Sarkisyanın təyyarəsi niyə vurula bilər? - Azərbaycanın imkanları və SSENARİLƏR
Bizi izləyin

Nida Təhlil

Sarkisyanın təyyarəsi niyə vurula bilər? - Azərbaycanın imkanları və SSENARİLƏR

Ermənistan mətbuatı Xocalı aeroportu ilə bağlı yenidən təxribat xarakterli məlumat yayıb. Düşmən tərəfi bəyan edib ki, aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar həyata keçiriləcək. Gün ərzində bir neçə belə uçuşun həyata keçiriləcəyi bildirilib.

Məsələ ilə bağlı AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib ki, Xocalı hava limanının Azərbaycanın Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, “Aviasiya Haqqında” Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib. Uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb.

“Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Aviasiya Haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək”, - idarədən bildirilib.

Xocalı hava limanı və ya Xankəndi hava limanı (1991-ci ilə qədər Stepanakert hava limanı) Azərbaycanın Xocalı rayonunda, hal-hazırda Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunmuş ərazidə, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşən hava limanıdır. Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə olunan hava limanı 2009–2012-ci illərdə əsaslı təmir olunub beynəlxalq hava limanı şəklində istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istifadəyə hələ ki, imkan vermir. Bu səbəbdən hava limanı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən verilən xüsusi kodlara malik deyil.

Obyekt rəsmən 1 oktyabr 2012-ci il tarixində açılsa da, bu günə qədər bir reys belə həyata keçirməyib. Baxmayaraq ki, Ermənistan prezienti Serj Sarkisyan hava limanına uçacaq təyyarənin ilk sərnişinin özü olacağını bəyan edib. Bununla belə, hava limanının fəaliyyətə başlayacağı barədə təxribat xarakterli bəyanatlar və KİV xəbərləri zaman-zaman eşidilir.

Nazirlər Kabinetinin qərarı və Çikaqo Konvensiyası

Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 yanvar 2013-cü il tarixində "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nı müəyyən edib. Nazirlər Kabinetinin qərarında maraqlı məqamlar mövcuddur. Bunlardan ən maraqlısı da əlbəttə ki, respublikanın hava sahəsinə icazə almadan girən mülki təyyarələrin vurula bilməsidir. Qaydalara görə, hava məkanının istifadəçisi uçuş qaydalarını pozarsa və pozuntuları dayandırmaq barədə uçuşları idarəetmə orqanının əmrini yerinə yetirməzsə, Hərbi Hava Qüvvələrinin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (helikopterlər) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edə bilər. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.

Qeyd edək ki, Xocalı aeroportu Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının nəzdində Azərbaycana aid bir hava limanı kimi qeydə alınıb, Təşkilatın siyahısında Xocalı aeroportu “UBES” kodu ilə qeyd olunub ki, “UB” ilə başlayan bütün aeroport kodları onun Azərbaycana aid olduğunu göstərir. Misal üçün qeyd edək ki, Bakı beynəlxalq hava limanı UBBB olarar qeyd olunub.

Qaydalara görə, Azərbaycanın hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Məsələn, Dağlıq Qarabağın üzərindəki hava sahəsi belə bir zona müəyyənləşdirilib. Dövlət Mülki Aviasiya Administrasiyası dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən buna qərar verə bilər. Habelə sərnişin daşınması üçün Azərbaycanın hava sahəsində konkret marşrutlar müəyyənləşdirilə bilər. Əslində bu cür normalar 1944-cü il tarixli Çikaqo Konvensiyasının 9-cu maddəsinə tamamilə uyğundur. Çikaqo Konvensiyasına görə, dövlətin üzərindəki hava sahəsi ticari və mülki uçuşlar üçün açıq olacaqdır, lakin quru ölkəsinin hava məkanı üzərində hegemonluğu saxlanılır (Konvensiyanın 1-ci maddəsi) və daimi, cədvəl üzərinə mülki uçuşlar quru dövlətin icazəsinə tabe olacaqdır (6-cı maddə). Quru dövləti tələb etdikdə, xarici mülki təyyarə enməlidir. Hətta quru ölkəsi təyyarəyə baxış keçirə bilər.

Dağlıq Qarabağ Azərbaycanın ərazisi sayıldığına görə, ölkəmizin müvafiq icazəsi olmadığı üçün, bu zonaya uçuşlar həyata keçirilə bilməz.

Azərbaycan hansı əks addımlar ata bilər?

Beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev bildirib ki, Çikaqo Konvensiyasına görə, Azərbaycanın ərazisi beynəlxalq qurumlar tərəfindən mübahisələnmədiyi üçün ölkənin hava məkanında uçuşlar tamamilə Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən tənzimlənir. O bildirib ki, Dövlət Mülki Aviasiya Administrasiyası müharibə şəraitinə görə hava məkanını bağlayır.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, uçuşlar başlayarsa, Bakı ilk növbədə müvafiq beynəlxaql qurumlara müraciət etməlidir.

Politoloq bildirir ki, Azərbaycanın müraciətləri nəzərə alınmırsa, yaxud da İrəvan göstərişlərə əməl etmirsə, bu halda ölkəmiz hava məkanını qorumaq məsuliyyətini özündə saxlayır: “Burada söhbət artıq mülki və yaxud hərbi təyyarədən getmir. Hər hansı bir yad cisim ölkənin hava məkanına daxil olarsa, onların məhv edilməsi və qırıcılarla endirilməsi də daxil olmaqla istənilən təhlükəsizlik tədbirləri görülə bilər. Düşünürəm ki, Ermənistan uçuşlara başlamağa risk etməməlidir. Çünki, Azərbaycanın bütün ərazisində hava məkanını qorumaq üçün çox müasir raket kompleksləri mövcuddur. Düşünürəm ki, radar sistemləri hava məkanında yad cismi qeydə alan kimi ölkənin silahlı qüvvələri hərəkətə keçə bilər. Bundan başqa, iki mühərrikli hansısa kiçik təyyarələrin uçuşlarına razılıq verilərsə, əmin olun ki, sabah hərbi təyyarələr də Ermənistandan Xocalı aeroportuna enəcək. Sadəcə olaraq, bu, nəbzin yoxlanılmasıdır”.

Rusiya barmağı?

Müsahibimiz vurğulayıb ki, Xocalı aeroportuna uçuşların başlanması haqqında xəbərləri yalnız Ermənistanın təxribatı kimi düşünmək doğru olmazdı. N.Miri prosesin arxasında Rusiyanın dayandığını ifadə edib:

“Doğrudur, İrəvan maraqlıdır ki, Xocalı aeroportu fəaliyyətə başlasın. Lakin fikrimcə, bu məsələnin yenidən qaldırılmasının arxasında bilavasitə Rusiya dayanır. Son hadisələr Azərbaycan əleyhinə böyük bir prosesin getdiyinin təzahürüdür. Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi, Ermənistana böyük silah partiyasının veriləcəyi haqqında informasiyaların dövriyyəyə buraxılması, Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsi və Rusiya mediasında Azərbaycan əleyhinə yazılar da daxil olmaqla anti-Azərbaycan kampaniyasının getdiyini müşahidə edirik. Xocalı aeroportu barədə informasiyanın dövriyyəyə buraxılması da, düşünürəm ki, Rusiyadan qaynaqlanır. Bütün bunların hamısı Azərbaycana təzyiq elementləri kimi istifadə olunur. Azərbaycan hakimiyyəti də bu siyasi oyunların arxasındakı niyyətləri anladağı üçün ortaya bütün səviyyələrdə sərt reaksiyasını qoyur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm