• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Ölkə QANA BOYANACAQ, hamını öldürmək ASAN OLACAQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ölkə QANA BOYANACAQ, hamını öldürmək ASAN OLACAQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edib. Almaniya və Türkiyə arasındakı münasibətlərdə gərginlik davam edir. Belarus prezidentinin növbəti bəyanatı Moskva və Minsk arasında da münasibətlərin yaxşı olmadığını nümayiş etdirdi. “Wikileaks”in “Vault7” adı altında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 8 min 761 məxfi sənədini yayması ilə dünya qarışıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, Dağlıq Qarabağ münaqişəsi çox uzanıb. O, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını deyib. Problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini xatırladıb.

“Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”, - o bildirib.

Erməni politoloq İqor Muradyanın sözlərinə görə, Ermənistanda parlament seçkilərində iştirak edən partiyaların demək olar ki, hamısı ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir.

“Əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin gizlədilən tərəfi də budur”, - politoloq vurğulayıb.

Karnegi” fondunun Rusiya mərkəzinin eksperti, şərqşünas Aleksey Malaşenko qeyd edib ki, Dağlıq Qarabağ zonasında gərgin hadisələr vaxtaşırı təkrarlanacaq.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayana qədər qarşıdurma davam edəcək: “Bu gün nizama salınması üçün ilkin şərt yoxdur. Tərəflər öz ənənəvi siyasətini davam edəcək”.

Malaşenko hesab edir ki, Krımdan, Donetskdən və Suriyadan sonra Dağlıq Qarabağda da vəziyyətin dalan girməsi Rusiyanın diskreditasiyasına (nüfuzdan düşməsi) aparır.

“Məhz bu səbəb görə, Rusiya tərəfləri danışıqlar masasına qaytarmağa çalışır. Bununla yanaşı, Moskva ATƏT-in Minsk qrupunda amerikalı və fransız həmkarları ilə həmrəylik nümayiş etdirir. Çünki danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki beynəlxalq proseslər fonunda Rusiyanın nüfuzunun itirilməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edib. Mərkəzin məruzəsində Ermənistanın maraqlarını müdafiə edən erməni lobbisində təmsil olunanlar və onların fəaliyyət detalları olaraq açıqlanır.

Qeyd edək ki, ESİSC 2002-ci ildə Brüsseldə yaradılıb və təhlükəsizlik sahəsində kəşfiyyat mənbələrinin məlumatlarının analizi üzrə ixtisaslaşıb.

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin həbsxanalarda olan təşkilat üzvlərinə şifrəli mesajlar göndərib. Türkiyə mediasının yazdığına görə, pirat radio yayımı vasitəsilə verilən mesajlar kəşfiyyat qurumları tərəfindən müəyyən edilib.

FETÖ üzvü olan polis məmuru Mövlüd Mərd Altıntaş tərəfindən öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla bağlı istintaqda yeni detallar ortaya çıxıb. Qatilə aid kompüterin araşdırılması zamanı məlum olub ki, o, ABŞ-ın Türkiyədəki səfiri Con Bassı da araşdırıb.

Hazırda Kiber Cinayətlər Dairəsi ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Altıntaşın “iPhone” markalı mobil telefonunun şifrəsini qırmaq üçün işlərini davam etdirir. Şifrənin qırılması üçün ABŞ Federal Təhqiqat Bürosu (FTB) dəstək verəcək.

Almaniya kansleri Angela Merkel bundestaqın deputatları qarşısında çıxışında Türkiyə tərəfindən səsləndirilən “nasizm” ittihamlarına toxunub. "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət üzvlərinin Almaniya və nasizm haqqında fikirləri o qədər yersizdir ki, onları ciddi şərh etmək olmaz”, - o deyib.

“Türkiyə əhəmiyyətli bir ortaqdır. Milyonlarla insan ölkələrimizi bir-birinə bağlayır. Amma Almaniya hökumətinin nasizmlə müqayisə edilməsi kədərlidir. Nasizm dövrü ilə bağlı şərhlərə son qoyulmalıdır”, - o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti ədliyyə naziri Bəkir Bozdağın Almaniyada türk diasporunun nümayəndələri ilə görüşünə icazə verməyən Almaniyanın siyasətini nasizmlə eyniləşdirib.

YPG-nin ərazi iddiaları ilə bağlı qurduğu xəyalların gerçəkləşməsinə imkan verə bilmərik. Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Münbicdə YPG ilə qarşılaşsaq, onları vuracağıq. Bunu daha əvvəl də açıq şəkildə ifadə etdik. Bundan başqa, əgər Rusiya PYD-ni dəstəkləsə, bu, bizim üçün heç yaxşı olmaz. Çünki PYD təhlükəsizliyimiz üçün İŞİD qədər təhlükəli təşkilatdır”, - Çavuşoğlu bildirib.

ABŞ isə YPG-nin əsasını təşkil etdiyi “Suriya Demokratik Gücləri”nə dəstəyini davam etdirir. “Əl-Məsdər” nəşrinin yazdığına görə, ABŞ Suriyanın şimalında 400 dəniz piyadaçısı yerləşdirib.

Daha əvvəl isə “Associated Press” agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün bölgəyə təxminən 200 dəniz piyadaçısı və ağır artilleriya yerləşdirib.

“Əl-Məsdər” qeyd edir ki, Amerika dəniz piyadaçıları hazırda “Suriya Demokratik Gücləri”ni əməliyyata hazırlayır. Amerika rəsmilərinin sözlərinə görə, Rakkanın azad edilməsi üzrə döyüş ssenarisi İraqın Mosul şəhərinin azad edilməsi üzrə əməliyyatın ssenarisinə oxşar ola bilər.

Jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib ki, ABŞ-ın iştirak olmadan həll edilə biləcək konflikt yoxdur. Rusiya bundan öncə də dəfələrlə ABŞ-ın qlobal lider olduğunu təsdiqləyib. Ölkə prezidenti Vladimir Putin hətta keçən ilin yekunlarına dair konfransda ABŞ ordusunun dünyanın ən yaxşısı olduğunu da etiraf edib. Rusiya rəsmiləri Vaşinqtonun sadəcə “Moskvaya aid ərazilərə” (postsovet məkanı, Suriya və digərləri buraya aiddir – red.) girməsini istəmirlər.

ABŞ Nümayəndələr Palatası isə Müdafiə Nazirliyinin (Pentaqon) büdcə layihəsini bəyənib. Büdcə layihəsi Pentaqona Rusiyanın silah istehsalçısı olan “Rosoboroneksport” dövlət şirkəti ilə əməkdaşlığı qadağan edir.

Qanun layihəsində göstərilir ki, məhdudiyyət Rusiya şirkətinin Suriya hökumətinə silah çatdırmasını dayandırmasına və Rusiya ordusunun Krımı tərk etməsinə qədər qüvvədə olmalıdır. 2017-ci ilin sentyabrının sonuna kimi qüvvədə olan sənəd hərbi ehtiyaclar üçün 578 milyard dolların ayrılmanı nəzərdə tutur.

“Wikileaks”in “Vault7” adı altında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 8 min 761 məxfi sənədini yayması ilə dünya qarışıb. Yayılan məxfi sənədlər bu günə qədər CİA-dan sızdırılan ən böyük materiallardır.

Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

İraqdan Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani müstəqillik haqqında son bəyanatına cavab gəlib. İraqın iranyönlü Nücəba Hərəkatının sözçüsü Hasim əl-Musavi jurnalistlərə açıqlamasında söyləyib ki, Bərzaninin müstəqil Kürdüstan ideyası reallaşmayacaq.

“Biz Bərzaninin ölkəsinə sadiqlik nümayiş etdirəcək açıqlama verməsini gözləyirik. Bərzaninin müstəqillik arzusu heç vaxt gerçəkləşməyəcək. Buna başda İraq kürdləri olmaqla bütün ölkə əhalisi etiraz edir. Bərzani hökuməti iqtisadi baxımdan pis vəziyyətdədir və o, bu vəziyyəti normallaşdıra bilməyəcək. Müstəqillik Bərzaninin heç vaxt gerçəkləşməyəcək yuxusudur”, – deyə o bildirib.

Xatırladaq ki, Məsud Bərzani Fransanın “La Stampa” nəşrinə müsahibəsində İraq artıq bitdiyini, kürdlər öz dövlətinə sahib olacaqlarını bildirib. “İraqın bütövlüyünü qorumaq istəyirlər. Amma gerçək budur ki, İraq əslində həll edilməsi qeyri-mümkün olan problemlər üzündən bölünüb. Sünnilər və şiələr 1400 ildir ki, qarşı-qarşıyadır. Bu döyüşün qurbanları isə kürdlərdir. Birlikdə həyat düsturu tapılmalıdır. Kürdüstanın müstəqilliyi bu bölgədə sabitlik meydanı yaradar. Kifayət qədər qan və ədalətsizlik gördük”, - kürd siyasətçi vurğulayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin inkişafının aktual məsələləri üzrə keçirilən müşavirədə deyib ki, mühasibatlıq Belarus-Rusiya münasibətlərinin əsasını təşkil etməməlidir. Lukaşenko neft-qaz münasibətlərinin nizama salınmasında Belarusun nə istədiyini aydın şəkildə göstərib.

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında Moskvada görüş baş tutub. Putin görüşdə əsas müzakirə mövzusunun ikitərəfli əlaqələr və İŞİD olduğunu bildirib.

Netanyahu isə Rusiyanın İŞİD-lə mübarizədə mühüm rol oynadığını bildirib. O, 2016-cı ildə Rusiya sayəsində İŞİD-ə qarşı mübarizədə böyük uğurların əldə edildiyini söyləyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>