Rus və ABŞ kəşfiyyatının bir-birinə qarşı ölüm-dirim savaşı barədə DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Nida Təhlil

Rus və ABŞ kəşfiyyatının bir-birinə qarşı ölüm-dirim savaşı barədə DƏHŞƏTLİ FAKTLAR

2007-ci ilin fevralında “Dateline NBC” xəbərlər proqramında Rusiya dissidenti Aleksandr Litvinenkonun Londonda sirli ölümü haqqında danışırdılar. Proqramın bəzi iştirakçıları iddia edirdilər ki, o, Rusiya lideri Vladimir Putinin əmri ilə öldürülə bilərdi.

“Dateline NBC”in qonaqları arasında olan və Putini ittiham edənlərdən biri də keçmiş dövlət məmuru və Rusiya üzrə ekspert Pol Coyal idi. Dörd gün sonra Coyala yağışlı bir axşam Merilend ştatının Adelfi şəhərindəki evinə yaxınlaşanda iki kişi hücum edir. Coyal onlardan birini yerə yıxır və bu anda o, öz partnyoruna “onu öldür” deyir. İkinci kişi 9 millimetr kalibrli tapança ilə Coyalı nişan alaraq tətiyi basır. Elə bu vaxt it hürür, Coyalın arvadı işığı yandıraraq çölə çıxır. Kişilər isə qaçırlar.

ABŞ-ın “The New Yorker” nəşri yazır ki, həmin hadisədən 10 il vaxt keçsə də Rusiyanın ABŞ-da gizli fəaliyyəti aktual olaraq qalır. Ortaya isə “Coyala Rusiya dövləti əmri ilə hücum etdilər?” və “Rusiya dövləti ABŞ-da insanları öldürür?” kimi suallar çıxır.

Xəstəxanada bir neçə ay yatan Coyal sağalır, amma cinayət açılmamışdı. Cinayət işinin istintaqını Federal Təhqiqatlar Bürosu (FTB) aparırdı və hücum edənlərin kimliyi bilinmədi. Coyalın özü hesab edir ki, hücumu Putin dostlarından biri olan “oliqarx” təşkil edib. Rusiya üzrə bəzi mütəxəssislər güman edirlər ki, o haqlıdır.

“Fikrimcə, onlar Coyala siqnal vermək fikrində idilər”, - Dövlət Departamentinin keçmiş böyük analitiki və Coyalın dostu Pol Qobl bildirib.

Pol Qobl

“Rusiya agentləri Avropa və Yaxın Şərqdə siyasi opponentləri öldürürlər”. Bu nəticəyə Böyük Britaniya parlamentinin komissiyası gəlib. Komissiya hərtərəfli araşdırmanı aparıb və nəticəyə gəlib ki, dissident Litvinenkonu Rusiya agentləri öldürüblər. Və “ola bilər ki, Putin əmri ilə”. Litvinenko Putini ittiham edirdi ki, o Rusiya jurnalisti Anna Politkovskayanı öldürməyi əmr edib. Jurnalist 2006-cı ildə vurulmuşdu. O, həmçinin Rusiyada bir neçə çoxmənzilli binada partlayışa görə Federal Təhlükəsizlik Xidmətini ittiham edirdi. Bildirilirdi ki, məqsəd Çeçenistan Respublikasında genişmiqyaslı müharibə üçün xalq dəstəyini təmin etmək idi.

2000-ci ildə Böyük Britaniyaya qaçan Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenko 2006-cı ilin sentyabr ayında 43 yaşında Londonda vəfat edib. İstintaqın məlumatına görə, ölümdən əvvvəl Litvinenko keçmiş həmkarları – Andrey Luqavoy və Dmitri Kovtunla görüşərək çay içiblər.

“BuzzFeed” nəşri yaxın vaxtlarda öz səhifələrində analitik məqalələrin seriyasını dərc etdi. Məqalələrdə sirli şəraitdə Britaniyada ölmüş bir neçə Rusiya dissidenti və Putin tənqidçisinin ölümləri araşdırılırdı. 2012-ci ilin noyabrında Rusiya biznesmeni Aleksandr Perepeliçniy Surrey qraflığında öz evinin yaxınlığında yıxılaraq ölür. O, Rusiya haqda informasiyaları İsveçrəyə vermişdi. Biznesmen dostlarına danışırdı ki, Kremlin qisasından qorxur. Perepeliçniyin mədəsində olduqca nadir zəhərin izlərini aşkarlanır. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlardan məlum olur - biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki - “Gelsemium elegans”ın zəhərindən ölüb. Bu zəhər iysizdir, dadsızdır. Amma cüzi dozası insanı öldürmək üçün kifayət edir.

Perepeliçniyin qətlə yetirilməsi barədə olduqca məxfi hesabat ABŞ Milli Kəşfiyyat Agentliyi direktorunun Katibliyi tərəfindən ötən il tərtib edilib. Konqres üçün hazırlanmış məruzədə xüsusi xidmət orqanları “böyük əminliklə” bildirirdilər ki, biznesmeni Rusiya dövlətinin göstərişi ilə öldürmüşdülər.

Aleksandr Litvinenko

Rusiya və postsovet məkanı üzrə ekspert Pol Qobl bildirir ki, “soyuq müharibə” dövründə Birləşmiş Ştatlar və Sovet İttifaqı bəzən bir-birinin casuslarını və fərariləri öldürürdü. Amma onun sözlərinə görə, bunu öz rəqibinin ərazisində etmirdi.

“Çox aydın və dəqiq qaydalar mövcud idi. Biz heç vaxt heç kəsi onların ərazisində öldürmürdük”, - Qobl deyib.

O, bir istisnanı yada salır: sovet agenti Valter Kriviskiy. Sovet agenti 1938-ci ildə Birləşmiş Ştatlara qaçaraq Molotov-Ribbentrop paktının imzalanması ilə bağlı Stalinin gizli hədəfi barədə xəbər verdi (1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında on il müddətinə bir-birinə hücum etməmək barədə Molotov-Ribbentrop paktı bağlandı. Həmçinin ona əlavə olaraq Avropanı nüfuz dairələrinə bölmək barədə gizli protokol da imzalandı. Gizli protokolda Almaniya əvvəllər Rusiya İmperiyasına daxil olmuş Finlandiya, Latviya, Estoniya və Bessarabiya üzərində SSRİ-nin maraq dairəsini tanıdı. Tərəflər Polşanı bölüşdürmək barədə də razılığa gəldilər – red.)

Kriviskiyi gicgaha atəş açmaqla öldürdülər. Polis o zaman bunu intihar adlandırdı. Ancaq agentin tanışları əmin idilər ki, o öldürülüb.

Qobl hesab edir ki, hazırkı Rusiya köhnə qaydalara diqqət yetirmir.

Mixail Lesin

“ABŞ-da cinayət işlərinin bütöv seriyası şübhə doğurur. Onlardan biri Mixail Lesinin işidir. O, 5 noyabr 2015-ci ildə Vaşinqtonda “DuPont Circle” mehmanxanasının nömrəsində ölü tapıldı. Vaşinqton polisinin məlumatına görə, Lesin baş, boyun, bədən, ayaqlar və əllərə küt predmetlərlə zərbələrdən ölüb. O, Rusiyada olduqca nüfuzlu fiqur idi: keçmiş nazir, Putinin məsləhətçi, Qərbdə Kremlin təbliğatçılıq platforması olan “Russia Today” kanalının banisi. 2010-cu ildə keçmiş yüksək vəzifəli sovet kəşfiyyatçısı Sergey Tretyakov 53 yaşında qəflətən öldü”, - Qobl vurğulayıb.

Tretyakov 2000-ci ilədək Amerika kəşfiyyatına 5 minə yaxın məxfi məlumatı və Rusiya kəşfiyyatının fəaliyyəti haqda 100-dən çox qiymətli sənədi ötürüb. “Yoldaş Ceyn” ləqəbli Tretyakov 1995-ci ildə Rusiyanın BMT-dəki nümayəndəliyinin rəhbəri təyin olunub. Bundan əvvəl isə Kanadadakı Rusiya səfirliyində diplomat adı altında işləyib. Lakin Amerika xüsusi xidmət orqanları müəyyən ediblər ki, Tretyakov əslində diplomat yox, kəşfiyyatçıdır və ABŞ-da Rusiya kəşfiyyat şəbəkəsinin rəhbəridir. Bir müddət sonra Amerika xüsusi xidmət orqanları onu ələ alıb, Tretyakov ikili agent kimi işləməyə başlayıb. 1997-ci ildə Tretyakov qaçmağa və açıq şəkildə Amerika xüsusi xidmət orqanlarının tərəfinə keçməyə cəhd göstərib. Lakin Federal Təhlükəsizlik Xidməti buna mane olub və Tretyakov 2000-ci ilədək Rusiya kəşfiyyatının sirlərini Amerikaya ötürüb. Nəhayət, 2000-ci ildə SBR Tretyakovdan şübhələnib və kəşfiyyatçı bundan duyuq düşərək arvadı və iki uşağı ilə birlikdə Amerika xüsusi xidmət orqanlarının tərəfinə keçib. Ona dərhal ABŞ-da siyasi sığınacaq verilib və güclü mühafizə ilə təmin olunub.

Floridada şəxsi evində Tretyakovun ölümü FTB və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) diqqətini cəlb edib. Amma Florida ştatının Sarasota şəhərinin baş patoloqanatomu Russell Veqa bildirir ki, Tretyakovun ölümü sui-qəsdin nəticəsi deyil. Onun toyuğun böyük tikəsi ilə boğulduğu bildirilir. Tibbi ekspertiza zamanı məlum olub ki, Tretyakov ölüm anında güclü sərxoş idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm