“Yaşıl professor Saşa”: Stalindən qaçanların nəsli ultrasağlara necə qalib gəldi?
Bizi izləyin

Nida Təhlil

“Yaşıl professor Saşa”: Stalindən qaçanların nəsli ultrasağlara necə qalib gəldi?

Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer hətta ikinci cəhddən Avstriyada prezident seçkilərində qələbə qazana bilmədi.

Analitiklər və bukmeker ofislərinin proqnozlarının əksinə, ultrasağçıların namizədi, Avstriya Azadlıq Partiyasının lideri Norbert Hofer hətta ikinci cəhddən Avstriyada prezident seçkilərində qələbə qazana bilmədi. Yaşıllar Partiyasının sabiq lideri, müstəqil namizəd Aleksander Van der Bellen ölkənin yeni prezidenti seçildi. Aleksander Van der Bellen 53,8, Hofer isə 46,2 faiz səs topladı.

Lakin Hoferin məğlubiyyəti Avstriyada ultrasağların mövqelərinin zəif olduğunu göstərmir. Onun qələbəsi yalnız Avstriyanın özündə deyil, həm də bütün Avropada siyasi landşaftı dəyişdirə bilərdi. Axı, İkinci Dünya Müharibəsinin sonundan bu yana Avropada prezident kreslosu heç vaxt ultrasağların nümayəndəsinə qismət olmayıb. Hoferin seçilməsi əlavə sübut olardı ki, Avropa ənənəvi partiyalardan yorulub və dəyişiklikləri istəyir. Və bu, sözsüz ki, Avropa İttifaqında bütün ultrasağlara əminlik verərdi.

Ancaq seçkilər göstərdi ki, Avropa siyasətində yeni tendensiya haqqında danışmaq hələ tezdir. Norbert Hofer səslərin hesablanmasının başlanmasından bir neçə saat sonra “Facebook” səhifəsində məğlubiyyətini etiraf etdi: “Əziz dostlar! Mən sizə təşəkkür edirəm ki, məni dəstəklədiniz. Amma kədərlidir ki, məndə alınmadı. Mən məmnuniyyətlə, bizim Avstriyamızın qayğısına qalardım”, - o yazıb.

Seçki marafonu

Prezident seçkilərinin aprel ayında keçirilən birinci turunda Norbert Hofer 36,4 faiz səs qazanaraq qalib gəldi. Ən yaxın silahdaşlarının Saşa, Avstriya KİV-inin “yaşıl professor” adlandırdığı Aleksander Van der Belleni isə avstriyalılarn 20,38 faizi dəstəklədi.

Mayın 22-də keçirilmiş ikinci turda “yaşıllar”ın namizədi minimal fərqlə Hoferi qabaqladı: 49,64 faizə qarşı 50,35 faiz. Amma Avstriya Azadlıq Partiyası səslərin hesablanmasının gedişatında pozuntuların olduğunu bəyan etdi. Ölkənin Konstitusiya Məhkəməsi ikinci turun nəticələrini etibarsız hesab etdi və oktyabrın 2-nə təkrar səsverməni təyin etdi. Lakin texniki səbəblərdən seçkilər daha iki ay gecikdi.

Bu vaxt ərzində “yaşıl professor” siyasi kursda mühüm dəyişiklikləri istəməyən seçiciləri birləşdirməyi bacardı. Avstriyanın bütün ənənəvi siyasi gücləri, Avropa İttifaqının rəhbərliyi və Avropa liderlərinin əksəriyyəti onu dəstəklədi. Həmçinin yüzlərlə məşhur aktyor, alim və partiya fəalları onu dəstəklədi və təşviqat xarakterli müxtəlif videoçarxlar hazırlandı.

Ən böyük ictimai rezonansı isə noyabrın 24-də öz bloqunda namizədin özü tərəfindən yerləşdirilən video doğurdu. Videoçarxda 89 yaşlı keçmiş dustağın adıyla nasistlərin ritorikası ilə ultrasağların fikirləri müqayisə edilir. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Alman Tədqiqatları Mərkəzinin aparıcı elmi işçisi Aleksandr Kamkinin fikrincə, ehtimal ki, 3,5 milyon baxış toplayan videoçarx səsvermədə həlledici rolu oynamayıb. Amma ekspert hesab edir ki, liberallar, sosialistlər və yaşıllar mifik “qəhvəyi təhlükə”yə qarşı birləşdilər: “Onlar Hoferə qarşı “qara piar” kampaniyası apardılar. Bu videonun yerləşdirilməsi güclü təbliğatçılıq gedişi idi, deyərdim ki, qurşaqdan aşağı zərbə idi”.

“The Daily Telegraph” qeyd edir ki, digər partiyaların dəstəyindən başqa, nüfuz və zəngin təcrübə Aleksander Van der Bellenin lehinə işlədi. Onun nüfuzu və zəngin siyasi təcrübəsi, həmçinin iqtisadiyyatı dərindən bilməsi bir neçə dəfə opponenti ilə televiziya müzakirələrinin gedişatında özünü göstərdi. Nəşr qeyd edir ki, 72 yaşlı Van der Bellen 45 yaşlı rəqibi ilə ünsiyyət saxlayır və bu, Hoferi özündən çıxarırdı. Ultrasağçı namizəd “yaşıl professoru” “SSRİ-in agenti” və “kommunizm tərəfdarı” adlandıraraq çox emosional cavab verirdi. Bu isə seçiciləri ondan yalnız uzaqlaşdırırdı.

Qaçqınların uşağı

Seçki kampaniyasında müzakirələr zamanı Vyana və Moskvanın münasibətləri xüsusi diqqət mərkəzində olub. Hər iki namizəd hesab edirdi ki, Rusiya ilə əməkdaşlıq əlaqələrini dəstəkləməyə ehtiyac var. Ancaq sanksiyalarla əlaqəli məsələdə mövqe kökündən fərqli idi. Hofer Rusiyaya qarşı məhdudlaşdırıcı ölçüləri ləğv etməyə çağırırdı. Amma Van Bellen bir neçə dəfə bildirib ki, Moskva “cəza”nı Ukraynanın şərqində baş verənlərə görə alıb. O, sanksiyaların ləğvini Minsk razılaşmalarının icrası ilə əlaqələndirərək Qərb siyasətçilərinin bəyanatlarını təkrarlayırdı.

Kamkinin fikrincə, Van Bellendən Avropa-Rusiya münasibətlərinin sabitləşməsi üzrə hansısa addımları gözləmək lazım deyil. “Yaşıllar”ın ənənəvi Avropa partiyaları ultraliberalizm mövqeyini tutur. Məsələn, Almaniyada “yaşıllar” son zamanlar anti-Rusiya ritorikası ilə çıxış edirlər. Ötən həftə partiyanın nümayəndələri bildirdilər ki, Hələbdə keçirilən əməliyyata görə Moskva barəsində sanksiyalar sərtləşdirilməlidir”.

Seçkiqabağı kampaniyanın daha bir əhəmiyyətli mövzusu miqrantlara münasibətlə bağlı idi. Norbertin mövqeyi olduqca sərt idi. O, qaçqın böhranına məntiqli reaksiya kimi vətəndaşlara odlu silah almağı məsləhət görürdü. Van der Bellen isə daha çox qaçqının qəbul edilməsinin tərəfdarıdır. Siyasətçi istənilən əlverişli fürsətdə xatırladırdı ki, onun özü miqrantların nəslindəndir.

“Die Zeit qəzeti” yazır ki, babası Aleksander Fon der Bellen Pskovda doğulub. Oktyabr inqilabından sonra arvadı və üç oğlu ilə birlikdə (həmçinin gələcək prezidentin atası) Estoniyaya köçüb. Gələcək dövlət başçısının atası Tallində estonla evlənib. 1940-cı ildə sovet qoşunları Estoniyaya girdikdən sonra gənc ailə Almaniyaya qaçmağa qərar verib. Ailə daha sonra Vyanaya gəlib. 1944-cü ildə gələcək siyasətçi doğulur.

Avstriyada Aleksanderin atası kimya sənayesinin məhsulunu ixrac edən ticarət şirkətinin əsasını qoyub. Vətəndaşlığı isə yalnız 1958-ci ildə alıb. Siyasətçinin özü danışır ki, qorxu onun ailəsini daim təqib edirdi, onlar qorxurdular ki, Sovet İttifaqının tərkibində olan Estoniyaya sürgün oluna bilərlər.

Van der Bellen İnsbruk Universitetində professor olur. O, daha sonra Siyasi İqtisadiyyat üzrə Vyana Universitetində sosial elmlər və iqtisadiyyat fakultəsinə başçılıq edir. O, 1970-ci illərdə Avstriya Sosial-Demokrat Partiyasına daxil olur. Amma yalnız 1990-cı ildə böyük siyasətə başlamağa qərar verir. Ətraf mühitin qorunması məsələləri ilə maraqlanan Van Bellen 1992-ci ildə Avstriya Yaşıllar Partiyasına qoşulur. Bundan iki il sonra parlamentin aşağı palatasına - Milli Şuraya seçilir. O, iki il ərzində partiya nərdivanı üzrə sürətlə qalxa bilir, əvvəlcə “yaşıllar”ın mətbuat katibi, sonra isə partiyanın lideri olur. Məhz onun sayəsində partiya ölkənin əhəmiyyətinə görə üçüncü siyasi gücünə çevrilir.

Van Bellen valideynlərdən fərqli olaraq, heç vaxt rus dilini öyrənməyib. “Die Zeit” qeyd etdiyi kimi, siyasətçi rusca cəmi bir neçə söz bilir: “axmaq” və “lənətə gələsən”.

Ultrasağ güclərin yüksəlişi?

Parlament respublikasında dövlət başçısının səlahiyyətləri minimuma yaxındır. Ancaq Aleksandr Kamkin hesab edir ki, Azadlıq Partiyasından olan namizədin prezident seçkisi kampaniyasının finalına çıxması öz-özlüyündə çox şeydən xəbər verir. “Məğlubiyyətə baxmayaraq, Hoferin prezident seçkilərində iştirakı, Avstriya Partiyasının böyük qələbəsidir. İki il sonra ölkədə parlament seçkiləri keçiriləcək. Seçicilərin Azadlıq Partiyasına etibarlılıq dərəcəsi artır və bu, parlamentdə partiyanın mövqeyinin güclənməsinə gətirib çıxara bilər”, - deyə politoloq əmin olduğunu vurğulayıb.

Rusiya Elmlər Akademiyasının Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun aparıcı elmi işçisi Aleksandr Kokeyev hesab edir ki, Türkiyə ilə miqrasiya razılaşması ləğv olunarsa, Avropaya miqrantların axını yenindən artacaq. “Bu halda ultrasağlar daha çox seçicinin simpatiyasını fəth edə biləcəklər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm