüvə proqramı üzərində razılıq əldə etdi. Bu prosesə qarşı ən çox
İsrail çıxırdı. Çünki Təl-Əvivə görə, İran İsrailin varlığı üçün
əsas təhlükədir. İranın ali dini lideri səviyyəsində İsrailə daim
təhdidlərin edilməsi da Təl-Əvivə belə düşünməyə əsas verir. Buna
baxmayaraq, Obama Tehranla yumşalmaya “hə” dedi. İsrail-ABŞ
münasibətlərində əsas çatlardan biri də məhz burada yarandı.
Təl-Əvivin “Mavi Mərmərə” məsələsində gözlənilmədən Türkiyədən üzr
istəməsi və təzminat ödəməyə razılaşması da təsadüfi deyildi.
Əslində, Obama Administrasiyasının siyasətinə görə, Təl-Əviv son
dövrlər Türkiyə və Rusiya ilə yaxınlaşmaq xətti seçmişdi. İndi
Tramp Obamanı əvəz edir, o şəxs ki, seçkiqabağı kampaniya zamanı
“İranla nüvə razılaşması ABŞ tarixinin ən pis
razılaşmasıdır” dedi.
c) “Ərəb baharı” hər şeydən öncə bölgədə İsrailin təhlükəsizliyinə
və böyüməsinə hesablanmış ssenari idi. Bu ssenarinin Suriyada
dirənməsi ilə Obama Administrasiyası uğursuzluğa düçar oldu. Məhz
Suriyada başlanan müharibə və İŞİD faktoru dolayısı ilə İsrailin də
təhükəsizliyini təhdid edir. Trampın gəlməsi ilə ən azından
müharibə səngiyə və İsrailin bölgədəki planlarının həyata keçməsi
prosesi yenidən başlana bilər.
Burada İŞİD faktoru ayrılıqda diqqət çəkir: Tramp
İŞİD-i birbaşa məhv edəcəyi vədini verir. Bu, İsrailin
marağındadır, lakin ingilislərə qarşı atılan addımdır. Çünki
İŞİD-in məhz ingilislərin yaratdığı və onların istəyi ilə Obama
Administrasiyasının dəstəklədiyi haqda kifayət qədər faktlar
var.
Trampın seçkiöncəsi “İŞİD-i birbaşa məhv etmək” haqda verdiyi mesaj
da ikinci ana versiyanı gücləndirir: Amerikada
anqlosaksonlarla yəhudilərin savaşı gedir və bu savaşda Trampın
seçilməsi ilə yəhudilər hələki qalibdir. Bu, dolayısı ilə
seçki öncəsi bütün medianın Trampın əleyhinə çıxmasının ikinci
tərəfini də aydınlaşdırır.
***
Göründüyü kimi, ortada yetərincə bir-birini itələyən, ziddiyyətli
məqamlar var, həmçinin, bu qarışıq mənzərədən bir-biri ilə
çarpazlaşan məqamlar da boylanır.
Əgər Trampın qalibiyyətinə yəhudi-anqlosakson mübarizəsi fonunda
yanaşsaq, o zaman, yeni prezidentin işinin çətin olacağını deyə
bilərik. Söhbət Trampın devrilə, hətta öldürülə biləcəyindən gedir.
(Linkoln və Kennedinin timsalında ABŞ bu təcrübəni yaşayıb).
Bu ehtimal üzərində düşünməyə əsas verən amillər də az deyil.
1. Hazırda ABŞ-ın demək olar ki, bütün ştatlarında Tramp əleyhinə
aksiyalar keçirilir və hər keçən gün artan bu etirazların xaosa
çevrilə biləcəyi ehtimalı böyükdür. Hesab etmək olar ki, bu
etirazları məğlub olan anqlosaksonlar (hansı ki, seçki öncəsi
Klintona məhz onların dəstək verdiyi haqda çox danışılırdı) təşkil
edib. Məqsəd Trampın gedişinə zəmin yaratmaqdır.
2. Trampı Ağ Evdə qəbul edən Obama “inanıram ki, hər şey sülh yolu
ilə bitəcək” açıqlamasını verdi. Artıq Ağ Evi tərk etməyə
hazırlaşan prezidentin bu açıqlaması vəziyyətin həqiqətən ciddi
olduğunu göstərir.
Trampı nə gözləyir?
Hər şey Ağ Evə köçənə qədər həll
ediləcək: bununla bağlı artıq müxtəlif versiyalar
səsləndirilir. Birinci versiyaya görə; Seçilmişlər
Kollegiyasında Trampa səs verəcəyi gözlənilən üzvlər qəfil
mövqelərini dəyişə və Klintonun xeyrinə səs verə bilərlər. Ən az 32
üzv bunu edərsə, vəziyyət tamamilə dəyişəcək. Amerika tarixində
dəfələrlə belə hadisələr yaşanıb.
İkinci versiyaya görə; rəsmi nəticələr dəyişə
bilər. Hazırda rəsmi nəticələr açıqlanmayıb. Əgər bir neçə ştatda
nəticələr indikindən fərqli olarsa, bu da Trampın Ağ Evə gedən
yolunda tramplinə çevrilə bilər.
Ağ Evə gedəndən sonra: Tramp bu mərhələləri
aşaraq, Ağ Evə getsə belə, yenə də təhlükə aktual olaraq qalır.
Niksonun taleyi (Uotergeyt işi): 1970-ci illərdə
ABŞ prezidentini istefaya verməyə məcbur edən Uotergeyt məsələsində
2016-cı ildə ABŞ seçkiqabağı kampaniyasındakı bir məqam uzlaşır:
FTB-CİA qarşıdurması. Niksonun istefasına səbəb olan materialların
mətbuata məhz FTB-nin rəhbərinin köməkçisi Mark Felt ötürmüşdü. Bu,
hadisədən 33 il sonra, 2005-ci ildə açıqlandı. Hansı ki, Uotergeyt
işində CİA agentləri birbaşa iştirak edirdi. Tram-Klinton yarışında
isə FTB Hillariyə qarşı çıxdı və demokrat namizədin də dediyi kimi,
məğlub olmasının əsas səbəbi də məhz FTB oldu.
Bu iki məqam Amerikada iki xüsusi xidmət orqanı arasındakı
mübarizənin zaman-zaman davam etdiyini göstərir. Tramp da məhz
daxili kəşfiyyat müharibəsinin ortasında qala bilər. Hesab etmək
olar ki, Trampa qarşı atılacaq addımlara CİA-nın ciddi dəstək verə
və yeni prezidentin ən gizli işləri gün üzünə çıxarılaraq, onun
istefası tələb edilə bilər.
Kennedinin taleyi: 1963-cü ildə Kennedinin taleyi
ilə Trampı birləşdirən bir məqam var. Hər iki şəxs məhz noyabrın
8-i prezident seçilib. Bu, öldürülən digər Amerika prezidenti
Linkoln ilə Kennedinin taleyinin oxşarlığı fonunda nə qədər
konsproloji olsa da, diqqətçəkən detaldır. Lakin Kennedinin
öldürülməsi göstərir ki, “sözə baxmayan” şəxs, hətta prezident olsa
belə, aradan götürülə bilər. Eyni şeyləri Trampla bağlı da demək
mümkündür. Hansı ki, onun nə qədər “sözə baxan” olması haqda
şübhələr çoxdur.
Və bütün bunlara rəğmən, hər şeyin normal olacağı ehtimalı
da mövcuddur: Amerika tarixi göstərir ki, bu ölkədə
prezidentlər yox, sistem əsasdır və Ağ Evdə əyləşən istənilən şəxs
bu sistemin qoyduğu çərçivələrdən çıxmır. Tramp da sələflərinin
yolu ilə gedə bilər. Belə olan halda, iki versiya mümkün
görünür.
1. Trampa daxili siyasətdə istədiklərini etmək
imkanı veriləcək. Hətta Meksika-Amerika sərhədinə divar çəkmək
arzusu da reallaşa bilər.
2. Xarici siyasətdə isə “qırmızı” xətləri
keçməsinə icazə verilməyəcək. Hətta Rusiya ilə münasibətləri yoluna
qoya bilər. Lakin müəyyən mərhələyə qədər. Maraqların və planların
sərhədindən keçmək olmaz.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO