Prezident İlham Əliyevdən mühüm addım – Hər kəsi maraqlandıran QƏRAR
Bizi izləyin

Nida Təhlil

Prezident İlham Əliyevdən mühüm addım – Hər kəsi maraqlandıran QƏRAR

Prezident İlham Əliyevdən mühüm addım

İnsanın fundamental hüquqlarından biri də onun azadlığıdır. Hüquqi dövlət quruculuğunu əsas götürən Azərbaycan dövləti də ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində köklü surətdə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də məhbusların əfvi, cəzalarının yüngülləşdirilməsi kimi humanist addımlardır. Bu həm dövlətin humanizmini, vətəndaşlarına ayırdığı diqqəti, həm də insanların azad yaşamaq hüququnu ortaya qoyan amildir. Yəni, hansısa insan müəyyən səhvlər üzündən azadlıqdan məhrum edilirsə, bu cinayətin yolverilməz olduğu prinsipini qorumaqla yanaşı, dövlət həmin vətəndaşlarına azadlığa qovuşmaq və bir də cinayət törətməmək imkanı da yaradır.

İndiyə qədər cəzaçəkmə müəssisələrindəki minlərlə insan Prezident İlham Əliyevin humanist siyasətinin bəhrəsini görüb. Dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamı da məhz bu siyasətin tərkib hissəsidir.

Məqsəd

Bu sərəncamın verilməsinin əsas qayəsi cəzaçəkmə müəssisəsindəki insanlara humanist yanaşmanın tətbiqidir.

Publika.az xəbər verir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması əsas istiqamətlərdən biridir. Bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti kənar təsir hallarının tam istisna olunması üçün yalnız qanunun tələblərinin rəhbər tutulmalı olduğunu məhkəmələrin diqqətinə çatdırıb.

Penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi;cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması;cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması; cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsi.

Prezident İlham Əliyevin penitensiar sahədə xidmətin təkmilləşməsi ilə bağlı verdiyi sərəncamın əsas məqsədləri sırasına bunlar da daxildir.

Zərurət

Bu sərəncamın verilməsinin vacibliyi məsələsi də burada diqqət çəkir. Belə ki, bu gün dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Bu baxımdan, penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevrilibdir.

Çünki: məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur; ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır; cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir;

Bununla yanaşı, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasına üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir.

Məhz bu amillər penitensiar xidmətin təkmilləşdirilməsi zərurətini yaradır. Penitensiar xidmətin təkmilləşmdirilməsi siyasətində humanizm prinsiplərinin əsas götürüldüyü də nəzərdən qaçmamalıdır.

Hədəflər

İlk növbədə penitensiar sahədə nöqsanlar aradan qaldırılacaq:

- Penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək;

- Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.

- Cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.

- Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanuna uyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək.

- Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək.

- İctimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılacaq, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin ediləcək.

- Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələri bərpa ediləcək, həmçinin yeni sahələr yaradılacaq.

- Penitensiar xidmətin kadr korpusu təkmilləşdiriləcək, bu sahəyə peşəkar kadrların cəlb olunması təmin ediləcək.

- penitensiar müəssisələrin etibarlı mühafizəsi təşkil ediləcək.

- İbtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin ediləcək, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək.

- Cinayət təqibi və cəzaların icrası zamanı qanuna zidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Cəza siyasəti daha humanist olacaq:

- Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətləri dekriminallaşdırılacaq.

- Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqi genişləndiriləcək, mövcud alternativ cəzaların tətbiqi əsasları təkmilləşdiriləcək.

- Cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılacaq, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunacaq.

- Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi həyata keçiriləcək.

- Həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması prinsipi tətbiq ediləcək.

***

Artıq bu sərəncama əsasən Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, həmçinin, Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilibdir.

Ədliyyə Nazirliyi probasiya xidmətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təkliflər hazırlayacaq, həmçinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemini yaradacaq, cəzanın ictimai işlər növünü daha da təkmilləşdirəcək, məhkum olunmuş və həbs edilmiş şəxslərin saxlanma şəraitinə, yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarəti gücləndirəcək.

Baş Prokurorluq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyünü araşdıracaq; böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri müstəsna hallarda, qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda veriləcək.

Məhkəmələr şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələr və buna qanuni əsaslar olduqda həbs qərarı çıxaracaq; digər qətimkan tədbirlərinin seçilməsi ilə bağlı dəlilləri yoxlayacaq; cəza barədə qərar çıxararkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi prinsipini rəhbər tutacaq.

***

Nəticə

Bu sərəncamı hüquqi dövlət quruculuğunda mühüm addım hesab etmək olar:

1. Bu, hər şeydən öncə məhbuslara və onların ailələrinə şad xəbərdir. Çünki bu sərəncamın tətbiqindən sonra məhbusların cəzasının yüngülləşdirilməsi imkanları yaranacaq.
2. Penitensiar sahədə xidmətin təkmilləşdirilməsi ilə məhbuslar daha rahat və yaxşı şəraitdə yaşaya biləcəklər. Bu da həbsxanalarda geniş yayılmış bir çox xəstəliyin qarşısını alacaq.
3. Məhbusun daha yaxşı, rahat şəraitdə cəza çəkməsi, onların cəzalarını başa vurmasından sonra cəmiyyətə adaptasiya olunmasına da müsbət təsir göstərə bilər. Keçmiş məhbusların cəmiyyətə adaptasiyası avtomatik olaraq cinayət hallarının azalmasına gətirib çıxaracaq. Təcrübə göstərir ki, bir çox cinayət halları cəmiyyətə adaptasiya ola bilməyən və “gəldiyi yerə qayıtmaq istəyən” keçmiş məhbuslar tərəfindən törədilir.
5. Bu faktdır ki, heç kim cinayətin qurbanı olmaqdan sığortalanmadığı kimi, cinayət törətməkdən də sığortalanmayıb. Axı məhbusların əksəriyyəti də məhz istəməyərəkdən törətdiyi əmələ görə cəza çəkirlər və peşmandırlar. Deməli, bu sərəncam cəmiyyətin hər bir üzvünü maraqlandırır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm