“Qırmızı imperiya”nın əcəl zəngini onlar çaldı: SSRİ-nin “ölümü"nün 25-ci ilində 15 LİDER - - FOTOLAR
Bizi izləyin

Nida Təhlil

“Qırmızı imperiya”nın əcəl zəngini onlar çaldı: SSRİ-nin “ölümü"nün 25-ci ilində 15 LİDER - - FOTOLAR

Bu gün SSRİ-nin dağılmasının 25 ili tamam olur.

Bu gün SSRİ-nin dağılmasının 25 ili tamam olur. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarus, Ukrayna və Rusiya lideri - Belarus Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçukun iştirakı ilə Belovejsk sazişi imzalandı. Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı. Dekabrın 25-də isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin fəaliyyətinə xitam verilməsi haqqında qətnamə qəbul etdi.

Belarus, Ukrayna və Rusiya liderləri SSRİ-nin “dəfn”inə birbaşa olaraq imza atsalar da, həmin vaxt “Qırmızı imperiya”ya daxil olan 15 respublikaya rəhbərlik edən liderlərin hamısını xatırlatmaq istədik.

Publika.az SSRİ-nin dağılmasının rəsmiləşdiyi gün – 1991-ci il 8 dekabrda 15 respublikaya rəhbərlik edən şəxsləri təqdim edir.

Rusiya – Boris Yeltsin

Boris Yeltsin həmin vaxt Rusiya Federasiyasının prezidenti (bu vəzifəyə iyun ayında seçilmişdi –red.) idi. O, 1991-ci ildə SSRİ prezidenti Qorbaçovdan gizli şəkildə Ukrayna prezidenti Leonid Kravçuk və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviçlə Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında danışıqlar apardı. Beləliklə, MDB-ın yaradılması haqqında Belovejski razılaşması imzalandı.

Boris Yeltsin Rusiya prezidenti seçilməsindən iki ay sonra - avqustda "QKÇP" adı ilə tarixdə qalmış qiyamın qarşısını alaraq SSRİ dövrünə qayıdış ehtimalını aradan qaldırdı. Onun prezidentliyi illərində həyata keçirilən çeçen kampaniyasında on minlərlə rusiyalı həlak oldu, 1993-cü ildə Ali Sovetin binası top atəşinə tutuldu, Rusiya qoşunlarını Almaniyadan çıxardı.

1999-cu il dekabrın 31-də Boris Yeltsin televiziya ilə yeni müraciətində rusiyalılara bildirdi ki, prezident postunu tərk edir. O, gedişinin səbəblərini açıqlamadı və “KQB”-çi Vladimir Putini özünün xələfi kimi ictimaiyyətə təqdim etdi. Yeltsin 2007-ci il aprelin 23-də Moskva Mərkəzi Kliniki Xəstəxanasında vəfat etdi.

Ukrayna – Leonid Kravçuk

Ukraynanın dövlət müstəqilliyi Ali Radanın 24 avqust 1991-ci il aktı ilə bəyan olunub.

Ukrayna prezidenti Leonid Kravçuk Belovejsk sazişinə imza atanda cəmi 8 günlük prezident idi. O, 1991-ci il dekabrın 1-də səslərin 61,6 faizini toplayaraq Ukrayna prezidenti seçilmişdi. Kravçuk “Azadlıq” radiosuna 2011-ci ildə verdiyi müsahibəsində Belovejsk sazişinin imzalanmasını sakitcə həyata keçirilmiş dövlət çevrilişi adlandırmışdı.

Kravçuk 2004-cü ildə prezident seçkilərində Leonid Kuçmaya uduzur. 2011-ci ildən “Perspektivli Ukrayna” Fondunun fəxri prezidentidir.

Azərbaycan- Ayaz Mütəllibov

1991-ci il avqustun 30-da Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə qəbul edib. Oktyabrın 18-də qanunverici orqan dövlət müstəqilliyi haqda konstitusiya aktına tərəfdar çıxıb.

Ayaz Mütəllibov 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın prezidenti seçilib. Lakin bu vəzifədə yalnız bir neçə ay qalıb. Dağlıq Qarabağda bir sıra məğlubiyyətlərə görə çoxları onun istefasını tələb etdilər. 1992-ci ilin mayında vəzifəsindən gedən Mütəllibov Moskvaya köçür. O, “Eks-prezidentlər haqqında” Qanun qəbul olunandan sonra (12 iyun 2012) – iyulun 7-də həmişəlik Bakıya qayıdıb. 2012-ci il iyunun 30-da Azərbaycan Sosial Demokrat Partiyasının qurultayına məktub göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib. Hazırda işsizdir.

Qazaxıstan – Nursultan Nazarbayev

Qazaxıstan 1991-ci il dekabrın 16-da müstəqil dövlət elan olunub.

1991-ci il dekabrın 1-i – “SSRİ-nin ölməsindən” bir həftə əvvəl keçirilən seçkilər nəticəsində Qazaxıstan prezidenti seçilən Nursultan Nazarbayev “köhnələr”dən bu postda qalan yeganə şəxsdir. Nazarbayev həmin seçkilərdə 98,7 faiz səs topladı. Seçki bülletenində başqa namizədlərın adları sadəcə olaraq yox idi. 2010-cu il iyunun 15-də Nazarbayev “Qazaxıstan Respublikasının Birinci Prezidenti” statusunu “Millətin lideri” adı ilə rəsmən möhkəmləndirib.

Gürcüstan - Zviad Qamsaxurdiya

1991-ci il aprelin 9-da Gürcüstan Ali Soveti dövlət müstəqilliyi haqqında akt qəbul edib.

Zviad Konstantinoviç Qamsaxurdiya isə Gürcüstanın birinci prezidenti olaraq SSRİ-nin dağılmasının şahidi olub. O, MDB ölkələrinin nadir prezidentlərindəndir ki, siyasi sovet elitasında yer almırdı. Qamsaxurdiya hakimiyyətə müxalifətdən gəlib, dissident və anti-sovet mitinqlərinin təşkilatçısı idi.

1990-cı il oktyabrın 28-də Gürcüstan SSR-nin Ali Sovetinə seçkilər keçirilir. Seçkilərdə Zviad Qamsaxurdiyanın millətçi bloku qələbə qazanır. 1991-ci il aprelin 14-də isə Gürcüstanın ilk prezidenti seçilir.

Onun hakimiyyətdə olduğu dövrdə Gürcüstanda gürcü-osetin, gürcü-abxaz münaqişələri şiddətlənib, bu isə öz növbəsində ölkədaxili gərginliyin artmasına və hakimiyyətin zəifləməsinə səbəb olub. Həmin dövrdə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da təqiblər həyata keçirilib. 1990-cı illərin əvvəllərində azərbaycanlıların bir hissəsi Qamsaxurdiyanın millətçi siyasətindən qorxaraq mühacirət edirlər. Azərbaycan dilində olan 32 kənd, çay və dağ adı gürcü dilində olan adlarla əvəz edilir.

1992-ci ildə Tiflidə baş verən qanlı toqquşmalar Qamsaxurdiya hökumətinin devrilməsinə səbəb olub. O, Gürcüstanın qərbində mühacir hökuməti qurub və onun rəhbərlik etdiyi hərbi birləşmələr Tbilisi müvəqqəti hökumətinin hərbi birləşmələri ilə döyüşlər aparıb.

O, 1993-cü il dekabrın 31-də müəmmalı şəraitdə qətlə yetirilmiş Zviad Qamsaxurdiyanın cənazəsi Çeçenistana aparılıb və Qroznı şəhərində dəfn olunub. 2007-ci ildə Qamsaxurdiyanın cənazəsi Tiflisə gətirilib.

Belarus - Stanislav Şuşkeviç

Belarus parlamenti dövlət müstəqilliyini 25 avqust 1991-ci ildə elan edib.

Stanislav Şuşkeviç 1991-ci il sentyabrın 9-da Belarus Ali Sovetinin sədri seçilib. Belarus respublikasının başçısı kimi Belovejski razılaşmalarını imzalamış siyasətçidir. 1994-cü il yanvarın 26-da “Mismar yeşiyinin oğurluğu haqqında İş” üzrə (Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi parlament komissiyasının işinin nəticələri üzrə) Belarus Ali Sovetinin sədri vəzifəsindən çəkilir. Ola bilsin ki, bu iş siyasi rəqibin aradan qaldırması üçün düzəldilmişdi.

1994-cü ildə prezident seçkilərində Aleksandr Lukaşenkoya uduzur.

“Təkbətək döyüş” proqramında Belovejski razılaşmasını “böyük insanların böyük igidliyi” adlandırıb. 1998-ci ildən Belarus Sosial Demokrat Partiyasının sədri olan Stanislav Şuşkeviç hazırda Polşada yaşayır. O, burada ölkə universitetlərindən birində dərs deyir.

Özbəkistan- İslam Kərimov

Özbəkistan dövlət müstəqilliyi aktını 31 avqust 1991-ci ildə qəbul edib.

Özbəkistanın ilk prezidenti İslam Kərimov bu posta hələ 1990-cı ilin martın 24-də seçilib və özünə prezident titulu götürən ilk sovet respublikası lideri olub. O, ölümünə qədər - 2016-cı il sentyabrın 2-sində (qeyri-rəsmi mənbələr onun avqustun 28-də öldüyünü iddia edir –red.) bu postu heç kimə güzəştə getməyib.

Türkmənistan - Saparmurat Niyazov

Türkmənistan 27 oktyabr 1991-ci ildə müstəqillik elan edib.

Türkmənistanda isə SSRİ-nin “ölümü”nə 1990-cı il oktyabrın 27-də keçirilən seçkilərdə ölkənin ilk prezidenti seçilən Saparmurat Niyazov şahidlik edib. 1993-cü il oktyabrın 22-də özünü “Türkmənbaşı” elan edib. Ömrünün sonuna qədər soyad kimi istifadə etdiyi bu tituluna uyğun olaraq Türkmənistanın Krasnovodsk şəhərinin adını dəyişdirib Türkmənbaşı qoyub. Bununla bərabər yanvar ayının adını da "Türkmənbaşı"ya dəyişdirib.

Niyazov həmçinin özünü “Türkmənistanın Böyük şahı” təyin etmək istəyirdi. Amma İranda və Rusiyada bu ideyanı bəyənmədilər.

Türkmənistan parlamenti 1999-cu ildə onun "ömürlük prezidenti" elan etmişdi. Və belə də oldu. Türkmənbaşı 2006-cı il dekabrın 21-də prezident postunda, rəsmi açıqlamaya görə infarkdan dünyasını dəyişib.

Tacikistan - Rahmon Nəbiyev

Tacikistanın dövlət müstəqilliyi 9 sentyabr 1991-ci ildə bəyan olunub.

1991-ci il noyabrın 24-də keçirilən prezident seçkilərində Rahmon Nəbiyev səslərin 56,92 faizini qazanaraq qalib gəlir. Rəhmon Nəbiyev 1992-ci ilin sentyabrın 7-də - Tacikistan vətəndaş müharibəsinin ilk aylarında istefa verib.

Nəbiyev 1993-cü il aprelin 11-də rəsmi versiyaya əsasən, öz evində infarkt nəticəsində ölüb.

Qırğızıstan - Əsgər Akayev

Qırğızıstan dövlət müstəqilliyi aktını 31 avqust 1991-ci ildə qəbul edib.

Əsgər Akayev SSRİ-ni prezident postunda yola salan siyasətçilərdəndir. Qırğızıstanın ilk prezidenti 1991-ci ilin oktyabr ayında alternativsiz əsasda səslərin 96 faizini toplayıb. 2005-ci il martın 24-də “tülpan inqilabı” nəticəsində devrilən Akayev Moskvaya qaçdı. 2005-ci il aprelın 11-də parlament istefanı qəbul edib. Akayev hazırda Moskva Dövlət Universitetində Riyazi tədqiqatları institutunun əsas elmi işçisinin vəzifəsində çalışır. 2006-cı ilin mayında informasiyanın optik emalı sahəsində tədqiqatlara görə Rusiya Elmlər Akademiyasına üzv seçilib.

Ermənistan - Levon Ter-Petrosyan

1990-cı il avqustun 23-də Ermənistan Ali Soveti müstəqillik prosesinin başlanması haqqında bəyannamə qəbul edib.

1990-cı ilin avqustunda Ermənistan Ali Sovetinin sədri vəzifəsini tutan Levon Ter-Petrosyan 1991-ci il oktyabrın 16-da Ermənistanın birinci prezidenti seçilir. 1998-ci fevralın 3-də baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur edilir. Levon Ter-Petrosyan ATƏT-in Minsk qrupunun təklif etdiyi "Mərhəlləli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini düşünürdü. Əslən Qarabağdan olan güc nazirləri və baş nazir buna qarşı idilər. Həmin ilin mart ayında Robert Köçəryan yeni prezident olur. Öz istefasından sonra uzun müddət Levon Ter-Petrosyan heç bir siyasi məsələyə qarışmayaraq Matenadaranda elmi işçi kimi çalışırdı. 2008-ci ilin yayında 15 siyasi partiya və bir ictimai təşkilatla "Erməni milli konqresi”ni təsis edən Levon Ter-Petrosyan bu konqresin faktiki rəhbərinə çevrilir.

Moldova - Mirça Snequr

Moldova parlamentində müstəqillik haqqında bəyannamə 1991-ci il avqustun 27-də qəbul olunub.

Mirça Snequr SSRİ-nin dəfn olunduğu gün – 1991-ci il dekabrın 8-də Moldova prezidenti seçilib. O, Rumıniya ilə təcili birləşməyə cəhd edən Moldova Xalq cəbhəsini dəstəkləmədi. Xalq Cəbhəsi hətta onu boykot elan etməyə çalışırdı. Ancaq 1992-ci ildə Mirça Snequr Xalq Cəbhəsinin dəstəyini özünə qaytara bildi. Mirça Snequr 1996-cı ildə keçirilən seçkilərdə Petr Luçinski məğlub olur.

Bundan bir neçə il sonra da siyasi fəaliyyətlə məşğul olan keçmiş prezident müvəffəqiyyət qazana bilməyib. O, hazırda təqaüddədir.

Estoniya – Vayno Valyas

Estoniyanın dövlət müstəqilliyi Ali Sovetin 8 may 1990-cı il qərarı ilə bəyan olunub.

Estoniya SSR-nin siyasətçisi və sovet diplomatı Vayno Valyas 1988-ci il iyunun 16-dan 1990-cı il martın 23-nə kimi Estoniya Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışıb. 1961-ci ildən partiya işində olan siyasətçi 1980-1988-ci illərdə SSRİ-nin Venesuela, Trinidad və Tobaqo və Nikaraquada səfiri olub. 85 yaşlı Vayno Valyas hazırda təqaüddədir.

Latviya - Anatoli Qorbunov

Latviya parlamenti SSRİ-dən ayrılmaq haqqında qərarı 4 may 1990-cı ildə çıxarıb.

Anatoli Qorbunov 27 iyul 1989-cu il iyulun 27-dən 1993-cü iyulun 6-na kimi Latviya Ali Sovetinin sədri, 1993-cü il iyulun 6-dan 1995-ci il noyabrın 7-nə kimi Latviya Seyminin sədri olub. O, Latviya Ali Sovetinin son sədri və müstəqil Latviyada - 1993-cü ildə Quntis Ulmanisin prezident seçilməsinə qədər dövlətin nominal rəhbəri idi.

Qorbunov 1974-1990-cı illərdə Latviya Kommunist Partiyasının strukturlarında müxtəlif postlarda işləyib. 1988-ci ildə respublikanın müstəqilliyinin bərpası üçün çıxış edən Latviya Xalq Cəbhəsini dəstəkləyib. 1993-cü ildə “Latviya yolu” partiyasının banilərindən biri olub. 1996-cı ildən 2002-ci ilə qədər hökumətdə müxtəlif vəzifələr tutub. Hazırda təqaüddədir.

Litva - Vitautas Landsberqis

Sovet İttifaqından ayrıldığını bəyan edən ilk respublika Litvadır. 1990-cı il martın 11-də respublika Ali Soveti Litvanı müstəqil dövlət elan edib.

Litvanın müstəqilliyi daha çox Vitautas Landsberqisin adı ilə bağlıdır. O, 1989-cu ilin martında SSRİ xalq deputatı seçilib. Landsberqis SSRİ xalq deputatları qurultayında Molotov-Ribbenton paktının hüquqi qiymətləndirilməsi üzrə deputat sorğusuna təşəbbüs edib.

1990-cı il martın 11-də onun aktiv iştirakı ilə Litva Ali Sovet Litvanın müstəqilliyinin bərpası haqqında bəyannaməni qəbul edib. Həmin gün Litva Ali sovetinin sədri seçilən Vitautas Landsberqis 1992-ci il iyulun 7-nə kimi Litva Respublikası Ali Sovetinin sədri, son tarixdən 1992-ci il noyabrın 22-nə kimi Litva Seyminin sədri olub. O, ikinci dəfə Litva Seyminə 26 noyabr 1996-cı il-18 oktyabr 2000-ci il tarixlərində rəhbərlik edib.

Vitautas Landsberqis Litva Mühafizəkarlar İttifaqını yaradanlardan biridir. O, 1993, 1995, 1998 və 2000-ci illərdə partiya sədri seçilib, 2003-cü ildən partiyanın siyasi komitəsinin sədri və rəyasət heyətinin üzvüdür.

2004 və 2009-cu illərdə Avropa Parlamentinə seçilib. 2014-cü ildə yenidən seçilə bilməyib.

Landsberqisin təşəbbüsü ilə sovet işğalı nəticəsində Litvaya dəyən zərərin kompensasiyası haqqında qanun qəbul edilib. Uzun illər bu qanun Litva və Rusiya arasında münasibətləri pisləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm