Nida Təhlil
Azərbaycan uğrunda döyüş YENİ MƏRHƏLƏDƏ - Bakının əlini gücləndirən əhəmiyyətli İKİ GEDİŞ
Azərbaycanın regionda əhəmiyyəti artır; Gözü açıq yatan
canavarlar kimi üz-üzə dayanmış ABŞ və Rusiya toqquşmasında Bakı
manevr çevrəsini genişləndirir; O cümlədən, Bakı uğrunda hər iki
cəbhə bütün kartlarını sona qədər oynamaq qərarına gəlib, hərçənd,
bu, gərginlik atmosferi vəd etsə də, bu oyunda Azərbaycan
maraqlarının təmin edilməsi perspektivləri aydın
görünür.
Dünən iki hadisə siyasi gündəmin əsas mövzusu idi: Bakıda “Əsrin
müqaviləsi”nin yenilənməsi ilə bağlı mərasim keçirildi; Moskvada
isə “Prezident” hotelində “Moskva-Bakı oxu” adlı konfrans baş
tutdu.
Bu iki hadisənin mərkəzində Azərbaycan dayanır, lakin burada həm də
Qərblə Rusiyanın gizli mübarizəsinin təzahürləri də görünür.
Azərbaycan hər iki halda qazanclı çıxır.
“Əsrin müqaviləsi”: 1994-cü ildə dünyanın enerji
xəritəsini dəyişən bu müqavilənin XXI əsrdə yenilənməsi Azərbaycan
üçün iqtisadi və siyasi dividendlər vəd edir.
İqtisadi dividendlər
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda mövcud neftin istehsalı
üçün yenilənən sazişdə SOCAR-ın iştirak payı 25 faiz müəyyən
edilib. Bununla yanaşı, beynəlxalq tərəfdaş şirkətlər SOCAR-a 3,6
milyard dollar bonus ödəyəcək. Sazişə əsasən, qarşıdakı 32 il
ərzində AÇG-yə 40 milyard dollar sərmayə qoyulacaq. Bu, 1994-cü
ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra indiyə qədər
Azərbaycana qoyulan 33 milyard sərmayədən 7 milyard çoxdur. İndiyə
qədər ölkəmizə qoyulan 33 milyard sərmayə Azərbaycanın iqtisadi
inkişafında əsas rol oynayıb, bundan sonra isə Azərbaycan
iqtisadiyyatı ən azı 30 il də inkişaf xəttini davam etdirəcək və
təbii ki, neftdən əldə ediləcək pullar iqtisadiyyatın digər
sahələrinə transfer ediləcək. Yəni Azərbaycan növbəti 30 il üçün
iqtisadi inkişafını indidən qarantlaşdırdı. Və qarşıdakı dövrdə hər
bir vətəndaş bu sazişin gətirdiyi dividendləri öz həyatında hiss
edəcək.
Siyasi dividendlər
Təbii ki, iqtisadi əməkdaşlıq avtomatik olaraq siyasi münasibətlərə
də təsir edir. Bu baxımdan, saziş Azərbaycanın Qərblə siyasi
əməkdaşlığını gücləndirəcək:
- Beynəlxalq müstəvidə Azərbaycanın imici daha da
möhkəmlənəcək.
- Azərbaycanın maraqlarının təmin olunması, xüsusilə Dağlıq Qarabağ
münaqişəsində ədalətli həllin tapılması imkanları genişlənəcək.
- Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanın üzərinə hücum edən
erməni lobbisinin qarşısında da mövqelərimizin güclənəcəyini deyə
bilərik.
***
Bu, əhəmiyyətli hadisə fonunda Moskvada “Prezident” hotelində
Azərbaycan və Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı
oxu: Qafqazın yeni geosiyasəti” adlı konfransın keçirilməsi
diqqətdən yayınmadı. Azərbaycan Rusiya ilə bərabərhüquqlu
tərəfdaşdır, lakin Moskvanın Bakıda “Əsrin müqviləsi”nin
yeniləndiyi gündə belə bir təşəbbüsü heç də təsadüfi deyil.
Burada ilk növbədə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması
ərəfəsində Bakıda Rusiya və Amerikanın məcazi mənada desək,
apardığı “müharibə” yada düşür.
ABŞ siyasətinin xaç atalarından hesab olunan Zbiqnev Bjeziniski
“İkinci şans” kitabında bu haqda belə yazır: “Bill Klinton
rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən
dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə
layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi
və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin
oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə
etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi
məndən Klintonun şəxsi məktubunu Azərbaycan Prezidenti Heydər
Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana
gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş
etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün
Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə
bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi.
Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün
çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən
Azərbaycan Prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında
görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın
təşəbbüsü ilə bağlı öhdəlik götürdüyünü xəbər verdim. Bu gün
Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz
enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm
töhfədir”.
Məşhur siyasətçinin bu sözləri diplomatik müharibənin səviyyəsini
təsəvvür etməyə imkan verir. Bu, həm də dahi siyasətçi Heydər
Əliyevin onilliklər sonrasını ustalıqla görə bilməsini, o cümlədən,
bu gün İlham Əliyev eyni ağıllı manevrləri davam etdirdiyini sübut
edir.
Rusiyanın geosiyasi maraqları uğrunda manevrləri isə ortadadır.
Bütün bunların fonunda dünən “Prezident” hotelindəki toplantı
təsadüfi deyildi. Təbii ki, Bakıda yeni sazişin imzalanması
Moskva-Bakı oxunda hansısa çatların yaranması deyil, sadəcə olaraq,
Rusiya öz imkanları çərçivəsində Azərbaycanın dostluğunu qüvvədə
saxlayır.
Bu prosesdə iki faktor önə çıxar:
1. Rusiyanın hədəfi Qərblə müharibədə Azərbaycanı yanına çəkmək,
yaxud ən azından, Bakının neytrallığını təmin etməkdir. “Prezident”
hotelində Rusiya və Azərbaycan xalqının dostluğu haqda
danışılanlar, o cümlədən, Kremlin ideoloqu hesab olunan Aleksandr
Duqinin Ermənistana “5 rayonu Azərbaycana qaytar” mesajı verməsi
buna hesablanmışdı. Kremlin manevri deməyə əsas verir ki, dünən
Rusiya və Qərbin Bakı uğrunda döyüşü yeni mərhələyə qədəm
qoydu.
2. Lakin Rusiyanın bu addımı Azərbaycanı çətin vəziyyətdə
qoymayacaq, əksinə, Bakı yaranmış vəziyyəti öz xeyrinə çevirməyə
çalışır. Azərbaycan siyasətçilərinin Moskvadakı konfransda iştirakı
da buna hesablanmışdı. Bakıda Qərblə saziş imzalayan Azərbaycan
rəhbərliyi eyi vaxtda Moskvaya nümayəndə heyəti göndərərək, balans
mövqeyini nümayiş etdirdi.
Ümumi mənzərə: Azərbaycan böyük miqyasda iqtisadi
dividend qazandı; Qərblə əməkdaşlıqda yeni mərhələyə başlandı, o
cümlədən, Rusiya küsdürülmədi, əksinə, Moskva-Bakı oxunda
münasibətlər gücləndi; Qərblə Rusiya arasında balans siyasətini
yenilədi; Hər iki cəbhədə Azərbaycan maraqlarının müdafiəsi, o
cümlədən, Dağlıq Qarabağ məsələsində əlavə manevrlər əldə etdi.
Hesab etmək olar ki, Bakının dünən həyata keçirdiyi iki proses
Qərbdə erməni lobbisinin qarşısına sədd çəkəcək, Rusiya isə
Azərbaycanla münasibətləri nəzərə alaraq, Ermənistana münasibətdə
ən azı iki dəfə düşünməli olacaq. Təbii ki, böyük siyasətdə hər şey
birdən yox, tədricən əldə edilir...
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO