• USD 1,7008 0,00% EUR 2,0342 0,00%
    • GBP 2,3097 0,00% RUB 0,0294 0,00%

Rus əsgərlərinin Qarabağa GƏLİŞİ, Kremlin "GÖZƏ GÖZ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rus əsgərlərinin Qarabağa GƏLİŞİ, Kremlin "GÖZƏ GÖZ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyada hesab edirlər ki, ABŞ gələcəkdə ölkənin şərq hissəsinə zərbələr endirə bilər. Türkiyənin Tunceli vilayətində helikopter qəzaya çoxsaylı insan itkisi ilə nəticələnib. Koreya yarımadası ətrafında gərginlik davam edir. Məşhur amerikalı politoloq Zbiqnev Bjeziniski Rusiyanın ilhaq etdiyi Krımın bölünməsi təklifini irəli sürüb. Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir. İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadinin tutulduğu barədə xəbər yayılıb.

“Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin olunması Ermənistanın maraqlarına cavab vermir. O, özünü “aprel müharibəsi”ndə də pis göstərdi”. Bu barədə erməni politoloq Manvel Sarkisyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun KTMT-yə baş katib təyin olunmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Xaçaturov Rusiyanın xeyrinə, daha doğrusu, Moskvanın təlimatına uyğun hərəkət edəcək: “Bunu onun bəyanatlarından da görürük. Bu baxımdan, sözügedən təyinat Ermənistan üçün müsbət deyil”.

Dünən Moskva restoranlarından birində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyi keçirildi. Abramyanın ad gününə Ermənistan prezidenti Serj Sarkisyan da gedib.

Sarkisyanla yanaşı, mərasimdə Kremlin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov və Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinoviski də iştirak edib.

Serj Sarkisyanın ad günü mərasimində iştirakı maraqlıdır. Belə ki, A.Abramyanı 2016-ci ildə məhz Sarkisyanın özü ölkədən “yola salmışdı”. 2015-ci ildə Abramyan yeni partiya təsis edərək, parlament seçkilərində iştirak etmək niyyətini açıqladı. Lakin qeyd etdi ki, son qərarını 2016-cı ilin mart ayında verəcək. “Aprel müharibə”si isə hər şeyi qarışdırdı. Çünki Rusiya-Ermənistan münasibətləri pozuldu, bu isə “Putin həmişə haqlıdır” şüarı ilə daxil olmaq istədiyi erməni siyasətinin qapılarını Abramyanın üzünə bağladı.

“Lragir” saytı yazır ki, Abramyanın Moskvadakı ad günündə Peskov, Lavrov və Jirinoviskinin iştirakı Kremlin Sarkisyana qarşı planının hələ də gündəmdə olduğu ehtimalını yaradır. Serj Sarkisyanın isə Moskvadakı ad gününə məhz ona qarşı planları öyrənmək üçün getdiyi deyilir.

ABŞ gələcəkdə Rusiyanın şərq hissəsinə zərbələr endirə bilər. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Hazırda amerikalılar nə edirlər? Onlar hər kəsi yoxlayır və başqa dövlətlərin bombardmanlara necə reaksiya verəcəklərini öyrənirlər. Birinci zərbəni onlar müsəlman dünyasına endirdilər. Ora onlar üçün bir nömrəli düşməndir. İkinci hədəf isə Uzaq Şərqdir. Bu ərazi də onların konflikt yaratmaq planlarına daxildir. Vaşinqton müxtəlif ölkələrdə konfliktlər yaradaraq, onları zəiflədəcək. Bu, ABŞ-a öz müttəfiqlərini bir arada tutub, ən güclü olması üçün lazımdır”, – deyə o bildirib.

Rusiyanın “Russian Helicopters” şirkəti həm hava, həm də dəniz hərbi əməliyyatlarında istifadə olunan əfsanəvi “Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına başlayır. Bu barədə “Russian Helicopters” şirkəti açıqlama yayıb.

Açıqlamada deyilir ki, yaxın vaxtlarda “Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına başlanılacaq. Yeni “Mi-14” döyüş vertolyotları 800 metr dərinlikdə üzən sualtı atom gəmilərini belə görmək imkanına malik olacaq.

Qeyd edək ki, “Mi-14” döyüş vertolyotları düşmənin sualtı atom gəmilərini “5F48” tipi nüvə bombası ilə vurmaq imkanına malikdir. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə “Mi-14” vertolyotlarının yerinə “Ka-27” model helikopterlər istehsal edilməyə başlayıb.

Məşhur amerikalı politoloq, keçmiş SSRİ üzrə mütəxəssis, dövlət xadimi Zbiqnev Bjeziniski Rusiyanın ilhaq etdiyi Krımın bölünməsi təklifini irəli sürüb. Bjeziniski Krımı tamamilə nə Ukraynaya, nə də Rusiyaya verilməsinin tərəfdarı deyil.

Onun fikrincə, yarımadanı orada yaşamış ukraynalı, rus və tatarlar arasında bölmək lazımdır. Rusiya mediası Bjeziniskinin təklifini süngü ilə qarşılayıb və dərhal cavab verib.

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon söhbətinin detalları məlum olub. Türkiyə mediası xəbər verir ki, Ərdoğanı referendumda qazanılan qələbəyə görə təbrik edən Tramp ABŞ və Türkiyənin birlikdə görəcəyi əhəmiyyətli işlərin olduğunu deyib.

ABŞ-ın Suriyada həyata keçirdiyi hava hücumlarına Türkiyənin verdiyi dəstəyə görə təşəkkür edən Tramp rejimin hücumlarına daha çox səssiz qala bilməyəcəklərini bildirb. “Suriya, İraq və PKK mövzusunda əməkdaşlıq edəcəyik. Birlikdə görəcəyimiz əhəmiyyətli işlər var”, - ABŞ prezidenti vurğulayıb.

Türkiyənin Tunceli vilayətində helikopter qəzaya uğrayıb. “Sikorsky S-70 Blackhawk” tipli vertolyot Diyarbəkrdən qalxıb. Onunla rabitə əlaqəsi yerli vaxtla saat 11:50-də kəsilib. Helikopterdəki 7 polis, bir hakim, bir əsgər və ekipajın 3 üzvü olmaqla 12 nəfər həlak olub.

Tokio ilk dəfə özünümüdafiə güclərinin genişləndirilməsi imkanına baxır. Yerli "İomiuri" nəşrinin yazdığına görə, bu addım Şimali Koreya raketlərinin yapon ərazi sularına düşəcəyi halda atılacaq. Nəşr yazır ki, Yaponiyanın ərazi sularına xarici dövlətin raketinin düşməsi “xarici dövlətin silahlı hücumları” anlamına gələcək.

“İndi təsəvvür etmək çətindir ki, Şimali Koreya hərtərəfli silahlı hücumu həyata keçirmək niyyətindədir”, - nəşrin Yaponiya hökumətindəki mənbəyi deyib.

Xatırladaq ki, martın əvvəlində Pxenyan Yaponiyada Amerika hərbi bazalarına zərbələr üçün nəzərdə tutulmuş ballistik raketlərin sınaqlarını keçirib. Üç mərmi Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şimali Koreyaya gözlənilməz addımlarla bağlı xəbərdarlıq edib. "Biz bütün ölkələri hazırki vəziyyətlə əlaqədar təmkinli olmağa çağırırıq. Rusiya Şimali Koreya probleminin nizama salınması istiqamətində ölkələri heç bir yanlış hərəkətə yol vermədən beynəlxalq səviyyədə həll olunmasına dəvət edir", - o deyib.

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Rön isə bəyan edib ki, ABŞ-n günahı üzündən nüvə müharibəsi hər an başlaya bilər.

“ABŞ regionda nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradıb. Bu, dünyada sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Koreya Xalq Demokratik Respublikası Amerikanın istənilən hərbi planlarına cavab verməyə hazırdır. Biz həmçinin lazım bildiyimiz zaman nüvə sınaqlarını davam etdirəcəyik”, - deyə Şimali Koreya rəsmisi vurğulayıb.

“Calexit”i (ABŞ-ın Kaliforniya ştatından ayrılması - red.) dəstəkləyən “Yes California!” hərəkətinin lideri Louis Marinelli Rusiyaya köçməyə hazırlaşır. Bu haqda “Business Insider” nəşri yazıb.

“Mən Rusiyada yeni xoşbəxtliyi tapdım. Rusiya sakinləri məni daimi qəbul etməyə hazırdırsa, mən bu ölkədə öz yeni evimi qurmaq istəyirəm”, - o, öz bəyanatında bildirib.

Hərəkatın lideri qeyd edib ki, yaxın gələcəkdə Kaliforniyaya qayıtmağa hazırlaşmır. Marinelli həmçinin əlavə edib ki, Kaliforniyanın ABŞ-dan ayrılması ideyasını hələ də dəstəkləyir.

İranlı səlahiyyətlilər ölkənin dini lideri Əli Xamneyinin gələcəyi ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub göndərib. Bu haqda İranın keçmiş prezidenti Əbulhəsən Benisədr müxalifətə yaxınlığı ilə tanınan “İranwire” saytına açıqlamasında deyib.

“İran səlahiyyətliləri ABŞ prezidenti Donald Trampa “Xamneyi xəstədir, ölümü yaxınlaşıb. ABŞ tərəfindən İrana təzyiq olmasa, hazırkı hakimiyyət iqtidarda qala bilər. Beləliklə, İraqdakı ayətullah Sistanini Xamneyinin yerinə gətirmək mümkün olacaq” şəklində bir məktub göndərib”, - keçmiş prezident bildirib.

Yaponiya Baş naziri Sindzo Abe ilə görüşü zamanı ABŞ vitse-prezidenti Maykl Pens sülhün güc yolu ilə əldə edildiyini bildirib. O, ABŞ-ın da regionda sülh görmək istədiyini bildirib.

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadi tutulub. Bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin müdiri Xeytam Əbu Səid bildirib.

Qeyd edilir ki, Bağdadi Mosuldan qaçarkən saxlanılıb. Onun Suriya-İraq sərhədində saxlanıldığı bildirilir.

Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir. Britaniyanın baş naziri Tereza Mey seçkilərin iyunun 8-də keçiriləcəyini açıqlayıb.

“Mən indi nazirlər kabinetinin iclasını keçirdim. Biz qərar qəbul etdik ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçiriləcək. Ölkəyə güclü hökumət lazımdır”, - hökumət başçısı Dauninq-strit iqamətgahında çıxışı zamanı bildirib.

Qeyd edək ki, Mey seçkilərin keçirilməsi haqqında qərarı keçirilən son rəy sorğuları fonunda qəbul edib. Sorğulara görə, hakim Mühafizəkarlar Partiyası reytinqini xeyli artırıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>