Ermənistan Qarabağa görə Türkiyəyə YALVARIR – Ankara bu gün HÜCUMA KEÇƏCƏK
Bizi izləyin

Nida Təhlil

Ermənistan Qarabağa görə Türkiyəyə YALVARIR – Ankara bu gün HÜCUMA KEÇƏCƏK

Bu gün NATO-nun sammitinin gedişatı bir çox məsələyə aydınlıq gətirəcək.

Avropa Komissiyasının xarici məsələlər və təhlükəsizlik üzrə komissarı Federika Moqerini Avropa Birliyi-Ermənistan əməkdaşlığının növbəti şura iclasında türk-erməni münasibətlərinə toxundu və qeyd etdi ki, Brüssel münasibətlərin düzəlməsinə kömək etməyə hazırdır.

Publika.az
xəbər verir ki, Moqerini ilə görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da türk-erməni münasibətləri haqda təxmini eyni ifadələri işlətdi.

Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi ilə bağlı məsələnin indi gündəmə gəlməsi suallar yaradır. Çünki Türkiyə Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ və digər əraziləri işğal etməsini əsas tutaraq, İrəvanla heç bir diplomatik əlaqələr qurmur, həmçinin, artıq 20 ildən çoxdur ki, sərhədlərini bağlayıb. 2009-cu ildə münasibətlərin düzəlməsi ilə bağlı imzalanmış Sürix protokolları da arxivə göndərilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəfələrlə Türkiyəyə “ilkin şərt olmadan münasibətləri düzəldək” çağırışı havada asılı qalıb. Maraqlıdır ki, vəziyyətin belə olduğu haqda Ermənistanla Avropa Birliyinin münasibətlərinə həsr olunmuş iclasda türk-erməni məsələsi niyə yenidən gündəmə gətirilir, hədəf nədir?

Burada ilkin səbəbin Brüsselin siyasəti olduğu görünür. Avropanın Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarmaq planı həmişə mövcud olub. Bunun üçün mütləq mənada Türkiyə ilə sərhədlərin açılması və İrəvana Avropaya çıxış üçün dəhliz verilməlidir. Lakin bu məsələdə təkcə Brüsselin yox, İrəvanın da öz maraqları var.

Erməni jurnalist Sarqis Artsruninin dedikləri bu kontekstdə diqqət çəkir.

“İrəvan bütün imtinalara rəğmən Ankaradan hələ də xahişlərini edir. Çünki Ermənistan Avropa Birliyinə çıxış üçün Türkiyənin əsas dəhliz olduğunu anlayır. Güman ki, iclasda türk-erməni münasibətləri məhz İrəvanın istəyi ilə gündəmə gətirilib. Nalbandyan da Moqerini ilə arxa planda bunu müzakirə edib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə qapılarını İrəvanın üzünə bağlayıb. İrəvan Ankaradan dəfələrlə xahiş edib ki, “Qarabağ olmadan müzakirə edək”. Görünür, bu xahiş yenidən ediləcək. Buna görə də əvvəlcə Brüsselin bəyanatının səslənməsi lazımdır. Çünki Ermənistan hakimiyyəti hələ də ümidini itirməyib”, - deyə jurnalist qeyd edir.

Diqqət çəkən digər məqam isə bu gün Brüsseldə keçiriləcək NATO sammitidir. ABŞ mediası yazır ki, sammitdə müzakirə ediləcək əsas məsələlərdən biri Türkiyə-NATO münasibətləri olacaq. Buna səbəb Türkiyənin Avstriya ilə əməkdaşlıq haqda NATO-nun qərarına veto qoymasıdır. Analitiklərin fikrincə, Türkiyənin vetosu NATO-nun 40-dan çox ölkə, o cümlədən Ukrayna və Gürcüstanla əməkdaşlığına da mane ola bilər.

Ehtimallara görə, Türkiyənin Avstriya ilə bağlı vetosunun bir sıra səbəbləri var: 1. Avstriya Türkiyənin Avropa Birliyinə girişinə qarşı çıxır. 2. Almaniya Bundestaqı bir müddət öncə qondarma “erməni soyqırımı” haqda qərar qəbul etdi, həmçinin, Berlin Ankaraya qarşı bir çox xain planda yer alır, yaxud bu planların birbaşa təşkilatçısıdır. Belə demək mümkünsə, Türkiyə bu veto ilə demarş edir.

Analitiklər hesab edirlər ki, Türkiyə sammitə hazırlıqlı gəlib və bu gün Avropa Ankaranın sərt hücumu ilə qarşılaşa bilər.

Brüsseldə Türkiyəyə təzyiq ediləcəyi gözləniləndir. Məhz bu sammit öncəsi Brüsseldə Avropa Birliyi-Ermənistan münasibətlərinə həsr olunmuş iclasda türk-erməni yaxınlaşması haqda bəyanatlar nə dərəcədə təsadüf ola bilər?!

Ehtimallar belədir ki, Türkiyəyə ediləcək təzyiqin hədəfi Ankaranı vetodan imtina etməyə və bir sıra qərarlar qəbul etməyə məcbur etməkdir. Burada Ermənistanla sərhədlərin açılması məsələsinin olması da istisna deyil. Hər-halda bu gün NATO-nun sammitinin gedişatı bir çox məsələyə aydınlıq gətirəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm