Nida Təhlil
Stalin azərbaycanlılardan niyə QORXURDU? - Putinin türk xofu və Moskvaya “ÖLÜMCÜL ZƏRBƏ”
Nursutan Nazarbayevin Qazaxıstanda latın əlifbasına
keçid haqda sərəncamı “Astana Moskvanın orbitindən qaçır” sualını
gündəmə gətirdi. Qazaxıstan bu gün Rusiya ilə birgə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həmçinin, Avrasiya İqtisadi
İttifaqının aparıcı ölkəsidir. Nazarbayevin müstəqil siyasətə meyli
bu ölkənin ruslardan asılı olmadığını göstərir. Lakin bu da faktdır
ki, Qazaxıstan Rusiyanın əlinin altında olmasa da, yanında dayanır.
Və belə bir ölkənin itirilməsi Moskva üçün “ölümcül zərbə”
deməkdir.
Qazaxıstanın geri dönüşü
Nazarbayevin inqilabı addımı Moskvada sakit qarşılandı, lakin
həqiqətənmi ruslar bundan narahat deyil? Qazaxıstanda latın
əlifbasına tamamilə keçid 2025-ci ildə tamamlanacaq. Bəlkə də
Moskva hələ vaxtının olduğunu düşünür. Lakin bütün hallarda bu,
qazaxların Rusiyadan mədəni qopmasının əsası ola bilər. Axı latın
əlifbasına keçid Qazaxıstanın tarixi köklərinə qayıdışı və türk
dünyası ilə mədəni yaxınlığı deməkdir. Əgər bir milləti köklərindən
ayırmaq istəyirsənsə, onun dilini, əlifbasını əlindən almalısan.
Tarix bunu sübut edib. Hələ ötən əsrin 30-cu illərində Stalinin
göstərişi ilə “qırmızı imperiya”nın hüdudsuz sərhədləri daxilində
yaşayan müsəlmanların – türklərin əlifbası dəyişdirildi və latın
əlifbasından kiril əlifbasına keçid edildi. Bunun əksinə olaraq,
ermənilər və gürcülərin əlifbası olduğu kimi saxlanıldı. Məqsəd hər
şeydən öncə türklərin tarixi köklərindən uzaqlaşmasını təmin etmək
və türk dünyası, o cümlədən İslam aləmi ilə bağlantılarını kəsmək
idi. Misal üçün, ötən əsrin 30-cu illərində Türkiyə Cümhuriyyətində
Atatürkün göstərişi ilə latın əlifbasına keçid qəbul edildi.
Tarixçilər bunun hər şeydən öncə imperiya müstəmləkəsində olan
Azərbaycanla mədəni əlaqələrin saxlanılması gedişi olduğunu
deyirlər. Bundan dərhal sonra Stalinin göstərişi ilə Azərbaycanda
kiril əlifbasına keçid baş verdi. SSRİ dağılandan sonra Azərbaycan
latın əlifbasına qayıtdı, lakin Qazaxıstanda bu, baş vermədi.
Görünür, müstəqillik əldə edən qazaxlar bu inqilabi hadisəni görmək
üçün 25 il gözləməli imişlər. 25 il sonra Qazaxıstanın latın
əlifbasına keçidlə Rusiyanın mədəni orbitindən ayrılaraq, türk
dünyası ilə daha sıx yaxınlaşmağın əsasını qoyduğunu deyə
bilərik.
Publika.az xəbər verir ki, qazaxıstanlı politoloq
Ruslan Aysin Nazarbayevin əlifba gedişini Rusiya mediasına şərh
edib.
Türk dünyasının sütunu və “təhqir olunmuş”
ruslar
Ruslan Aysin hesab edir ki, həmişə postsovet məkanını öz ideoloji
və siyasi təsir zonası olaraq görən Kremlin təsir amillərindən biri
məhz əlifbadır: “Qazaxıstan Belarus və Qırğızıstanla birgə
Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqına üzvdür.
Moskva bu təşkilata öz şəxsi resursu kimi baxır. Qırğızıstan və
Belarus latın əlifbasına keçmədi, hərçənd bu haqda müzakirələr
gedir. Qazaxıstan isə latın əlifbasına keçidi qəbul etdi. Böyük
türk dünyası çoxdan latın əlifbasından istifadə edir. Qazaxıstan da
özünə türk dünyasının sütunlarından biri kimi baxır, kiril əlifbası
isə bu işdə ideoloji ziddiyyət yaradır. Moskva Qazaxıstanın bu
keçidini ağrılı qəbul etdi və bunu maraqlara xəyanət saydı. Lakin
Astana hesab edir ki, bu, onun öz daxili işidir. Moskva isə bunu
təhqir kimi qəbul edir. Çünki Kreml elitasının müəyyən hissəsi
Şimali Qazaxıstanı Rusiyanın bir hissəsi kimi qəbul edir”.
İmperiya düşüncəsi
Qeyd edək ki, bir müddət öncə mediada Çeçenistanın ərəb əlifbasına
keçmək arzusunun olduğu haqda informasiya yayıldı. Bununla yanaşı,
Kazan da 1990-cı illərdə latın əlifbasına keçmək istəyini
bildirmişdi. Hər iki təşəbbüs Kremldə kəskin etirazla qarşılandı.
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinoviski
isə bunu separatizm adlandırdı. Hətta o, tatarların əlifba
arzusunun arxasında Türkiyənin dayandığını da iddia etməkdən
çəkinmədi.
Ruslan Aysin deyir ki, Rusiya özünü böyük imperiyanın varisi hesab
edir: “İstənilən imperiya hesab edir ki, hər şey şaquli olmalıdır,
dövlət vahid ideyada birləşməlidir. Rusların dəyişikliyə sərt
yanaşması buradan qaynaqlanır”.
Stalinin uşaqlıq travması
Və burada tarixi proses yenidən gündəmə gəlir: Stalin nə üçün gürcü
və erməni əlifbasına toxunmadı, lakin müsəlman əhalisini kiril
əlifbasına keçirtdi?
Ruslan Aysin Stalinin müsəlmanlardan qorxduğunu deyir.
“Onda uşaqlıqdan travma var idi və bu, siyasi mövqeyinə hopmuşdu.
Stalin müsəlmanlara etibar etmirdi. O, müsəlman xalqların ideoloji
sabotajından qorxurdu. Bilirdi ki, bu xalqlar İslama böyük dəyər
verirlər. Müsəlman xalqları mənəvi mirasdan, xüsusilə İslamdan
qopartmaq üçün əvvəlcə ərəb əlifbasından latın əlifbasına, daha
sonra isə kiril əlifbasına keçid edildi”, - deyə o bildirib.
Asif
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov