Zərdüşt Əlizadə "Qətər böhranı"nı şərh edir: "Pulları artdıqca, hissləri də qabarır..."
Bizi izləyin

Nida Təhlil

Zərdüşt Əlizadə "Qətər böhranı"nı şərh edir: "Pulları artdıqca, hissləri də qabarır..."

"Qətər öz xəttindən geri çəkilməyəcək".

Bazar ertəsi ərəb dünyasında növbəti qalmaqal qopdu. Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqladı.

Böhranın əsl səbəbləri hansılardır və necə nəticələnə bilər?

Publika.az-a müsahibəsində politoloq Zərdüşt Əlizadə “Ərəb böhranı” ilə əlaqədar fikirlərini bildirib.

- Qətərə qarşı hücumlar bu dövlətin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırılır. Siz göstərilən bu səbəblərlə razısınızmı?

- Ərəb dövlətlərinin başında zəngin insanlar, zəngin şeyxlər dayanır. Onların pulu artdıqca, “mənəm-mənəmlik” hissləri də qabarır. Bir-birinə itaət etməmək və baş qaldırmaq böhranın səbəblərindən biridir. İkinci səbəb dünyagörüşlərdə olan fərqlərdir. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı və Qətərin hər ikisi şahənşahlıqdır, Qətərin dünyagörüşü daha müasirdir, sanki daha müasir şahənşahlığın tərəfdarıdır. Unutmayaq ki, Qətərdə “Əl-Cəzirə” kimi qərbsayağı telekanal yerləşir və ənənəvi islamı müasir dövrün tələblərinə uyğunlaşdırır. Bu, Səudiyyənin əsla xoşuna gəlmir. Nəhayət, unutmayaq ki, Qətər ərəb dünyasında “Müsəlman Qardaşları” hərəkatını dəstəkləyir. Qətər Misirin demokratik yolla seçilən ilk prezidenti olan Məhəmməd Mursinin devrilməsinə etiraz etmişdi. Qətər bu məsələdə Türkiyə ilə həmrəydir. Bu isə ordu generalları tərəfindən həyata keçirilən çevrilişi dəstəkləyən dövlət başçılarının, ilk növbədə Səudiyyə Ərəbistanının kralının xoşuna gəlmədi. İndi Qətərə qarşı diplomatik və istisadi məhdudiyyətlər tətbiq ediblər. Amma, unutmayaq ki, ölkə ərazisində Amerika əsgərləri var. Onlar razı olarmı ki, başqa dövlətlər Qətərdə hansısa çevriliş etsinlər?

- Rusiya mediası və rus analitikləri ərəb ölkələri ilə Qətər arasındakı münaqişəni şərh edərkən ABŞ prezidenti Donald Trampın bölgəyə iki həftə əvvəl etdiyi səfərə diqqət çəkirlər. Siz ərəb böhranı ilə sözügedən səfər arasında hansısa bağlılığın olduğunu düşünürsünüzmü?

- Tamamilə gerçək iddialardır. Burada təsadüf ola bilməz. Tramp gəldi və ərəb ölkələrini İrana qarşı birləşməyə çağırdı. İstənilən halda Trampın bu səfəri ilə Qətərə qulaqburması vermək, onu diz çökdürmək və Səudiyyə xəttinə gətirmək cəhdlərinin bir-birinin ardınca baş verməsi təsadüf deyil. ABŞ istəmir ki, Qətər İranla yaxınlaşsın. Amerika sinni-şiə qarşıdurmasından və Səudiyyə-İran rəqabətindən istifadə etmək istəyir. Yəni, başqalarının əli ilə öz maraqlarını müdafiə etmək istəyir. Qətər əmiri bunu o qədər böyük həvəslə getmədi.

- Belə görünür ki, Qətər ərəb ölkələrinin hücumları qarşısında çox tez geri çəkildi. Ölkənin xarici işlər naziri uzlaşmaya və dialoqa hazır olduğunu bəyan etdi. Doha münasibətləri normallaşdırmaq üçün hansı güzəştlərə gedə bilər, ümumiyyətlə böhranın inkişafını necə görürsünüz?

- Hesab edirəm ki, Qətər öz xəttindən geri çəkilməyəcək.

- Türkiyə qarşıdurmada iştirak edən cəbhələrdən konkret olaraq kimisə dəstəkləmədi və tərəfləri dialoqa çağırdı...

- Türkiyə çalışacaq ki, bu məsələdə bitərəf mövqeyini saxlasın.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm