Rusiyanı konteynerlərin qəbiristanlığına çevirən Bakı: Moskva Xəzəri niyə unutdu?
Bizi izləyin

Nida Təhlil

Rusiyanı konteynerlərin qəbiristanlığına çevirən Bakı: Moskva Xəzəri niyə unutdu?

Rusiyanın Xəzərdəki “dəniz qapıları” daha çox çölün ortasında itirilmiş paslı konteynerlərin qəbiristanlığını xatırladır.

Demək olar ki, üç əsr ərzində Xəzər dənizi Rusiya və İranın xüsusi siyasi və iqtisadi maraqları zonasına daxil idi. Dənizə ingilis və ABŞ girə bilmirdi. Ancaq Sovet İttifaqının dağılmasından sonra Xəzərdəki üstünlük müttəfiq respublikalarla bölüşdürüldü.

Publika.az xəbər verir ki, bu fikir Rusiyanın gazeta.ru saytında dərc edilən “Rusiya Xəzər dənizini niyə unutdu?” başlıqlı yazısında yer alıb.

Sayt yazır ki, Rusiyanı idarə edənlərin Xəzər dənizinə marağı uzun müddət hər şeydən əvvəl Şimali Qafqazda sabitliyi təmin etmək istəyi ilə bağlı olub. Amma qeyd edilir ki, Xəzər donanmasının Çeçenistan və Dağıstanda döyüş hərəkətlərində iştirak dərəcəsi ilə Suriyada döyüş əməliyyatlarına cəlb edilməsini müqayisə etmək çox çətindir. Rusiya Xəzər dənizinin akvatoriyasından Suriyadakı döyüşçülərin mövqelərinə raketlərlə sarsıdıcı zərbələr vurub.

Hazırda Rusiyanın Xəzər donanması 60-dan çox hərbi gəmi və kater, həmçinin təxminən 20 min şəxsi heyətdən ibarətdir. Rusiya bu baxımdan Xəzəryanı ölkələrin bütün qalan hərbi donanmalarını üstələyir. Keçmiş vaxtlarda Xəzər dənizi Rusiyanın hərbi və iqtisadi ekspansiyasının əsas istiqamətlərindən biri idi. Məhz burada Rusiyanın hərbi donanması yaranırdı və məhz Xəzər dənizinin sərvətləri Rusiyanı planetin aparıcı energetika dövləti etdi.

Böyük Volqa yolu

Volqa çayının aşağıları və Xəzərlə Baltik dənizini bağlamış ticarət marşrutu qədim rus dövləti üçün böyük əhəmiyyətə malik idi. Volqanın aşağı axarına Xəzər xaqanlığı nəzarət edirdi. Xəzərlər cənuba yürüşlərin gedişatında dəfələrlə indiki İran sahilindəki şəhərləri qarət etmişdilər. Dərbənd, Bakı və Bakı arxipelaqındakı adalar onların hücumlarına məruz qalırdı. Xəzər xaqanlığının dağılmasından sonra, belə görünürdü ki, İrana yol açılıb. Ancaq xəzərlərin əvəzinə qıpçaqlar gəldilər. Rusiyanın özü isə zamanla xırda knyazlıqlara parçalandı. Daha sonra isə monqolların hücumları başlandı və Xəzər dənizi uzun müddət rus torpaqlarından ayrı düşdü.

Xəzərin ruslar tərəfindən mənimsənilməsinin yeni mərhələsi kazak dəstələrinin fəaliyyəti ilə bağlıdır. Xəzərdə kazakların nizamsız fəaliyyəti isə I Pyotru hərbi dəniz donanmasının yaradılması ehtiyacı haqqında fikirləşməyə məcbur etdi. Düzdür, alman ustaları tərəfindən tikilmiş “Fridrix” gəmisi Xəzərdə birinci hərbi gəmi idi. O İrana üzən rus və xarici tacirləri qorumalı idi. Ancaq onun Xəzər üzrə ilk üzgüçülüyü cəmi iki həftə davam etdi. 1635-ci ilin noyabrında gəmi Dağıstan sahillərində dalğalar tərəfindən sındırıldı.

Neft və kürü

Şimal müharibəsində isveçlilərə qalib gələn və Balkanlarda uğursuzluğa düçar olan birinci rus imperatorunun Xəzərə baxışlarını yönəltməsi gözlənilən idi. 1722-1723-cü illərdəki yürüşdə yüzlərlə yük və hərbi gəmi iştirak edirdi. Xəzər dənizinin bütün qərb və cənub sahili Rusiyaya birləşdirilmişdi. Hərçənd bundan 15 il sonra türklərə qarşı İranla ittifaqın qarşılığında bundan imtina etmək lazım gəldi. Amma regionda Rusiyanın təsirinə o vaxtdan artıq heç kim etiraz edə bilmirdi.

Rusiya 1804-1813-cü illərdə rus-İran müharibəsinin gedişatında yalnız Gürcüstan və Azərbaycanda öz mövqeyini möhkəmləndirmədi, həm də Xəzərdə hərbi donanmanı saxlamaq üçün müstəsna hüquq aldı.

Bakı ərazisində neft hasilatının başlanması ilə Rusiya üçün Xəzərin qiyməti daha da artdı. XX əsrin başlanğıcında Bakı neft rayonu ümumimperiya neft hasilatının 95 faizini verirdi. Bakı 1899-1901-ci illərdə dünyanın neft hasilatının yarısından çoxunu verirdi. Bu, Rusiyanı neft istehsalı üzrə dünyada birinci yerə çıxardı.

Xəzər həmin dövrdə həm də qiymətli balıq məhsullarının əsas təchizatçısı kimi çıxış edirdi. 1888-ci ildə Həştərxan limanı paroxodların sayına (90) görə Odessadan sonra imperiyada ikinci, yelkənli gəmilər üzrə (1152) isə birinci yerdə idi.

Sovet hakimiyyəti isə Xəzər üzərindəki inhisar hüququndan imtina etdi. Baxmayaraq ki, Xəzər bir sıra müqavilələrlə faktiki olaraq Rusiyanın daxili dənizinə çevrilmişdi. 1921, 1935 və 1940-cı illərdəki müddətsiz SSRİ-İran müqavilələri iki xəzəryanı dövlətin Xəzərdə dəniz fəaliyyətinin həyata keçirilməsinə dair hüquqlarını bərabərləşdirdi.

Dəniz hissə-hissə

SSRİ-nin dağılmasından sonra xəzəryanı ölkələr Xəzərin göl-dəniz statusunu müəyyən etmək və dəniz sərhədlərini çəkmək ehtiyacı hiss etdilər. Xəzərin statusu ilə barədə razılaşma indiyə kimi əldə edilməyib. Bununla bağlı yekun razılaşmanın 2016-cı ildə Astanada keçiriləcək 5-ci sammitdə imzalanacağı gözlənilirdi, ancaq sonradan tədbir 2017-ci ilə keçirilib.

Hazırda Bakı, Aktau, Türkmənbaşı və Bəndər-Ənzəli limanlarının yük dövriyyəsi milyonlarla tonla hesablanır. Nəticədə Xəzərdə yüklərin daşınmasının əsas marşrutları Azərbaycan- Qazaxıstan-Türkmənistan- İran dördbucağının perimetri üzrə uzanır. Eyni zamanda Azərbaycan və Türkmənistanda yeni liman terminalları yaradılır. Onların işə salınmasından sonra yüklərin həcmi dəfələrə artacaq. Rusiyada isə hər il Xəzər üzrə daşınmaların həcminin ixtisarı haqqında hesabat verirlər. 2015-ci il Xəzərdə bütün Rusiya limanlarının yük dövriyyəsi cəmi 6,68 milyon ton təşkil edib. Bu, Bakı limanı üzrə yükdaşımaların həcmindən daha azdır.

Xəzərdə bütün sahilboyu dövlətlər liman güclərini inkişaf etdirərək “Yeni İpək Yolu” kimi daha aktiv millətlərarası logistik layihələrə qoşulurlar. Rusiya hələ ki, yalnız müşahidəçi rolunda çıxış edir. Ancaq Xəzər əvvəlki kimi Rusiyanın strateji maraqlarına daxildir. Regionda müxtəlif qiymətlərə görə, 178 milyard barel neft və yüz trilyonlarla kubmetr qazın olması ehtiyatları var. Xəzərdəki “qara qızıl” dünya üzrə dövriyyənin 3,4 faizindən çoxunu təşkil edir.

Rusiya Xarici İşlər Nazirliyinin saytında iddia edilir ki, Xəzər istiqamətində Rusiyanın maraqlarının geniş miqyası onun regionda hərtərəfli aktiv rolunu şərtləndirir. Hərçənd Moskva Xəzər zonasında üstün olan rola iddia etmir. Və görünür, Kreml hələ ki, Xəzərdəki qonşulara iqtisadi təsir alətlərindən məhrum edilib. Rusiya neft və qazdan gələn gəlirlər hesabına regionda yalnız hərbi mövcudluğunu gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm