“Azərbaycanın bu siyasəti böyük oyunçular tərəfindən etimadla qarşılanır” - ŞƏRHLƏR
Bizi izləyin

Nida Təhlil

“Azərbaycanın bu siyasəti böyük oyunçular tərəfindən etimadla qarşılanır” - ŞƏRHLƏR

"Azərbaycana etimad göstərirlərsə və stabil bir meydança olaraq seçirlərsə, bizim də onlardan nəyisə tələb etməyə əsaslarımız ola bilər”.

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçiriləcək.

Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilib?

Publika.az açıqlamalarında Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri və politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bu suala cavab veriblər.

Natiq Mirinin fikrincə, bir siyasi amili nəzərə almaq lazımdır ki, Azərbaycan həm Rusiyadan, həm də ABŞ-dan bərabər məsafədə dayanan dövlətdir:

“Azərbaycan bir balans siyasəti yürüdür. Digər tərəfdən Azərbaycan qlobal və regional səviyyələrdə gedən münaqişələrdə bilavasitə iştirak etmir. Azərbaycan bu münaqişələrdə kiminsə tərəfini tutmur. Bu, Suriya və Ukrayna münaqişələrində də, ABŞ və Rusiyanın gərgin münasibətləri konteksində belədir. “Bu görüş Türkiyədə keçirilə birərdimi” sualı verilə bilər. Amma son vaxtlar Türkiyə-Rusiya yaxınlaşması müşahidə olunur və bu görüşün ABŞ-ın Türkiyə ilə münasibətləri müəyyənləşdirmədən Ankarada keçirilməsi müəyyən suallar yarada bilərdi. Moskva görüşün Rusiyada keçirilməsini təklif edirdi. Amma təklif qəbul edilmədi. Çünki, Tramp və onun komandasının Rusiyaya yaxın olması barədə fikirlər var. Görüş Avropanın hansısa ölkəsində keçirilə bilərdi. Lakin həm Ukrayna məsələsinə görə, həm də Avropanın bir neçə barmaq ABŞ-a daha yaxın olması səbəbindən Moskva bunu qəbul edə bilməzdi. Bundan başqa, danışıqların xüsusi xidmət orqanları tərəfindən dinlənilməsi kimi təhlükələr də var. Bütün bunları nəzərə alaraq demək olar ki, hər iki ölkənin qəbul edəcəyi məkan məhz Azərbaycandır. Düşünürəm ki, çox doğru və dürüst qərar qəbul ediblər”.

Müsahibimiz hesab edir ki, ABŞ və Rusiyanın yüksək vəzifəli generallarının görüş yeri olaraq Bakını seçməsi Azərbaycanın balans siyasətinin bariz nümunəsidir:

“Bu məqam hər iki dövlət tərəfindən nəzərə alınır”.

Azərbaycanın bir çox beynəlxalq tədbirlərin keçirilməsində mühüm rol oynadığını deyən Fikrət Sadıxov isə bildirib ki, ölkəmiz stabil bir dövlət kimi qəbul olunur. Politoloq qeyd edib ki, Azərbaycanın həm daxili, həm də xarici siyasəti ABŞ və Rusiya tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.

Azərbaycanın ABŞ və Rusiya ilə bir sıra layihələrlə də bağlı olduğunun xatırladan Fikrət Sadıxov bunu hər iki ölkənin Bakıya olan yüksək etimadı ilə izah edib. Müsahibimizin fikrincə, aralarında soyuq münasibətlər olan ABŞ və Rusiyanın yüksək vəzifəli generallarının görüş yeri olaraq Bakını seçməsi Azərbaycanın xarici siyasətdə balansı uğurla saxladığını göstərir:

“Azərbaycan illər ərzində göstərdi ki, xarici siyasət çoxvektorlu və balanslı şəkildə həyata keçirilir. Azərbaycanın Ermənistandan başqa düşməni yoxdur. Biz Rusiya ilə strateji partnyoruqsa, eyni zamanda ABŞ-la da yaxın münasibətlərimiz var. Bu, mühüm amildir. Xarici siyasətin belə aparılması böyük oyunçular tərəfindən etimadla qarşılanır. Azərbaycana olan etimad maraqlarımıza cavab verən amildir. Azərbaycana etimad göstərirlərsə və stabil bir meydança olaraq seçirlərsə, bizim də onlardan nəyisə tələb etməyə əsaslarımız ola bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm